Məhkəmə qərarları › İş №2-1(116)-299/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-299/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-299/2024 29.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil oğunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair JN- 041A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 135,3 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədi hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair JN-041A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 135,3 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədi hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-299/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 saylı qərarına əsasən mərhum atası X2 mülkiyyətində olan tərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə mərhum atası X2 və anası X3 adına 0,13 ha həyətyanı torpaq sahəsinə JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanaraq verilmişdir. Qeyd edilən ev və həmin evin həyətyanı torpaq sahəsi Oğuz Rayon İcra Hakimiyyətinin qarşı tərəfində yerləşir. Oğuz şəhəri üzrə abadlaşma işləri aparılan zaman həmin torpaq sahəsinin də müəyyən hissəsi Oğuz Rayon İcra Hakimiyyətinin qarşısında hovuz tikintisi üçün onlardan alınmışdır. Lakin bütün bunlar rəsmi sənədləşmə işləri aparılmadan həyata keçirilmiş, İcra Hakimiyyətindən ona alınan torpağın əvəzində digər ərazidən, bələdiyyə mülkiyyətindən torpaq sahəsi veriləcəyi bildirilmişdir. Dələlərlə müraciət etməyinə baxmayaraq digər ərazidən torpaq sahəsi ala bilməmiş, faktiki istifadəsində qalmış cəmi 0,11647 ha torpağa Çıxarış almışdır. Qalan 135,3 kv.metr torpaq sahəsinin əvvəlki yerinin kateqoriyasına və təyinatına uyğun digər ərazidən ona verilməsinə köməklik göstərilməsini və torpaq sahəsinin ayrılması üçün müvafiq qərar verilməsini Oğuz bələdiyyəsindən xahiş etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən və ona verilməmiş kəsir 135,3 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh orqan tələbin icra olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Oğuz şəhərində yerləşən 1300 kv.metr həyətyanı torpaq sahəsi üzərində hüquqları qeydiyyatı ilə bağlı müraciət edəndə Ərazi İdarəsinin əməkdaşları iddiaçının iştirakı ilə ərazidə texniki inventarlaşdırma işləri aparmış və faktiki istifadəsində 1167 kv.metr torpaq sahəsi olduğu məlum olmuşdur. Ərazi İdarəsinə torpaq sahəsinin 135,3 kv.metr azalaraq 1167 kv.metr kimi qeydiyyata alınmasına etiraz etmədiyini bildirərək, notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim etmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-041A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X7 və X4 Oğuz şəhərindən 0,13 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur - Bakı Nərimanov Azadlıq pr. ev 150A mənzil 59 (AZE15975801, xx.xx.2015- Asan1-2) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Oğuz şəhər ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş seriya nömrəsi JN-041A kod 40501004 olan şəhadətnaməyə və DƏDRX-nin xx.xx.2020-ci il tarixli 03/12-№-li arayışına əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,13 ha ümumibirgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. ƏMDK-nin yanında DƏDRX-nin Oğuz şəhər ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş seriya nömrəsi JN-041A kod 40501004 olan şəhadətnaməyə və DƏDRX-nin xx.xx.2020-ci il tarixli 03/13-№-li arayışına əsasən Oğuz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,48 ha ümumibirgə olan torpaq sahəsinin mərhuma məxsus pay hissəsindən ibarətdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,116470 ha torpaq sahəsində yerləşən 128 kv.metr fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,116470 ha torpaq sahəsində yerləşən 128 kv.metr fərdi yaşayış evi üzərində X3 tam, torpaq sahəsi üzərində isə İddiaçı ilə ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki,

1. JN-041A nömrəli Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,13 ha qeyd olunduğu halda ********** qeydiyyat nömrəli çıxarışda və ondan əvvəlki ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsünün 0,1164 ha qeyd edilməsinə əsas səbəb faktiki naturada istifadəsində olan torpaq sahəsi 0,1164 ha təşkil etdiyi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən razılıq ərizəsi alınmışdır.

2. İddiaçı iddia etdiyi, lakin istifadəsində olmayan faktiki naturada ölçülmüş 0,0135 ha torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz şəhəri inzibati ərazi dairəsi sərhəddi daxilində kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” ümumi istifadə, uqodiyası tikinti altında olan torpaq sahələri olmaqla bələdiyyə mülkiyyətinə aiddir, X6 İnformasiya Sisteminə (TEKUİS) əsasən “yaşayış məntəqələrinin torpaqları” ümumi istifadə, uqodiyası şərti yararsız, Təhsil, Səhiyyə, Rabitə və digər təyinatlı torpaqlarda bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsi hal-hazırda ümumi istifadədə olan park ərazisi kimi istifadə olunur. İddiaçının iddia etdiyi, lakin istifadəsində olmayan faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.

3. İddia olunan 135 kv.metr torpaq sahəsi JN-041A nömrəli Şəhadətnamənin cizgisi daxilində deyildir. Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 135,3 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına anil olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.13 ha torpaq sahəsinin tərkib hissəsi olduğunu iddia edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi öz əksini tapmışdır. İş materiallarında olan, iddiaçının xx.xx.2020-ci il tarixdə cavabdeh orqana notarial qaydada təsdiq edilmiş müraciətindən görünür ki, o, torpaq sahəsinin faktiki naturada olduğu ölçüdə yəni, 0.11647 ha olmaqla rəsmiləşdirilməsinə razılığını bildirmişdir. Göründüyü kimi iddiaçı, JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,13 ha qeyd edilməsinə baxmayaraq, torpaq sahəsinin faktiki ölçüsünün az olmasından və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin sözügedən şəhadətnamədə göstərilən torpaq sahəsinin ərazi hüdudlarında olmamasından məlumatlıdır. Oğuz rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda da, sözügedən torpaq sahəsinin təxminən 1980-cı illərdə alınması öz əksini tapmışdır. Odur ki, iddia olunan torpaq sahəsi torpaq islahatı aparılanadək artıq faktiki istifadədə olmamışdır və JN-041A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,13 ha qeyd edilməsi, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas deyildir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi X6 İnformasiya Sisteminə (TEKUİS) əsasən ümumi istifadədə olan “yaşayış məntəqələrinin torpaqları” təyinatlı bələdiyyə mülkiyyətinə aid ərazidir. Torpaq sahəsi halhazırda ümumi istifadədə olan park ərazisi kimi istifadə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair JN- 041A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 135,3 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədi hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar