Məhkəmə qərarları › İş №2-1(116)-296/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-296/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-296/2021 26.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 08.02.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 13.10.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixində anadan olmuşdur. İddiaçı yaş həddi 60-dan keçdikdən sonra qanunla müəyyən olunmuş qaydada pensiya almaq məqsədilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 30.01.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyinə baxmayaraq, həmin müddət və yaranmış pensiya kapitalı Pensiya ALT Sistemində (PAS)-da qeydə alınmamışdır. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək qanunauyğun deyil. İddiaçı 30.03.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı 08.02.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 30.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 30.04.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının əmək kitabçası üzrə 15 il 1 ay 28 gün stajı vardır. Beləliklə, xx.xx.1958-ci il təvəllüdlü İddiaçıntn əmək pensiyası hüququnun yaranmasına səbəb olan yaş həddinə (61 yaş) 08.02.2019-cu ildə çatmasına baxmayaraq 25 il sığorta stajı olmadığından əmək pensiyası hüququ yoxdur. Əmək pensiyaları haqqında qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi hesablanır. İş materiallarına əsasən iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı istifadə edən şəxs olduğunu iddia edir. Təqdim olunan ödəniş qəbzinin 06 dekabr 2012-ci il tarixli olduğunu nəzərə olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin “qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır” tələbinə əsasən qanunvericilik aktlarının həmin dövrə məxsus redaksiyası nəzərə alınmalıdır. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Sosial Sığorta haqqında qanunun 13-cü və 14-cü maddələri yeni redaksiyada verilmişdir. Həmin qanunun 13-cü maddəsinin birinci hissəsinin əvvəlki redaksiyasında deyilirdi: Qeyrikommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. 14-cü maddəsinin 3-cü hissəsinin 3-cü bəndinin əvvəlki redaskiyasında deyilirdi: mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə — 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə — 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə — 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə — 2 faizi miqdarında; Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əmr № 440 09 avqust 2006-cı il tarixli “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” qaydalarının 2-ci hissəsinin 7-ci bəndinə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri — mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan bir ay müddətində DSMF orqanlarında uçota alınmalıdırlar. Həmin qaydaların 2-ci hissəsinin 15-ci bəndinə əsasən, Torpaq mülkiyyətçiləri kimi DSMF orqanında uçota alınmamışdan əvvəl mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri özlərini və ailə üzvlərini sığortaolunanlar kimi torpağın olduğu ərazi (torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ünvan) üzrə DSMF orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota almalıdırlar. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əmr № 440 09 avqust 2006-cı il tarixli “Məcburi dövlət sosial sığorta haqqının toplanması” qaydalarınn 47-ci bəndinə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri (sığortaedənlər) 6 №-li rüblük və illik hesabat təqdim edirlər. Əmək pensiyaları haqqında qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, qeyd olunan maddəyə əsasən, iddiaçının həm əmək fəaliyyət dövrü olmalıdır, həm də bu dövr üçün məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçı həm sığortaedən, həm də sığortaolunan kimi torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ünvan üzrə DSMF orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota durmalı, rüblük və illik hesabat təqdim etməli idi. İş materiallarından da göründüyü kimi iddiaçı sığortaedən kimi uçota durmayıb, rüblük və illik hesabat təqdim etməyib, lakin 12.02.2013-cü ildə sığortaolunan kimi uçota alınıb. İddiaçı tərəfindən təqdim olunan qəbz 06.12.2012-ci il tarixə, yəni sığortaolunan kimi uçota alındığı dövrdən (12.02.2013) əvvələ təsadüf etdiyi üçün əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul oluna bilməz. Beləliklə, qeyd olunanlara əsasən həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 06.12.2012-ci il tarixli, 39 nömrəli qəbzdən görünür ki, iddiaçı 9 manat 30 qəpik MDSS üzrə ödəniş etmişdir. İş materiallarında olan Balakən rayon Gərəkli bələdiyyəsinin 01.09.2020-ci il tarixli, 82 nömrəli arayışı və Gərəkli kənd inzibati ərazi dairəsinin 01.09.2020-ci il tarixli arayışında qeyd edilir ki, iddiaçının adında AİK-nın 69 nömrəli Dövlət Aktına əsasən 0.19 ha pay torpaq sahəsi olmuşdur. 31.01.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X1. İş materiallarında olan 434900 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə İddiaçı arasında 20.11.1978ci ildə nikah bağlanmışdır. İş materiallarında olan 027706 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1972-1976-cı illərdə “X3”nda təhsil almışdır. İş materiallarında olan ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 15.03.1976-11.05.1980-cı illərdə texnoloq, 01.09.1981-02.01.1982-ci illərdə “Oktyabr“ kolxozunda metodist, 01.09.1987-02.09.1994-cü və 01.11.1994- 01.04.1995-ci illərdə Gərəkli kənd orta məktəbində “qarderobçu”, 01.04.1997-01.07.2000ci illərdə Gərəkli kənd orta məktəbində laborant vəzifəsində işləmişdir. İş materiallarında olan JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 və İddiaçı verilmişdir. İş materiallarında olan ******* nömrəli, 31.01.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X6 və İddiaçı 0.39 ha torpaq sahəsini X2. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuş və onun 61 yaşı 08.02.2019-cu il tarixdə tamam olmuşdur. Cavabdehin imtinasının və etirazının dəlili iddiaçının sığortaedən kimi uçota durmaması, rüblük və illik hesabat təqdim etməməsi, yalnız 12.02.2013-cü ildə sığortaolunan kimi uçota alınması, həmçinin iddiaçı tərəfindən təqdim olunan qəbz 06.12.2012-ci il tarixə, yəni sığortaolunan kimi uçota alındığı dövrdən (12.02.2013) əvvələ təsadüf etdiyi üçün həmin qəbzin iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilməməsidir. Əmək Pensiyaları haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30.11.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 08 fevral 2019-cu il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçı 2012-ci ildə torpaqdan sosial sığorta haqqı ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən beş il əvvəl ödəmişdir. “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində sığorta şəhadətnaməsi tərtib edilmiş, yuxarıda vurğulandığı kimi, iddiaçı 2012-ci ildə məcburi dövlət sığorta haqqı ödəmişdir. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması, həmçinin iddiaçının sığortaedən kimi uçota durmaması, rüblük və illik hesabat təqdim etməməsi, yalnız 12.02.2013-cü ildə sığortaolunan kimi uçota alınması, həmçinin iddiaçı tərəfindən təqdim olunan qəbz 06.12.2012-ci il tarixə, yəni sığortaolunan kimi uçota alındığı dövrdən (12.02.2013) əvvələ təsadüf etdiyi üçün həmin qəbzin iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilməməsi barədə cavabdehin dəlillərini məhkəmə əsaslı saymır. İddiaçı 2012-ci ildə məcburi dövlət sığorta haqqı ödəmişdir və həmin ödənişin cavabdeh tərəfindən pensiya alt sistemində (PAS) qeydə alınmaması iddiaçının günahı deyil, əksinə cavabdehin müvafiq qurumunun qanunvericiliklə üzərinə qoyulmuş vəzifəyə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək“ mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1307/2021 saylı, 04.08.2021-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 08.02.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 08.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar