Məhkəmə qərarları › İş №2-1(116)-30/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-30/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-30/2023 15.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz Bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1558/2021 nömrəli qərardadı ilə Oğuz rayon Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1558/2021 nömrəli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-383/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı mülkiyyətində olmuş Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasına 2004-cü ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin həmin çıxarışda ona məlum olmayan səbəbdən binanın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə deyil istifadəsinə verilmişdir. İddiaçının müraciəti əsasında Oğuz rayon Oğuz Bələdiyyəsi xx.xx.2007-ci il tarixli qərarla həmin qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi 774 kv. metr torpaq sahəsini ona satmışdır. Qeyd edilən torpaq sahəsinə onun adına 20 sentyabr 2007-ci il tarixli 016446A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X4 kitabında 136 nömrə ilə uçota alınmışdır. Qeyri-yaşayış binasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışını, Torpaq sahəsinin planı və ölçüsü sənədini cavabdehə göndərərək, binanın yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0.03008 ha, binanın altında yerləşən həmin torpaq sahəsi də daxil olmaqla faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.0774 ha olduğunu bildirmiş və ona çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dölət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi isə Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı ilə satılmışdır. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub olmaması barədə ƏMDK-nin Qəbələ Ərazi Şöbəsinə tərəfimizdən sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir. Qeyri-yaşaış binasının yerləşdiyi torpaq sahəsi 0.07576 hektardır, torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Torpaq sahəsinin istifadəçisi X1r. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 51 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan mağaza binasının satılması nəzərdə tutulan mağaza altı torpaq sahəsi 316 kv.metr və ona bitişik torpaq sahəsi 458 kv.metr olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla l zonaya aiddir və həmin məqsəd üçün satılması qanunamüvafiqdir. - DT və XK-i Oğuz rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından görünür ki, İddiaçı özəlləşdirdiyi mağaza binasının satılması nəzərdə tutulan torpaq sahəsi 774,4 kv.m-dir. - xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçıya Oğuz rayon Oğuz bələdiyyə ərazisində 774 kv.metr torpaq sahəsi satılmış və iddiaçı tərəfindən 1548,5 manat pul vəsaiti ödənilmişdir. - Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya bələdiyyənin mülkiyyətinə aid, H.Əliyev küçəsindəki mağaza binasının altında və ətrafında yerləşən 774 (yeddi yüz yetmiş dörd) kv. metr torpaq sahəsi sahibkarlıq məqsədilə satılmışdır. - A 016446 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən Oğuz rayonu Oğuz şəhərində yerləşən 774 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 774 kv.m (0,0774 ha) torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası (məqsədli istifadə növü) ictimai tikililər, mülkiyyət növü Dövlətdir, iddia olunan torpaq sahəsi ilə iddiaçının adına tərtib edilmiş A 016446№-li torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,0774 ha (774 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına görə yalnız 0.0152 ha sahəsi iddia olunan torpaq sahəsi üstüstə düşür, eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənədlərdəki məkan göstəriciləri (yerləşmə, konfiqurasiyası, koordinatları və həndəsi ölçüləri) faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/196 nömrəli məktuba əlavə olunmuş ekspert rəyindən görünür ki, Mülki iş materiallarında olan DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Oğuz rayon, Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 774 kv.m (0.0774 ha) torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası (məqsədli istifadə növü) ictimai tikililər, mülkiyyət növü Dövlətdir, iddia olunan torpaq sahəsi ilə iddiaçının adına tərtib edilmiş A 016446 Nə-li torpaq sahəsinin planı və ölçüsü sənədindəqeyd olunan 0.0774 ha (774 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına görə yalnız 0.0152 ha hissəsi iddia olunan torpaq sahəsi üst-üstə düşür, eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənədlərdəki məkan göstəriciləri (yerləşmə, konfiqurasiya, koordinatları və həndəsi ölçüləri) faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0,0765 hektar torpaq sahəsi, Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən Oğuz şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla Dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən 0,0765 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. A 016446 nömrəli plan-ölçü sənədin təsviri əsas götürülməklə, həmin sənədin ilkin yerquruluşu sənədi ilə uyğunluq təşkil edir. İddia olunan torpaq sahəsinin ilkin yerquruluşu planında qeyd edilmiş torpaq sahəsi və A 016446 nömrəli plan-ölçü sənədinin təsvirində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “X4, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. X4 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. X4nın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. X4nın məlumatları X4na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X4na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X4nın məlumatları tətbiq olunur. X4nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə satılmış 774 (yeddi yüz yetmiş dörd) kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Dövlət mülkiyyətindədir. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən X4 hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində X4nın məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən mütəxəssis rəyində qeyd edilmiş məlumatlar sübut qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri ilkin yerquruluşu sənədi və tərtib edilmiş plan-ölçü sənədi ilə müqayisəli təhlil edilməklə araşdırılmış, müəyyən edilmişdir ki, sözügedən 0,0765 hektar torpaq sahəsi A 016446 nömrəli planölçü sənədinin təsviri əsas götürülməklə, həmin sənədin ilkin yerquruluşu sənədi ilə uyğunluq təşkil edir. İddia olunan torpaq sahəsi ilkin yerquruluşu planında qeyd edilmiş torpaq sahəsi və A 016446 nömrəli plan-ölçü sənədinin təsvirində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür, Oğuz şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla Dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhəri H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasının yerləşdiyi, Oğuz rayon Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona satılmış 774 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar