Məhkəmə qərarları › İş №2-1(116)-2974/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2974/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2974/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 11 saylı iclas qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 13 saylı iclas qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2974/2023 nömrəli qərardadı ilə Şəki bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə Şəki bələdiyyəsinə ərizə ilə müraciət edərək ev tikmək üçün həyətyanı torpaq sahəsi satılmasını xahış etmişdir. Müraciətinə baxlaraq Şəki şəhər Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 13 saylı iclas protokolu ilə 121-ci kvartaldan iddiaçıya 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır Qərar əsasında sözü gedən torpaq sahəsinə DTXK-nın Şəki Rayon Şöbəsi tərəfindən “Torpaq sahəsinin sxematik planı” işlənmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsi üçün 600 AZN pul ödənmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 12 saylı Şəki ərazi idarəsinə təhvil verilmiş məlumatlarda Şəki şəhər Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 13 saylı iclasının 91 nömrəli qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt barədə məlumat mövcud olmadığından, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair tərtib edilmiş alqı-satqı aktının mövcudluğu barədə arxiv sənədi təqdim edilmədiyindən, beləliklə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumatın aşkar olunmadığı müəyyən edilmişdir. Buna görə də onun ərizəsinin icrası tərəfindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Şəki Bələdiyyəsinin mülkiyyətinə 600 AZN ödəniş edilmişdir.

3. Şəki şəhər Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 13 saylı iclasının 91 nömrəli qərarı ilə İddiaçı Şəki Bələdiyyəsi ərazisindən 600 kv.m torpaq sahəsi ayrılmışdır.

4. DTXK-nın Şəki rayon şöbəsinin xx.xx.2007-cı il tarixli 3229 nömrəli rəyindən görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

5. Şəki ŞİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2007-cı il tarixli 13/1828 nömrəli məktubundan görünür ki, Şöbə 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir.

6. A seriyalı 519475 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 600 kv. metr torpaq sahəsi Şəki şəhər Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 13 saylı iclasının 91 nömrəli qərarı ilə İddiaçı adına verilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-4177/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin faktiki olaraq 578 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası tikintialtı torpaqlar kimi göstərilmiş Şəki bələdiyyəsinin mülkiyyətində olan ərazidir.İddiaçının nümayəndəsinin bildirdiyinə görə hal-hazırda roepaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Torpaq sahəsinin döngə nöqtələri, faktiki sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Faktiki istifadə olunan torpaq sahəsi təqdim edilmiş ayrılmış torpaq dairəsinə dair SXEM göstərilən torpaq sahəsi ilə uyğunluq təşkil edir. İddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki şəhər Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 13 saylı iclasının 91 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılan 600 kv.metr satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsinin 578 kv.m hissəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi istinad etdiyi alğı-satqı predmeti olan torpaq sahəsi üzərində İsmayıllı bələdiyyəsinin hüquqlarının qeydə alınmadığı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibаti orqаnlаrın inzibаti prаktikаsınа fiziki və yа hüquqi şəxslərin etimаdı qаnunlа qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 13 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılan 600 kv.metr torpaq sahəsinin 578 kv.metr hissəsi onun istifadəsində və sahibliyindədir. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən Şəki Bələdiyyəsinin hesabına ödənilmişdir.İddiaçının faktiki istifadəsində 578 kv.metr torpaq sahəsi olduğundan iddia iddia qismən təmin edilməli, cavabdehin üzərinə Şəki şəhərində yerləşən A seriyalı 519475 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsindən onun faktiki istifadəsində olan 578 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 13 saylı iclas qərarı ilə iddiaçıya ayrılmış 578 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar