Məhkəmə qərarları › İş №2-1(116)-2956/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2956/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2956/2023 18.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaşqaçay bələdiyyəsinin 29 iyul 2014-cü il tarixli, 07 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün verilmiş 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Qaşqaçay bələdiyyəsinin 29 iyul 2014-cü il tarixli, 07 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün verilmiş 1200 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2956/2023 saylı qərardadı ilə Qax rayonu Qaşqaçay bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçının nümayəndəsi, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “tələbdə qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 2014-cü ildə iddiaçı tərəfindən Qax rayon Qaşqaçay Bələdiyyəsinə müraciət edilərək ona fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsinin satılması xahiş edilmişdir. Müvafiq yoxlamalar və sənədləşmə işləri aparıldıqdan sonra Qax rayon Qaşqaçay Bələdiyyəsinin 29 iyul 2014-cü il tarixli, 07 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin dəyəri Qax rayon Qaşqaçay Bələdiyyəsinin hesabına ödənilmişdir. Daha sonra ona verilmiş 1200 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq olaraq A№515123 olan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X4 kitabında 25 dekabr 2014-cü ildə 2528 nömrə ilə qeydə alınmışdır. Həmin dövrdən bu günə kimi torpaq sahəsi onun istifadəsində olmuşdur. İddiaçı, mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin qurum tərəfindən ona verilmiş 01 avqust 2023-cü il tarixli, cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin ayrılması barədə Qax rayon Qaşqaçay Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 07 saylı qərarı ilkin olaraq bələdiyyəyə məxsus olduğundan həmin torpaq sahəsinin adına qeydiyyata alınması mümkün deyildir. Sözügedən torpaq sahəsi üzərində Qax rayon Qaşqaçay Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin torpaq sahəsi bələdiyyə tərəfindən alqı-satqı edilə bilər. İddiaçı, həmin imtina cavabını əsassız hesab edir. Belə ki, Qax rayon Qaşqaçay Bələdiyyəsinin 29 iyul 2014-cü il tarixli, 07 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün satılmış 1200 kv.m torpaq sahəsi həmin dövrdən bu günə kimi heç bir maneə olmadan iddiaçının istifadəsində olmuşdur. O, bələdiyyənin qəbul etdiyi və digər dövlət qurumlarının da tanıdığı qərara güvənərək həmin torpaq sahəsində yaxşılaşdırma işləri görmüş, torpaq sahəsinin hər il vergisini ödəmişdir. Həmçinin iddiaçıya verilmiş 1200 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq olaraq A№515123 olan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X4 kitabında 25 dekabr 2014-cü ildə 2528 nömrə ilə qeydə alınmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 13 iyun 2023- cü il tarixdə ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsinin ayrılması barədə Qax rayonu Qaşqaçay Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 07 saylı qərarı ilkin olaraq bələdiyyəyə məxsus olduğundan həmin torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması mümkün deyildir. Sözügedən torpaq sahəsi üzərində Qax rayonu Qaşqaçay Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin torpaq sahəsi bələdiyyə tərəfindən alqı-satqı edilə bilər. Məhkəmə iclasında iddiaçı nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax rayonu Qaşqaçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 18 nömrəli arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixində 034 №-li çek vasitəsi ilə 1200 (bir min iki yüz) manat vəsaiti kapital bank vasitəsi ilə bələdiyyə hesabına ödəmişdir. - Qax rayon Qaşqaçay bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 saylı qərarından görünür ki, sözügedən iclasda aşağıda qeyd edilən məsələlərlə bağlı qərar qəbul edilmişdir:

1. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında "Azərbaycan Reşpublikası Qanunun 16-cı bəndinə müvafiq olaraq yuxarıda adı qeyd olunan vətəndaşa satılması nəzərdə tutulan torpaq sahələri üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma praseduruna başlansın.

2. Mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahələrinin planı və ölçüsü sənədlərini hazırlayaraq torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyə təqdim edilməsi Azərbaycan Respublikasının DT və XK-nin Qax rayon şöbəsindən xahiş olunsun.

3. Bələdiyyənin satış məqsədi ilə çıxarmaq istədiyi bu torpaq sahələri üzərində mülkiyyət hüququnun qanunvericilikdə müəyyən edilmiş Daşınmaz Əmlakın Dövlət reysterində qeydiyyata alınaraq Dövlət reysterindən çıxarışın eləcədə qeydiyyata alınmış hüququn məhdudlaşdırılmasına/yüklüyünə dair arayışın verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsindən Xahiş edilsin.

4. Qərarın icrasına nəzarət etmək Ə. Ramazanova tapşırılsın. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəylərindən görünür ki, Qax rayon Qaşqaçay bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 saylı qərarı ilə bələdiyyənin ehtiyat fondundan həyətyanı məqsədilə İddiaçı ayrılmasına etiraz edilməmişdir. - Qax rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 140 nömrəli məktubundan görünür ki, Qaşqaçay kənd sakini İddiaçı həyətyanı məqsədi üçün satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi barədə rəydə satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf planında uyğun ərazi olması, ərazidə başqa tikinti nəzərdə tutulmaması, torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz edilmədiyi qeyd edilmişdir. - A 515123 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Qaşqaçay bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 nömrəli qərarı əsasında 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. İddia tələbi Qaşqaçay bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 07 saylı iclas protokolunun qərarına əsasən sözügedən torpaq sahəsinin iddiaçıya satılması ilə əsaslandırır. İstinad olunan bələdiyyə qərarının məzmunundan görünür ki, faktiki olaraq iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmış və bu məqsədlə zəruri sənədləşmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Həmin qərarın 3-cü bəndində torpaq sahəsinin bələdiyyənin satış məqsədi ilə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq Dövlət reysterindən çıxarışın eləcədə qeydiyyata alınmış hüququn məhdudlaşdırılmasına/yüklüyünə dair arayışın əldə edilməsi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi bələdiyyənin xx.xx.2014-cü il tarixli 07 saylı qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. Yəni, bələdiyyə iddia olunan torpaq sahəsini iddiaçıya satmaq niyyətində olmuş və bu məqsədlə zəruri sənədləşmə işlərinə başlamış, həmin torpaq sahəsini gələcəkdə iddiaçıya satmaq niyyətində olmasını qərarında bəyan etmişdir. Lakin faktiki olaraq sənədləşmə işləri başa çatdırılmadığından torpaq sahəsinin iddiaçıya satılması baş verməmişdir. Sözügedən torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi və plan-ölçü sənədinin tərtib edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni, istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, bələdiyyə tərəfindən ona satıldığını iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaşqaçay bələdiyyəsinin 29 iyul 2014-cü il tarixli, 07 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün verilmiş 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar