Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-298/2020 14.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 08 may 2017-ci il tarixdə 2-ci qrup ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək 252,17 manat, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək 266,55 manat olmaqla hesablanıb ödənilmişdir. 2019-cu ilin 01 yanvarından pensiya məbləği azaldılmış, aylıq pensiya məbləğindən isə pensiya məbləğinin bir hissəsi tutulmağa başlanmışdır. Cavab olaraq cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 11 dekabr 2018-ci il tarixli əmrinə uyğun olaraq Cavabdehndə aparılmış araşdırma nəticəsində iş stajında uyğunsuzluq aşkar olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı Nəbi oğluna xx.xx.2017-ci il tarixdə İİ qrup ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı üçün şöbəyə təqdim etdiyi sənədlər əsasında xx.xx.2006-cı il tarixədək 30 il 03 ay 28 gün, xx.xx.2006-cı il tarixdən pensiya almaq hüququ yarandığı günədək 08 il 06 ay sosial sığorta stajı, cəmi 38 il 09 ay 28 gün sosial sığorta stajı nəzərə alınaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq 236.49 manat, Azərbaycan Respublikası Prezidentinin mövcud Qanunvericiliyinə əsasən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 252.17 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 266.55 manat pensiya hesablanıb ödənişi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2018-ci il tarixli **********7 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Cavabdehndə aparılan araşdırması nəticəsində İddiaçı Nəbi oğlunun iş stajında uyğunsuzluq aşkar olunmuşdur. İş stajı hesablanarkən xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 33 saylı Yol İstismar idarəsində işlədiyi dövrlə hərbi xidmədə olduğu dövrün eyni vaxta təsadüf etməsinə baxmayaraq iş stajına daxil edilmiş və eyni zamanda xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək Ali məktəbdə təhsil aldığı dövr iş stajına daxil edilmişdir. Mövcud Qanunvericiliyə əsasən Təhsil müddəti 01 yanvar 2006-cı il tarixdən iş stajına daxil deyildir. Odur ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 33 saylı Yol İstismar idarəsində işlədiyi dövr və xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil aldığı dövr iş stajına daxil olmadığı üçün göstərilən dövrlər hesablanmadan çıxarılmışdır. Nəticədə xx.xx.2006-cı il tarixədək 24 il 08 ay 18 gün və xx.xx.2006-cı il tarixdən pensiya almaq hüququ yarandığı günədək 08 il 06 ay sosial sığorta stajınıza əsasən, cəmi 33 il 02 ay 18 gün olmaqla pensiya xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 222.89 manat hesablanmalı olduğu halda düzgün olmayaraq 236.49 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 236.88 hesablanmalı olduğu halda 252.17 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 250.38 manat hesablanmalı olduğu halda 266.55 manat hesablanıb ödənilmişdir. Nəticədə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə 464.11 manat artıq pensiya məbləği yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 7 fevral tarixli 933 saylı Sərəncamına uyğun olaraq pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən 257.89 manat pensiya hesablanıb hal-hazıradək ödənişi təmin edilir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı 03526533 nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019cu il tarixli **********9 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********0 nömrəli etiraz məktubu, KB seriyalı 015062 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, AT-İİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil alması KB seriyalı 015062 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdehin xx.xx.2019-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixindən İİ grup ümümi xəstəlikdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Halhazırda pensiyanın məbləği 236.49 manat, iş stajı isə 38 il 09 aydır. Təhsil aldığı illər məhkəmə qərarına əsasən sosial sığorta stajına daxil edilərsə, aylıq pensiyası artırıla bilər. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinə qədər Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsiöhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-298/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-298/2020
14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver