Məhkəmə qərarları › İş №2-1(116)-298/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-298/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-298/2024 02.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdə təyin edilmiş 1-ci dərəcə əlilliyin ləğv olunduğu tarixdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar təyin edilmiş 2-ci dərəcə əlillik təyinatının dəyişdirilməsi, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdə təyin edilmiş birinci dərəcə əlilliyin ləğv olunduğu tarixdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Göyçay rayonundu anadan olmuş və həmin ünvanda qeydiyyatdadir, lakin xəstəliyi ilə əlaqədar Bakı şəhərində kirayədə yaşayır. 1980-ci ildən 2012-ci ilədək dövlət idarə və təşkilatlarında işləmiş,hazırda ağır yataq xəstəsidir, gözləri görmür, hərəkət edə bilmir, ev şəraitində müayinə edilərək əlillik təyin edilməsinə ehtiyac vardır, bu barədə tibb müəssisəsinin göndərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə müraciət edildi, əvvəllər bır çox vaxtlarda cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə iddiaçıya cavabdeh tərəfindən tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə İ dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir.Lakin həmin tarixdən təqribən bır ay sonra elektron altsistemə baxış keçirən zamanı məlum oldu ki, iddiaçının əlillik təyinatına qanunsuz müdaxilə edilərək 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir.Cavabdeh tərəfindən uzun müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilmədiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, məhkəmə qaydasında müraciətinin həll edilməsini qanuna müvafiq hesab edir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və köməkçi diaqnostik müayinələrin nəticəiəri ağırlaşmaları əsaslandırmadığından, xəstəliyin xarakterinə görə müalicə müddəti yetərli olmadığından əlillik təyinatı aparmaq mümkün olmamış və hər iki halda əlilliyin təyinindən imtina qərarları verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı 2010-cu ildən özünü xəstə hesab edir, ambulator şəkildə mütəmadi müalicələr alıb, son dövrlərdə vəziyyəti ağırlaşdığına görə stasionar müalicə alıb. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 tarixə kimi Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasında “Revmatoid artirit.poliartiritik forma, Aktivlik İİ dərəcə, oynaqların lll-İV mərhələ funksional çatmamazlığı" diaqnozu ilə stasionar müalicə olunub. Daha sonra İddiaçınm əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində qiymətləndirilmiş və hər iki halda göndərişdə olan məlumatlar əsasında əlillik təyinatı aparmaq mümkün olmamış və imtina qərarı verilmişdir.Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən olundu ki, düzgün bədən quruluşuna malikdir, dəri və görünən selikli qişaları adi rəngdədir. Dəri altı piy qatı normal inkişaf etmişdir. Tənəffüsün dəqiqəlik sayı 18-dir, ağciyərlərin ekskursiyası normaldır. Baxış zamanı hər iki əl barmaqlarında oynaqlar deformasiyalıdır. Şişkinlik müşahidə edilir. Əl barmaqlarında hərəkət kəskin ağrılıdır, bükmə və açma hərəkətləri ləngiyib, oynaqlarda hərəkət məhdudluğu müşahidə edilir. Sağ topuq oynağı şişkindir, deformasiya olunub, oynaqda hərəkət məhdud və ağrılıdır. Hər iki diz oynağında hərəkət ağrılıdır, ağrı hesabına hərəkət məhdudlaşıb. Xəstənin təqdim etdiyi X3 PHŞ-də xx.xx.2023-cü il tarixdə aparılmış oynaqların rentgen müayinəsində “Hər iki mil biləkdə oynağı əmələ gətirən sümüklərdə litik və sklerotik dəyişiklər aşkar olunur, sümüklər diffuz osteoparotikdir. Falanqarası oynaq yanğı qeyri-bərabər daralmışdır, oynağı əmələ gətirən sümüklərdə litik və sklerotik dəyişiklər izlənilir. Hər iki diz sümüklərində* travmatik dəyişiklər aşkar olunmadı, oynaq yarıqları medialda asimmetrik olaraq daralmışdır. Qamış sümüyünün kondiluslararası çıxıntıları hamardır, oynağı əmələ gətirən sümüklərin subxonndral səthləri sklerozlaşıbdır və sümüklər osteoparotikdir. Hər iki aşıq baldır oynağında oynaq yarıqları daralmışdır, sümüklərdə osteoparotik və osteosklerotik dəyişiklər izlənir, sol daban sümüyünün alt hissəsində osteofit izlənir" qeyd edilməklə yekun nəticə olaraq “revmotid artritin gec əlamətləri” nəticəsi müəyyən edilmişdir. Xəstənin hazırkı vəziyyəti Nazirlər Kabinetinin 30 dekabr 2015-cİ il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir, lakin hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 5.3.1.2.bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən iki il müddətinə orqnizmin funksiyalarının iki il müddətinə 80% pozulması ilə əlilliyin təyini barədə qərar verildi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

2. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə əlillik təyin edilmişdir.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki,iddiaçıya iki il müddətinə orqanizm funksiyalarının 80% pozulması ilə əlillik təyin edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-161/2023 nömrəli qərarının surəti.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli Qərarı.

6. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-14-4/2-2654/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən elektron qiymətləndirilir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin E00081032BQP nömrəli göndərişi əsasında xx.xx.2023-cü ildə elektron qaydada qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"nın 8.1.2. və 5.3.1.1. bəndlərinə uyğun olaraq “Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs” səbəbi ilə xx.xx.2023-cü i! tarixindən 2 il müddətinə orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, Şəki İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli. 2-1(116)-161 /2023 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2023-cü ildə Agentlikdə ətraflı əyani müayinə olunmuşdur. Müayinə zamanı əl sümüklərində, hər iki mil-bilək, diz və aşıq- baldır oynaqlarında osteosklerotik dəyişikliklər müəyyən edilmişdir. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarının 5.3.1.2. bəndinə uyğun olaraq(D-z: Revmatoid poliartirit, seropozitiv forma) xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə yeni qərar qəbul edilməklə, vətəndaşa dair öncə verilən xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir.

Əsaslandırma hissəsi:

İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixində təyin edilmiş əlilliyin bərpa edilməsindən ibarətdir.İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən iddiaçıya Meyarların 8-ci “Gözün və gözün əlavə aparatının xəstəlikləri” bölməsinə əsasən gözdən əlil diaqnozu qoyulmuşdur.Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli qərar əsasında iddiaçıya iki il müddətinə orqanizm funksiyalarının 80% pozulması ilə əlillik təyin etmişdir.Həmin qərarda “Əlilliyin müəyyən olunması meyarları”nın 5-ci “Qan, qanyaradıcı orqanların xəstəlikləri və immunomexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular” bölməsinin 5.3.1.2-ci bəndinə əsasən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmişdir.Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçıya 4 gün əvvəl təyin edilmiş əlilliyi qüvvədən salan yeni qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarla orqanizmin tamamilə fərqli qiymətləndirilməsini həyata keçirmişdir.İkinci qərarda gözdən əlilliklə bağlı məsələ aydınlaşdırılmamış,göndəriş əsasında yeni inzibati akt qəbul edilərək,əyani müayinə nəticəsində qəbul edilmiş akt əsassız olaraq qüvvədən salınmışdır. İşin hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən onda müxtəlif xəstəliklərin olduğu cavabdeh tərəfindən aşkar edilmişdir.Bu zaman qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz dərəcəsi daha yüksək olanla qiymətləndirləsi həyata keçirilməlidir. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilir.Cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə təyin edilmiş əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar