Məhkəmə qərarları › İş №2-1(116)-299/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-299/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-299/2022 16.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərarının ləğv edilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdehin 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərarı ilə iddiaçıya 1.526,66 manat 2019-cu il üçün gəlir vergisi hesablanmışdır. İddiaçı bildirir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb edə bilər. İddiaçı həmçinin bildirir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi orqanı pozuntuya yol vermişdir. Belə ki, VM-in 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. VM-in 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanının qərarı əsassızdır və bu səbəblə də ləğv edilməlidir. İddiaçı 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərarın ləğv edilməsi məqsədilə 10.06.2021-ci il tarixdə yuxarı vergi orqanına, yəni Dövlət Vergi Xidmətinə şikayət məktubu ünvanlamış, DVX isə 26.08.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********173700 nömrəli qərar qəbul edərək, şikayətin təmin edilməsindən imtina etmiş və cavabdehin 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Cavabdeh 15.10.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan rədd edilməlidir. Belə ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin 11.11.2005-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu və vergi orqanında qeydiyyata alınmış təsərrüfat obyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 01.01.2019- cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində 42.413,39 manat məbləğdə elektron qaimə-fakturaların (hüquqi şəxsə) təqdim edilməsinə baxmayaraq, 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" 21.04.2021-ci il tarixli **********548700 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 1.526,66 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.05.2021-ci il tarixli **********145000 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildirilmişdir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı 2019-cu il ərzində cəmiyyət tərəfindən elektron qaimə-fakturalar əsasında 42.413,40 manat məbləğdə malların təqdim edildiyi, işlərin görüldüyü, xidmətlərin göstərildiyi, 9.983,0 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi, 1.568,76 manat məbləğində olan əmək haqının, 328,47 manat məbləğində sosial sığorta haqqının kameral vergi yoxlaması ilə hesabalama zamanı xərc məbləği kimi nəzərə alınmışdır. Beləliklə də Cəmiyyətin 2019-cu il üçün gəlirləri 42.413,40 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri 9.983,00+1.568,76+328,47=11.880,23 manat, vergiyə cəlb edilməli mənfəəti isə 42.413,40-11.880,23=30.533,17 manat olmuşdur. Ona görə də Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin vergidən azad olması nəzərə alınaraq 30.533,17*20%*(100-75)%=1.526,66 manat mənfəət vergisinin hesablanması barədə 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda 2019-cu il ərzində Mingəçevir şəhər Statistika İdarəsinə (VÖEN: **********) 42.413,40 manat dəyərində (müxtəlif tikinti işlərinin görülməsi və inşaat tullantılarının daşınması, inşaat tullantılarının ekskovatorla özüboşaldan maşınlara yüklənməsi və s.) elektron qaimə-fakturaların təqdim edildiyi, lakin daşıma və yükləmə işləri barədə müvafiq təsdiqedci sənədlərin inzibati araşdırmaya təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə də, Cəmiyyət tərəfindən 18.03.2020-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, 42.413,40 manat məbləğdə vergiyə cəlb edilən dövriyyənin göstərildiyi, lakin 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin tələblərinə uyğun olaraq, Hüquqi şəxslərə xidmətləri həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq huququnun olmadığını nəzərə alaraq, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən həmin dövr üzrə müvafiq hesablanmış vergi məbləği üzrə azalmanın həyata keçirildiyi və 42.413,40 manat gəlir məbləği, 11.880,23 manat xərc məbləği və mikro sahibkarlıq subyekti üzrə müvafiq güzəşt hüququ (75% azadolma) nəzərə alınaraq, 2019-cu ilin mənfəət vergisi üzrə 1.526,66 manat məbləğində hesablaması aparılmışdır. 11.03.2020-ci il tarixdə cəmiyyətin elektron kargüzarlığına vergi mükəlləfiyyətində olan uyğunsuzluq barədə məktub göndərilərək, 01.01.2019-cu il ərzində qüvvədə olan Vegi Məcəlləsinin 218.5.10-cu maddəsinin tələbinə uyğun olaraq Hüquqi şəxslər üçün xidmət həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq huququnun olmadığı barədə **********244800 nömrəli bildiriş göndərilmiş və cəmiyyət tərəfindən qeyd olunan Bildirişin 12.03.2020-ci il tarixdə oxunduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı cəmiyyət tərəfindən 3 (üç) işçi ilə (ixtisassız fəhlə, tikinti) 45 (qırx beş) adda müxtəlif çeşidli xidmətlərin göstərildiyinə dair elektron qaiməfakturaların təqdim edilməsinə baxmayaraq, inşaat tullantılarının daşınması və inşaat tullantılarının ekskovatorla özüboşaldan maşınlara yüklənməsi ilə bağlı müvafiq təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim edilmədiyi müəyəyn edilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərardan iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayətin ətraflı araşdırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə “Sənədlərin təqdim edilməsi barədə” 11.06.2021-ci il tarixli **********165400 nömrəli məktub göndərilərək vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin (vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri, malların hərəkəti cədvəlini, bağlanmış müqavilələr, aparılmış əməliyyat üzrə dövriyyə cədvəli, göstərlimiş xidmətlər barədə müvafiq sənədlər, alış aktları barədə müvafiq məlumatlar, kassa mədaxil-məxaric sənədlərini, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə, xarici valyuta hesabları daxil), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri) araşdırma üçün zəruri hesab etdiyi digər sənədlərin 18.06.2021-ci il tarixədək mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq elektron kargüzarlıq vasitəsilə təqdim olunması tələb edilmişdir. İddiaçının nümayəndəsinə məxsus (070)689-43-92 nömrəli telefonla əlaqə yaradılaraq kameral vergi yoxlamasının əsasları izah olunmuş, mülahizələri dinlənilmiş, malların daşınması ilə əlaqədar müvafiq xərc sənədlərin olub olmaması, aparılmış əməliyyatlar barədə müvafiq sənədlərin təqdim edilməli olduğu və 01.01.2019-cu il ərzində qüvvədə olan Vegi Məcəlləsinin 218.5.10-cu maddəsinin tələbinə uyğun olaraq sadələşdirilmiş vergi üzrə təqdim edilmiş bəyannamənin ləğv edilməsi, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi bildirilmiş, cəmiyyətin rəhbəri 2019-cu ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannamsinin təqdim edildiyini, sadələdirilmiş vergi üzrə ödənişlərin edildiyini, düzgün hesablamanın aparılmadığını, məhkəmə sturukturuna müraciət ediləcəyəni bildirmiş və bu hal 25.08.2021-ci il tarixli müvafiq aktla rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçı tərəfindən 2019-cu il ərzində hüquqi şəxsə 42413,40 manat dəyərində (müxtəlif tikinti işlərinin görülməsi və inşaat tullantılarının daşınması, inşaat tullantılarının ekskovatorla özüboşaldan maşınlara yüklənməsi və s.) elektron qaiməfakturaların təqdim edildiyini və 2019-cu il ərzində qüvvədə olan Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin tələblərini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayətləri təmin edilməmiş və Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.05.2021-ci il tarixli **********145000 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə etiraz məktubunda qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Əsaslandırma hissəsi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin qanuni əsasları baxımından hüquqi qiymət verən məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirmə növündə iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM 35) və iddia qaldırmaq müddətinə (İPM 38.1) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi qərardan 02.06.2021-ci il tarixdə məlumatlı olmuş, 10.06.2021-ci il tarixdə inzabati qaydada yuxarı vergi orqanına şikayət ünvanlamış, şikayəti 26.08.2021-ci il tarixli **********173700 nömrəli qərarla təmin edilmədiyi üçün cavabdehin qərarını məhkəmə qaydasında 22.09.2021-ci il tarixdə mübahisələndirmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, vergi orqanının kameral vergi yoxlaması ilə aparılmış araşdırması zamanı Cəmiyyət tərəfindən 01.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində 42.413,39 manat məbləğdə elektron qaiməfakturaların (hüquqi şəxsə) təqdim edilməsinə baxmayaraq, 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" 21.04.2021-ci il tarixli **********548700 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 1.526,66 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.05.2021-ci il tarixli **********145000 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı 2019-cu il ərzində Cəmiyyət tərəfindən elektron qaimə-fakturalar əsasında 42.413,40 manat məbləğdə malların təqdim edildiyi, işlərin görüldüyü, xidmətlərin göstərildiyi, 9.983,0 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi, 1.568,76 manat məbləğdə olan əmək haqının, 328,47 manat məbləğdə sosial sığorta haqqının kameral vergi yoxlaması ilə hesabalama zamanı xərc məbləği kimi nəzərə alınmışdır. Beləliklə də Cəmiyyətin 2019-cu il üçün gəlirləri 42.413,40 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri 9.983+1.568,76+328,47=11.880,23 manat, vergiyə cəlb edilməli mənfəəti isə 42.413,40-11.880,23=30.533,17 manat olmuşdur. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin vergidən azad olması nəzərə alınaraq 30.533,17x20%x(100-75)%=1.526,66 manat mənfəət vergisinin hesablanması barədə 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı qaydaları müəyyən etmişdir. 37.1-ci maddəyə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəyə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. VM-in 218-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik şəxslər aşağıdakılardır: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. VM-in: 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. 218.4-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. 218.5-ci maddəsinin tələbinə görə aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: ... 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla); ... VM-in 218.6-cı maddəsində isə sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılan şəxslər barədə qeydlər vardır. Belə ki, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılmış olur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən 3 (üç) işçi ilə (ixtisassız fəhlə, tikinti) əmək müqaviləsi bağlanmış, 45 (qırx beş) adda müxtəlif çeşidli xidmətlərin göstərilməsinə dair elektron qaimə-fakturaları təqdim edilmişdir. İddiaçı tərəfindən inşaat tullantılarının daşınması və inşaat tullantılarının ekskovatorla özüboşaldan maşınlara yüklənməsi ilə bağlı müvafiq təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim olunmadığı müəyəyn edilmişdir. Həmçinin işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmamışdır. Cavabdeh tərəfindən müvafiq sənədlərin tələb edilməsinə baxmayaraq tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Cavabdeh mənfətt vergisinin hesablanması zamanı qanunvericiliklə müəyyən edilmiş müddət tələblərini pozmamışdır. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona əlavə vergi məbləği hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur. Cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi inzibati akt qanuni və əsaslıdır. Ona görə iddia rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.05.2021-ci il tarixli **********145000 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar