Məhkəmə qərarları › İş №2-1(116)-298/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-298/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-298/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15rşı "Oğuz rayonu Bayan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon XDS İK-in xx.xx.1993-cü il tarixli 11 nömrəli qərarına əsasən, Oğuz rayon Bayan kolxozunun ümumi yığıncaq qərarı ilə İddiaçı Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra, həmin torpaq sahəsi Oğuz Rayon Torpaq Şöbəsinin və Oğuz rayon Bayan kolxozunun nümayəndələrinin iştirakı ilə iddiaçıya təhvil verilmiş və bununla bağlı xx.xx.1995-ci il tarixli müvafiq akt tərtib edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********07 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi JN-159M və JN-159B nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşlara məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də torpaq sahəsinin faktiki göstərilən yerdə qeydiyyata alınması mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Oğuz rayon Bayan kəndində torpaq islahatı aparılarkən 0,10 ha torpaq sahəsi X11 müvafiq qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə verilməli olduğu halda, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd hazırlanmamışdır. Həmin torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(054)-797/2017 nömrəli qətnaməsinə əsasən, sözügedən torpaq sahəsinə onun istifadə və sərəncam vermək faktı müəyyən edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********61 nömrəli iddiaya etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, qeyd olunan torpaq sahəsi JN- 159 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən X1 və ailə üzvlərinin mülkiyyətində olmaqla mövcud elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı çoxillik əkmə kimi öz əksini tapmışdır. Həmin torpaq sahəsi X1 ailə üzvlərinin istifadəsindədir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Oğuz Rayon XDS İK-in xx.xx.1993-cü il tarixli 11 nömrəli qərarından görünür ki, Oğuz rayon Bayan kolxozunun ümumi yığıncaq qərarı ilə İddiaçı Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması qərar alınmışdır. - İşdə olan, xx.xx.1995-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi Oğuz Rayon Torpaq Şöbəsinin və Oğuz rayon Bayan kolxozunun nümayəndələrinin iştirakı ilə iddiaçıya təhvil verilmişdir. - İşdə olan, JN-01xx xxx 40501028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"dan görünür ki, Oğuz RAİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə 1,78 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X5, X6, X10, X7 verilmişdir. - İşdə olan, Oğuz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(054)-797/2017 nömrəli qətnaməsindən görünür ki, Oğuz rayonu Bayan kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı istifadə və sərəncam vermək faktı müəyyən edilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********07 nömrəli imtina məktubundan görünür ki, iddiaçının faktiki göstərdiyi torpaq sahəsi JN-159M və JN-159B nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşlara məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də torpaq sahəsinin faktiki göstərilən yerdə qeydiyyata alınması mümkün deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakı dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, torpaq islahatı zamanı xx.xx.2006-cı ilədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas verir. Lakin müəyyən edildi ki, iddiaçıda bu sənədlərin heç biri mövcud deyil. Digər tərəfdən, müəyyən edildi ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X=706375.6598 Y=4544549.9756 Z=442.1761 X=706395.6502 Y=4544544.8249 Z=442.1761 X=706405.7296 Y=4544541.7988 Z=442.1761 X=706414.0808 Y=4544510.1777 Z=442.1761 X=706390.1009 Y=4544505.4872 Z=442.1761 X=706385.9055 Y=4544516.5301 Z=442.1761 X=706380.9868 Y=4544535.0097 Z=442.1761 İddiaçı torpaq sahəsinin ona həyətyanı məqsədi ilə verildiyini bildirsə də, hazırda həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bundan başqa, həmin torpaq sahəsi JN-1xx xxx 40501028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə X2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, belə olan halda, 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil və cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X15rşı "Oğuz rayonu Bayan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ tanıyan sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar