Məhkəmə qərarları › İş №2-1(116)-3/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3/2021 19.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X5, Üçüncü şəxs X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X14) “23 nömrəli 18 oktyabr 2010-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şəki rayon Turan bələdiyyəsi tərəfindən icarəsinə 20 il müddətində verilmiş 25 ha torpaq sahəsinə icarə hüqüqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 nömrəli 18 oktyabr 2010-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şəki rayon Turan bələdiyyəsi tərəfindən icarəsinə 20 il müddətində verilmiş 25 ha torpaq sahəsinə icarə hüqüqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 04.07.2018-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Şəki rayonu, Turan bələdiyyəsi arasında bağlanmış 18.10.2010-cu il tarixli, 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən 20 il müddətinə 25 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3 torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, 04.06.2018-ci il tarixli, **********75 nömrəli imtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsinə dair bələdiyyənin müvafiq qərarının, təsdiq edilmiş sxemin və icarə müqaviləsinin əsli Şəki Ərazi İdarəsinə təqdim ediləcəyi halda torpaq sahəsinin dövlət qeydiyyatına alınması məsələsinə baxıla bilər. Həmçinin Şəki rayon, Turan bələdiyyəsinin sədri Səyyad Mövlamovun iddiaçının vəkili R.Kərimliyə ünvanladığı 08.06.2018-ci il tarixli, 52 nömrəli məktubda qeyd edilir ki, Şəki rayonu, Sarıca kənd sakini İddiaçı ilə bağlı S.Mövlamovun sədrliyi dövründə bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Arxiv sənədlərinin araşdırılması zamanı iddiaçı ilə Turan bələdiyyəsi arasında bağlanmış müqaviləyə rast gəlinməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.08.2018-ci il tarixli, **********10 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, vətəndaş tərəfindən ərazi idarəsinə ünvanlanan Şəki rayonu, Turan qəsəbəsində yerləşən 25 ha torpaq sahəsi üzərində yüklülük hüququnun qeydə alınması barədə müraciətə yalnız 22 dekabr 2010-cu il tarixdə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyatdan keçmiş 1275 saylı icarə müqaviləsi əlavə edilmişdir. “Torpaq icarəsi” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə əsasən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildiyindən, sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ tanındıqdan və torpaq sahəsi hərraca çıxarılaraq hərracın qalibi ilə bələdiyyə arasında notarial bağlanılmış icarə müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən tərəflərdən biri tərəfindən təqdim edildikdən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması mümkündür. Etiraz məktubunda həmçinin qeyd edilir ki, torpaq sahəsinin yerləşmə planı təqdim edilmədiyindən torpaq sahəsi üzərində yüklülük hüququnun qeydiyyatının mümkünlüyünü müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.02.2019-cu il tarixli, 2-1(84)-31/2019 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan Turan bələdiyyəsinin sədr əvəzi X21 İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 15.08.2018-ci il tarixli, 54 nömrəli məktubda qeyd edilir ki, iddiaçıya Turan bələdiyyəsi tərəfindən 20 il müddətinə icarəyə verilmiş 25 ha torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici (bələdiyyə qərarı, tərəflər arasında bağlanmış icarə müqaviləsi, ayrıc aktı və s.) sənədlərin əsası və ya surəti bələdiyyə arxivində yoxdur. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının 08.11.2018-ci il tarixli “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi məhkəməyə daxil olmuşdur. İddiaçı həmin ərizəsində Şəki rayonu Turan bələdiyyəsi, Şəki rayon 2 saylı Notariat kontoru və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin üzərinə icarə hüququ əsasında ona ayrılmış 25.0 ha torpaq sahəsi ilə bağlı müvafiq əməliyyatların (alqı-satqı, özgəninkiləşdirmə, icarəyə vermə və s.) aparılmasını etməkdən çəkinmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2018-ci tarixli, 2-1(84)-1272/2018 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin tarixli icra vərəqəsi ilə qərardadın icrası Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinə tapşırılmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, 05.06.2018-ci il tarixli, ********* nömrəli qərara əsasən iddiaçı CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilmiş və iş materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəki Rayon Prokuroruna göndərilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli, 1(075)- 1/2019 nömrəli hökmünün surətindən müəyyən edilir ki, İddiaçı əməlində cinayət tərkibi olmamasına görə Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə bəraət verilmişdir. İş materiallarında olan 18.10.2010-cu il tarixli, 23 nömrəli müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon Turan bələdiyyəsinin sədri X16 ilə Şəki rayonu, Sarıca kənd sakini İddiaçı İlyaz oğlu (müqavilədə adı “İlyas” qeyd edilmişdir) aralarında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 25 ha torpaq sahəsi 20 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Müqavilə Şəki şəhər Torpaq Şöbəsində 22.12.2010-cu il tarixdə, 1275 saylı nömrə ilə qeydiyyata alınmış və Şöbənin müdiri N.Aslanov tərəfindən imzalanmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, Şəki rayon Turan bələdiyyəsinin 13.06.2017-ci il tarixli, 05 saylı iclas protokoluna əsasən X4 bələdiyyəsinin sədri təyin edilmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 31.01.2019-cu il tarixli **********29 nömrəli məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon, Turan bələdiyyəsinin 11.01.2007-ci il tarixli, 02 saylı iclasının qərarına əsasən (sədr Ə.Heydərov) Şəki rayon, Turan bələdiyyəsinin sədri X16 ilə üçüncü şəxs X14 arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 05.02.2007-ci il tarixli, 01 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 147 ha əkinə yararlı torpaq sahəsi 35 il müddətinə N.Tağıyevin icarəsinə verilmişdir. Şəki rayonu, Turan qəsəbəsində 14.12.2017-ci il tarixdə bağlanan Akta əsasən Şəki rayonu, Şəki kənd sakini X8 Turan bələdiyyəsindən 2007-ci ildə icarəyə götürdüyü torpaq sahəsinə bələdiyyə sədri S.Mövlamov, Turan qəsəbə İƏD üzrə nümayəndə X14 və digərlərinin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Turan bələdiyyəsinin ehtiyat fonduna torpaq islahatı zamanı 229 ha əkin torpağı ayrılmışdır. Sonradan taxılçılığın inkişafı ilə əlaqədar ərazidə olan örüş sahələrindən taxıl əkmək üçün əkin kimi istifadə edilmişdir. Həmin dövrdə örüş sahələri əkin dövriyyəsinə cəlb edilmişdir. 281 ha torpaq sahəsi DTXK tərəfindən illik hesabatlarda əkin kimi qəbul edilmiş və hal-hazırda torpaq hesabatlarında əkin kimi gedir. Ümumilikdə Turab bələdiyyəsinə məxsus 510 ha torpaq sahəsi hesabatda və torpaq balansında qeydə alınmışdır. Lakin qeyd olunan 281 ha torpaq sahəsi illik hesabatlarda (balansda) əkin sahəsi kimi getsə də, xəritə materiallarında düzəliş edilməmiş, örüş kimi qalmışdır. X2 icarəsinə verilmiş 147 ha torpaq sahəsi həmin 281 ha torpaq sahəsinə aiddir. Qeyd olunan 281 ha torpaq sahəsi on ilə yaxındır ki, əkin kimi istifadə olunur və torpaq hesabatında da əkin kimi göstərilmişdir. Qeyd olunan səbəblə də 22.12.2017-ci il tarixli “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış)” aktında 147.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu və uqodiyasının kollu örüş olduğu qeyd edilmişdir. Məktuba əlavə edilmiş RX seriyalı, ******* nömrəli, 23.11.2018-ci il tarixli çıxarışla Turan bələdiyyəsinə məxsus 147.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01 saylı 05.02.2007-ci il tarixli icarə müqaviləsinə əsasən 15 il müddətinə (01 saylı 05.02.2007-ci il tarixli icarə müqaviləsində müddət 35 il qeyd edilmişdir) üçüncü şəxs X8 mülkiyyətinə verilmişdir. 25.01.2018-ci il tarixli, 89 nömrəli rəydə 147.0 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə yanaşı uqodiyasının örüş və icarə predmeti olması qeyd edilmişdir. A seriyalı, 22.11.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 147.0 ha torpaq sahəsinin Turan bələdiyyəsinin mülkiyyətində olması və üçüncü şəxs X10 icarəyə verilməsi müəyyən edilir. İş materiallarında olan Turan bələdiyyəsinin məhkəməyə ünvanladığı 06.02.2019-cu il tarixli məktubda qeyd edilir ki, bələdiyyənin arxiv sənədləri araşdırılmış və İddiaçı ilə icarə müqaviləsindən başqa heç bir sənədə rast gəlinmədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı 04.02.2019cu il tarixli, ********* nömrəli məktubda qeyd edilir ki, Şəki rayon, Turan bələdiyyəsindən istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüş sənədlər həmin bələdiyyənin sabiq sədri X11 Azərbaycan Respublikası CM-in 308.1-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş ********* nömrəli cinayət işinin istintaq materiallarına əlavə edilmiş və cinayət işi baxılması üçün 22.08.2011-ci il tarixdə aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 25.10.2011-ci il tarixli, 1(075)-90/2011 nömrəli hökmü ilə sabir bələdiyyə sədri X16 Azərbaycan Respublikası CM-in 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 308.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2019-cu il tarixli, 2-1(84)-31/2019 nömrəli qərardadı ilə 2-1(84)-846/2019 nömrəli iş üzrə iddiaçılar İddiaçı və X11 Turan bələdiyyəsinə qarşı 11.01.2007-ci il tarixli, 02 saylı bələdiyyə qərarının ləğv edilməsi tələbinə baxılıb qurtaranadək hazırkı işin icraatı dayandırılmışdır. 2-1(84)-846/2019 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(102)-743/2021 nömrəli qərarı qəbul edilmiş, icraatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı üçün Şəki İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(116)-3/2021 nömrəli qərardadı ilə işin icraatı təzələnmişdir. Yuxarıda qeyd olunan 2-1(84)-846/2019 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(102)-743/2021 nömrəli qərarından müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.12.2019-cu il tarixli, 2-1(84)-846/2019 nömrəli qərarı ilə həmin iş üzrə iddiaçılar İddiaçı və X11 Turan bələdiyyəsinə qarşı (üçüncü şəxs X14) qarşı 147.0 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə 11.01.2007-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə 11.01.2007-ci il tarixli, 02 nömrəli qərarının İddiaçı icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin iş üzrə üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2020-ci il tarixli, 2-1(107)- 112/2020 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərаrı iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar qəbul edilməsi qərara alınmış, İddiaçı cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə, üçüncü şəxs X10 qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə 11.01.2007-ci il tarixli 02 nömrəli qərarının İddiaçı icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2020-ci il tarixli, 2-1(102)-1277/2020 nömrəli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2020-ci il tarixli, 2-1(107)-112/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 2-1(107)-10/2021 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.04.2021-ci il tarixli, 2-1(102)-743/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli, 2- 1(107)-10/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 4.0-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 9.1-ci maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 11.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 3-cü bəndinə görə icarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyənləşdirilir. Əsasnamənin 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Əsasnamənin 8-ci bəndinə görə kənd təsərrüfatı məqsədləri üçün ayrılan torpaq sahələri bu Əsasnamənin 11-ci, 13-23-cü və 25-27-ci bəndlərində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. Əsasnamənin 11-ci bəndinə görə bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: 11.1. torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını; 11.2. torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını; 11.3. əvvəllər torpaq sahəsi alıb-almadığını; 11.4. ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını;, 11.5. ailə üzvlərinin sayını və tərkibini; 11.6. torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü; 11.7. torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini; 11.8. daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Əsasnamənin 15-ci bəndinə görə bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Əsasnamənin 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 20-ci bəndinə görə yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. Əsasnamənin 21-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsi olsa da, həmin torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair qanunla müəyyən olunmuş qaydada qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin torpaq sahəsinə dair yerquruluşu sənədləri hazırlanmamış, bələdiyyə həmin torpaq sahəsi üzərində öz mülkiyyət hüququnu qeydə aldırmadan iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən yuxarıda sadalanan sənədlər məhkəməyə təqdim olunmamış, məhkəmə araşdırması zamanı da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. İddiaçının qərarın təsviri hissəsində qeyd olunan məhkəmə qərarlarına əsasən mübahisəli torpaq sahəsindən istifadə etməsinin müəyyən olunması onun qeyd olunan səhəyə dair icarə hüququnun reyestrdə qeydə alınmasına əsas vermir. Odur ki, iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X14) “23 nömrəli 18 oktyabr 2010-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şəki rayon Turan bələdiyyəsi tərəfindən icarəsinə 20 il müddətində verilmiş 25 ha torpaq sahəsinə icarə hüqüqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar