Məhkəmə qərarları › İş №2-1(116)-296/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-296/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-296/2020 18.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X7, İddiaçının nümayəndəsi və vəkili X12, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı “8124 (səkkiz min bir yüz iyirmi dörd) manat 57 (əlli yeddi) qəpik ödənilməmiş pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ünvan 1 ünvanında yaşayır. X8 onun bacısı olmuşdur. O əqli cəhətdən xəstə olduğundan məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. X19 mülkiyyət hüququ ilə ona məxsus olmuş Zaqatala şəhəri S.Qazıyeva küçəsi 20 nömrəli evin 5 nömrəli mənzilində yaşamışdır. Onun atası X9 20.09.1987-ci ildə, anası X10 05.02.2005-ci ildə, qardaşı X11 25.02.2014-cü ildə vəfat etmişdir. X1 başqa vərəsəsi olmadığına görə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 15 may 2017-ci il tarixli 89 nömrəli sərəncamı ilə X2 üzərində qəyyum təyin edilmişdir. Ümumiyyətlə bacısı həmişə onun himayəsində olmuş, bacısının baxılmasını, bütün ailə şəraitini o təmin etmişdir. 2008-ci ildən ona pensiya təyin edilmişdir. Əlavə staja görə pensiya hesablanması üçün 2017-ci ildə Zaqatala rayon Məhkəməsinə iddia vermiş və məhkəmənin 20 iyun 2017-ci il tarixli 2(033)-1125/2017 nömrəli qətnaməsi ilə X3 01.09.1989-cu il tarixdən 03.02.1992-ci il tarixədək X15 işləməsi, həmin illərin sığorta stajına daxil edilməsi faktı müəyyən edilmişdir. X2 26 sentyabr 2019-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçı yeganə vərəsə kimi Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş və onun adına 15.10.2019-cu il tarixdə V-574 nömrə ilə vərəsəlik işi açılmış, iddiaçı X3 vərəsəsi kimi qeydiyyata alınmış və bu barədə məlumat Ədliyyə Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdir. X6 Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsindən 18.11.2008-ci ildən 01.10.2019-cu ilə kimi 8124 (səkkiz min bir yüz iyirmi dörd) manat 57 (əlli yeddi) qəpik ödənilməmiş pul vəsaiti qalmışdır. Həmin vəsaitin alınması üçün Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə müraciət etmişdir. Lakin şöbə ona vərəsəlik və məhkəmədən ödəniş üçün qətnamə olmadığından vəsaitin ödənilməsindən imtina etmiş və ona şikayət etməyi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etməyi üçün arayış təqdim etmişdir. Lakin sonradan ona bildirmişlər ki, məhkəmə qətnaməsi olarsa, vəsaitin ödənilməsi təmin ediləcəkdir. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin imtinası əsassızdır. Çünki X1 yeganə sağ qalmış vərəsəsi odur. Bundan əlavə ona məxsus olan vəsaitin də məhkəmə qətnaməsi olmadan ona ödənilməsində heç bir mübahisə mövcud deyil. Cavabdehin etirazının dəlilləri: İddiaçı iddia ərizəsində qeyd etdiyi X8 «X16» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 12.05.2017-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə müraciət etmiş və ona 18.11.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə ödənilirdi, lakin pensiyaçı X8 26.09.2019-cu il tarixində vəfat etdiyindən onun pensiyası qanuna müvafiq olaraq 01.10.2019-cu il tarixindən dayandırılmışdır. Nəticədə F.Həsənovanın 8124,57 manat ödənilməmiş pensiya qalığı yaranmışdır. Bildirirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 8124,57 manat ödənilməmiş pensiyanın ödənilməsi Qanunvericiliklə mümkün deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur.Onlara Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti başçısının 15.05.2017-ci il tarixli Sərəncamı, Zaqatala Rayon Məhkəməsinin 20.06.2017-ci il tarixli 2(033)-1125/2017 saylı Qətnaməsi, AZE seriyalı ******** nömrəli X4 surəti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin 30.10.2019cu il tarixli **********4 nömrəli, 31.10.2019-cu il tarixli **********3 nömrəli arayışları və 16.12.2019-cu il tarixli məktubu, Qeydiyyat və Notariat Baş İdarəsinin Zaqatala rayon 2 saylı Notariat Ofisinin 24.10.2019-cu il tarixli 885 nömrəli məktubu, 02.10.2019-cu il tarixli AZ-İİ seriyalı 039520 nömrəli, 09.10.2019-cu il tarixli 1479 nömrəli 09.10.2019-cu il tarixli 1475 nömrəli, 10.10.2019-cu il tarixli 1481 nömrəli ölüm haqqında şəhadətnamələrin surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin əsaslıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı X3 bacısı və qəyyumu olmuşdur. X3 atası X9 20.09.1987-ci ildə, anası X10 05.02.2005-ci ildə, qardaşı X11 25.02.2014-cü ildə vəfat etmişdir. X3 ölümündən sonra iddiaçı yeganə vərəsə kimi Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş və onun adına 15.10.2019-cu il tarixdə V-574 nömrə ilə vərəsəlik işi açılmış, iddiaçı X3 vərəsəsi kimi qeydiyyata alınmış və bu barədə məlumat Ədliyyə Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdir. X8 26.09.2019-cu il tarixində vəfat etdiyindən onun pensiyası 01.10.2019-cu il tarixindən dayandırılmışdır. Nəticədə onun 8124,57 manat ödənilməmiş pensiya qalığı yaranmışdır. “X16” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən X16 Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. X16 Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-ci maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-ci maddəsinə əsasən Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasənvəAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin üzərinə X6 verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış 8124 (səkkiz min bir yüz iyirmi dörd) manat 57 (əlli yeddi) qəpik əmək pensiyası məbləğinin İddiaçı ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar