Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-299/2025 04.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ağır onurğa beyni, oynaq və baş beyin xəstəsidir, 2-ci qrup əlildir. Ona “Lambar spondiloz (1,3-4 diskdə dural kisəni sıxaraq hər iki neural foramenə uzanan geniş əsaslı arxa-mərkəzi protuziya (3 mm), 1,4-5 diskdə dural kisəni sıxaraq sol neural foramenə uzanan sol arxa-lateral yırtıq (3 mm), 1,5-S1 diskdə dural kisəni sıxan geniş əsaslı arxa-mərkəzi protuziya (2 mm)); mülayim atrofiya elementləri, torakolümbal osteoxondi'oz, polidiskoz, ikitərəfli kəskin kökcük-ağrı sindromu, yayılmış bel osteoxondrozu, polidiskoz, ikitərəfli, bəzən də soltərəfli kökciik ağrı sindromu, ТҺ11-ТҺ12 fəqərəarası diskin mərkəzi yırtığı, aşağı spastik paraparez” və s. diaqnozları qoyulmuşdur. xx.xx.2009-cu il tarixdə "Soldan ТҺ11-ТҺ12 səviyyəsində kostotransversektomiya və fəqərəarası disk yırtığının xaric edilməsi'' əməliyyatı keçirmişdir. xx.xx.2019-cu il tarixdə Uniklinika klinikasında Bel-oma nahiyəsinin osteoxondrozu və L4-L5 fəqərəarası diskin sağ tərəfi yırtığından əməliyyat olunmuşdur. 2007-ci ildən 2021-ci ilin oktyabr ayınadək əlilliyə görə pensiya almışdır. Böyük ölçüdə fəqərəarası disk yırtıqlarından əməliyyat olunsa da, yenidən bu problem yaranır. Onurğanın yayılmış osteoxondrozu, döş, bel-oma fəqərəarası diskin zədələnməsi, daimi kökcük ağrı sindromu. ТҺ11-ТҺ12 fəqərəarası, L4-L5 fəqərəarası disk yırtıqların çıxarılması əməliyyatından sonrakı vəziyyət, ağrı ilə əlaqədar yerişin pozulması, hər iki aşağı ətrafların paraparezi M51 diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanası PHŞ-in terapiya şöbəsində xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə almışdır. Bu xəstəliklər həm də ağırlaşaraq venoz sistemdə problemlər yaratmışdır. Belə ki, 2019-cu ildə; sol ümumi bud və dizaltı venaların divarları qalınlaşıb, mənfəzləri həmcins deyil, zəif və fraqmentlər rənglənirlər (posttromboflebitik vəziyyəti). Keçiricilik müvafiq olaraq -40-42% və -36-38% təşkil etmişdir. 2021-ci ildə; sol ümumi bud və dizaltı venaların divarları qalınlaşıb, mənfəzləri həmcins deyil, zəif və fraqmentlər rənglənirlər (posttromboflebitik vəziyyət!). Keçiricilik müvafiq olaraq - 48-50% və -44-46% təşkil etmişdir. Əlilliklə bağlı müraciətinə cavabdeh 18 yanvar 2024-cü il tarixli məktubu ilə imtina etmişdir. Cavabdehin qərarı qeyri-qanuni olmaqla, onun bir əlil kimi hüquqlarını pozur. Hazırkı diaqnozlarının ən başlıcası olan fəqərəarası disklərin zədələnmələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsiq edilmiş "Əlilliyin müəyyən edilməsi meyarları"na müvafiqdir (M51). Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaşın əlillik vəziyyətinə dair ilk dəfə müraciətinə Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2014-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə İkinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaşın əlillik vəziyyətinə dair növbəti müraciətinə Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2015-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Ümumi xəstəlik səbəbi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaşın əlillik vəziyyətinə dair xx.xx.2016-cı il tarixli qərar ilə Ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 il müddətinə İkinci dərəcə əlillik təyinatı elektron qaydada aparılmışdır. Vətəndaşın əlillik vəziyyətinə dair növbəti müraciətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür. səbəbi ilə əlillik təyinatının aparılmasında imtina edilmişdir. Vətəndaşın əlillik vəziyyətinə dair növbəti müraciətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirmək məsləhətdir, səbəbi ilə əlillik təyinatının aparılmasında imtina edilmişdir. Vətəndaşın əlillik vəziyyətinə dair növbəti müraciətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin hazırkı vəziyyəti, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər, anamnestik məlumatlar, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr, diaqnozlar-onalara uyğun amillər dəqiq və ətraflı qeyd edilsin. Xəstəyə ixtisaslaşmış tibb müəssisəsində əlavə müayinə və müalicə tövsiyyə edilir, səbəbi ilə əlillik təyinatının aparılmasında imtina edilmişdir. Vətəndaşın əlillik vəziyyətinə dair növbəti müraciətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr qənaətbəxş deyil, EMQ müayinəsi diaqnozu təstiq etmir, ətraflı müayinə olunması məsləhətdir, səbəbi ilə əlillik təyinatının aparılmasında imtina edilmişdir. Vətəndaşın əlillik vəziyyətinə dair sonuncu müraciətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir, səbəbi ilə əlillik təyinatının aparılmasında imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.
2. TƏBİB-in 59 nömrəli xx.xx.2024-cü il tarixli arayışı;
3. TSEK-in xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003 , xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0008, xxxxxxx0009 göndərişləri.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1608/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubu.
6. Cavabdehin etirazı və əlillik altsistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq əlilliyinin müəyyən edilməsindən ibarətdir.İddiaçı 2007-2021-ci illərdə fasiləsiz olaraq ona əlillik təyin edildiyinə istinad edir və iddia tələbini “Əlilliyin bərpa edilməsi” kimi ifadə etmişdir.İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinin dəqiqləşdirilməsi mümkün olmamış, lakin prosessual qənaət prinsipinin tələbləri və İPM-in 52-ci maddəsinin məzmunu baxımdan da iddianın mümkünlüyünün deyil,mahiyyətinin araşdırılması məhkəmə tərəfindən məqsədə uyğun hesab edilir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iddiaçıya 2007-cı il tarixində əlilik təyin edilmişdir.Sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixində İİ dərəcə müddətli əlillik təyin edilmişdir. Daha sonra 5 illik müddət bitdikdən sonraki tarixlərdə iddiaçı barəsində tibb müəssisəsi tərəfindən forma 88 göndərişləri təqdim edilmişdir.Cvabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı xx.xx.2024-cü il tarixində TSEK-də qəbulda olmuş,əyani müayinəsi həyata keçirilərək xx.xx.2023-cü il tarixindən əlilliyin təyin olunmasından imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1608/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-1608/2024 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X1 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki,iddiaçıya yenidən əliliyin təyin edilməsi məsələsi onun orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini araşdırmaqla yoxlanıla bilərdi.Lakin,iddiaçı iddia ərizəsində barəsində ekspertiza keçirilməsindən imtina etmişdir.Təyin edilmiş məhkəmə tibbi ekspertizasının çağırışına hərəkətsiz göstərdiyindən rəyin təqdim edilməsi mümkün olmamışdır. İddiaçıya qoyulmuş “osteoxondroz” diaqnozu qüvvədə olan Meyarların М42 kodunda nəzərdə tutulmuşdur.Həmin diaqnozun qiymətləndirici əlaməti kimi 13.5.1.1-13.5.1.4-cü bəndlərində nəzərdə tutulan orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda aşkar edilməmişdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Hazırkı işdə isə iddiaçı, tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır və cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Qüvvədə olan Meyarlara əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri aşağıdakı kriteriyalara əsasən müəyyən edilmişdir : 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin kriteriyalara əsasən isə sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq əlillik dərəcələndirilmişdir.Sözügedən Meyarların : 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçıya əliliyin təyin edilməsindən imtina əsası olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. Həmin halların yoxlanılması və iddiaçının tələbinin əsaslılığının müəyyən edilməsi isə müvafiq ekspert rəyinin əsasında məhkəmə tərəfindən rəyin hüquqi baxımdan yoxlanılması vasitəsi ilə mümkündür.İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə