Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2963/2023 21.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cabbarova (Qurbanlı) Tərgül Sadiq qızının cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “Qəbələ rayon Hacıallı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1988-ci il tarixli 09 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında göstərilmiş “Abbasova” soyadının “Qurbanlı” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon Hacıallı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1988-ci il tarixli 09 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında göstərilmiş “Abbasova” soyadının “Qurbanlı” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.1988-cı ildə Qəbələ rayonu Şamlı kəndində anadan olmuşdur. xx.xx.1988-ci il tarixdə Keçmiş Qutqaşen rayonu (hazırkı Qəbələ rayonu) Hacallı kənd soveti tərəfindən Xİİ-JQ 480398 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir Həmin şəhadətnamədə iddiaçının adı, soyadı və ata adı qrafasında “X4” valideynlərinə dair məlumat ata qrafasında “X5”,ana qrafasında isə “X6” qeyd edilmişdir.Bu uyğunsuzluqların aradan qaldırılması üçün cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, xx.xx.1988-ci il tarixində Qəbələ rayon Hacallı kənd İ.Ə.N tərəfindən tərtib edilmiş 09№ doğum haqqında akt qeydini nəzərdən keçirərək uşaq haqqında məlumat qrafasında soyad “Abbasova” yazılmışdır. Həmçinin iddiaçının əlində mövcud olan Xİİ-JQ № 480398 saylı xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamədə soyadda qaralama var. Doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün heç bir əsas olunmadığından iddiaçınn soyadının “Qurbanlı” ya dəyişdirilməsi münkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Xİİ-ЖГ seriyalı 480398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə Cabbarova (Qurbanlı) Tərgül Sadiq qızına doğum haqqında şəhadətnamə verilmişdir.
2. 28.09.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,vəsiqə Cabbarova (Qurbanlı) Tərgül Sadiq qızına verilmişdir.
3. 28.09.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cabbarova (Qurbanlı) Tərgül Sadiq qızı xx.xx.1988-cı il tarixdə doğulmuşdur.
4. xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X4 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır.
5. Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1988-cü il tarixli 09 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Tərgül”, soyadı “Abbasova”, atanın adı “Sadiq” doğum tarixi “xx.xx.1988-ci il” kimi qeyd edilmişdir
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-502/2023 nömrəli məktubuna əlavə edilmiş iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Tərgül”, soyadı “Cabbarova”, ata adı “Sadiq”, doğulduğu yer Qəbələ rayonu Şamlı kəndi, doğulduğu il xx.xx.1988-cı il, həyat yoldaşı X2, oğlu X8, qızı X7 və X3, ünvanı Mingəçevir şəhəri Babək küçəsi göstərilmişdir.
7. Qəbələ rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubu;
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı doğum haqqında akt qeydində “soyadı” qrafasına düzəliş edilməklə soyadının “Qurbanlı” kimi qeyd olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cabbarova (Qurbanlı) Tərgül Sadiq qızına aid digər sənədlərdə soyadı “Abbasova” olaraq deyil, “Qurbanlı” olaraq qeyd edilmiş, həmin soyadla nikaha daxil olmuşdur. Qəbələ rayonu Hacallı kənd soveti tərəfindən verilmiş iddiaçıya məxsus Xİİ-ЖГ seriyalı 480398 nömrəli nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki,iddiaçın soyadı “Qurbanlı” olaraq dəyişdirilmiş,həmin düzəliş icra nümayənədliyinin möhürü ilə təsdiq edilərək “ düzəlişə inanmalı” qeydi edilmişdir.Lakin,dəyişikliyi etmiş inzibati orqan inzibati icraat aparmalı olduğu halda bunu etməmiş,müvafiq düzəlişlə bağlı qeydiyyat aparmamışdır.Bununla belə iddiaçıya şəxsiyyət vəsiqəsi və digər sənədlər verilərkən Şəhadətnamənin mötəbərliyi dövlət orqanları tərəfindən qəbul edilərək “Qurbanlı” soyadına uyğun digər sənədlər verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Qəbələ rayon qeydiyyat şöbəsinin üzərinə Cabbarova (Qurbanlı) Tərgül Sadiq qızı barəsində Qəbələ rayon Hacıallı kənd İƏD nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1988-ci il tarixli 09 saylı Doğum haqqında akt qeydində “uşaq haqqında məlumat qrafası”nda “Abbasov” soyadının “Qurbanlı” soyadına düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə