Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-301/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “iddiaçının mülkiyyətində 0.06 ha qeydə alınmış torpaq sahəsinin plan-ölçüsünün və texniki pasportun tərtib edilərək verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində 0.06 ha qeydə alınmış torpaq sahəsinin plan-ölçüsünün və texniki pasportun tərtib edilərək verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1616/2024 nömrəli qərardadı Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün ona torpaq sahəsi satılması barədə Qəbələ Bələdiyyəsinə ərizə ilə müraciət etmiş və Qəbələ Bələdiyyəsi onun ərizəsini nəzərə alaraq 23 mart 2006-cı il tarixli 03 saylı qərarı ilə ona 0,06 ha torpaq sahəsi satılmasına dair qərar qəbul etmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən "ATRA" SK Bankının **********01 saylı hesabına 14 nömrəli ödəniş qəbzi ilə 216 manat pul ödəmişdir və bu barədə bələdiyyə sədrinin torpaq şöbəsinin və iddiaçının iştirakı ilə akt tərtib edilmiş imzalar və möhürlərlə təsdiq edilmişdir. Həmçinin onu da bildiririk ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin o dövrdə fəaliyyət göstərən Qəbələ rayon şöbəsi rəy verərək bildirmişdir: "İ.B.Qutqaşınlı" adına təsərrüfatın baş sxeminin 331 nömrəli konturunda yerləşən və bələdiyyə mülkiyyətinə saxlanılan torpaqlardan 0,06 ha torpaq sahəsini fərdi yaşayış evi tikintisi məqsədi ilə alqı-satqı əsasında ayrılmasını məqsədə müvafiq hesab edir". Ona görə də ayrılmış torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiqlənmişdir. Bütün bu prosedur qaydalar həyata keçirildikdən sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi xx/xx/2006 olan Seriya MH ******* saylı "çixariş" almışdır. İddiaçı bütün qeyd edilən işləri gördükdən sonra torpaq sahəsinin kənarını hasarlamış oraya çay daşı, qum-çınqıl gətirib tökmüş, eləcədə 1500 ədəd mişar daşı gətirmişdir. O, onunla qonşu olan X11 qardaşı Ziya Babayev ilə birlikdə (ortaqlı) hasarlayıblar. Usta pulunu da Ziya ilə birlikdə vermişlər. 2021-ci ilin sentyabr ayında X24 oölu adlı bir nəfər əlində sənəd gələrək iddiaçıya bildirmişdir ki, onun kənarını hasarladığı torpaq sahəsi Hüseynov Arifə məxsusdur. Beləki, həmin torpaq sahəsini həkim işləyən Məmmədov Kamal adlı birisi ona satıb. Hətta hasardan artıq qalan 150 ədəd mişar daşını da satmışdır. İddiaçı bu işə təəccüblənmişdir, çünki iddiaçının əlində torpaq sahəsinin onun mülkiyyətində olmasına dair bütün zəruri sənədlər olmuşdur. Ona görə də iddiaçı torpaq sahəsinin adına qeydiyyata aldırmaq üçün 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin 28 yanvar 2022-ci il tarixli, **********54 saylı məktubla iddiaçıya cavab verilmişdir ki, həmin torpaq sahəsi başqa vətəndaşa məxsusdur. Cavab məktubunda "başqa vətəndaşın" adı yazılmamışdır. Bütün zəruri sənədlər olduğu halda mübahisə predmeti olan torpaq sahəsinin başqa vətəndaşa aid olması təəccübləndiricidir. Çünki, həm iddiaçıya və həm də "başqa" şəxsə sənədi eyni dövlət orqanı vermişdir. Ona görə də hesab edirik ki, bütün zəruri sənədlər iddiaçının adına olduğu üçün torpaq sahəsi onun adına rəsmiləşdirilməlidir. Bununla əlaqədar olaraq biz Şəki inzibati Məhkəməsinə "Sənəd üzrə iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin qeydə alınmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə həvalə edilməsinə dair" iddia ərizəsi ilə müraciət etdik. Şəki İnibai Məhkəməsinin 25. 06. 2023-cü il tarixli, 2- l(116)-904/2023 saylı Qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda mümkün olmamanın əsası kimi göxtərilmişdir: "Əgər iddiaçının hüquqi marağı sözü gedən torpaq sahəsinə plan-ölçü sənədinin (texniki pasportun) tərtib edilməsi ilə bağlıdırsa iddia tələbi dəqiqləşdirilərək məhkəməyə məhkəməyə təqdim edilməlidir. İşdə olan cavabdeh orqana olan ilkin müraciətdən də görünür ki, iddiaçını həmin orqana ilkin müraciəti sözügedən torpaq sahəsinə texniki pasportun verilməsi ilə bağlı olmuşdur". Cavabdeh orqan iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında qeyd etmişdir ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçının iddia etdiyi 0.06 ha torpaq sahəsi təqdim etdiyi ilkin yerquruluşu sənədlərindən tamamilə fərqli ərazidə Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qəraıı əsasında başqa vətəndaşın (X4) adına dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən xx.xx.2017-ci il tarxli, ********** qeydiyyat nömrəli Çıxarış və plan ölçü sənədi verilmişdir. X7 xx.xx.2019-cu il tarxli, 4-Ə 2325 nömrəli notarial alqı- satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2. xx.xx.2019-cu il tar.xli. 4-Ə 2325 nömrəli notarial alqı-satqı müqaviləsi əsasında X19 xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və plan ölçü sənədi verilmişdir. X22 xx.xx.2022-ci il tarixli. 4-Ə635 nömrəli notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X1. xx.xx.2022-ci il tarixli, 4-Ə635 nömrəli notarial alqı-satqı müqaviləsi əsasında X14 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və plan ölçü sənədi verilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. MH seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2006-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.059 ha torpaq sahəsi X12 mülkiyyətindədir.
4. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.059 ha torpaq sahəsi X17 mülkiyyətindədir.
5. AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X22 özünəməxsus torpaq sahəsini X1.
6. Qəbələ bələdiyyəsinin 23 mart 2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi satılmışdır.
7. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2006-ci il tarixli 418 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
8. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Qəbələ bələdiyyəsinin 23 mart 2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı Qəbələ Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmış, iddiaçı 216 manat bələdiyyənin hesabına ödəmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-218/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, etiraz məktubunda qeyd olunan çıxarışlar və X8 adına xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim edilir. İddia olunan torpaq sahəsinin plan-ölçü sənədi olmadığına görə iddia olunan ərazi ilə eyni olub-olmamasını təyin etmək mümkün deyil. İddia olunan 0.06 ha torpaq sahəsinə ilkin olaraq X9 adına xx.xx.2017-ci il tarixli çıxarış verilmiş və X3, bundan sonra X22 tərəfindən X14 notarial qaydada satılmışdır. Halhazırda X12 adına **********37 nöməli çıxarış və plan-ölçü sənədi mövcuddur.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Hazırkı iddia tələbinə əsasən ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı çıxarış əsasında konkret koordinatlara əsasən ona “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtina əsası da iddia olunan torpaq sahəsi ilə ilkin torpaqayırma sənədinə əsasən mülkiyyətə verilən torpaq sahəsinin fərqli olmasından ibarətdir. Belə ki,iddia olunan 0.06 ha torpaq sahəsinə ilkin olaraq X5 adına xx.xx.2017-ci il tarixli çıxarış verilmiş,daha sonra X3, bundan sonra X22 tərəfindən X14 notarial qaydada satılmışdır. Hal-hazırda X12 adına **********37 nöməli çıxarış və plan-ölçü sənədi mövcuddur. Araşdırma zamanı iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə etmədiyi müəyyən olunmuşdur.İddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olan sənəd Qəbələ Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli qərarıdır.İddia olunan torpaq sahəsinin mülkiyyətçilərinin araşdırılması zamanı müəyyən edilir ki,həmin torpaq sahəsi X6 Qəbələ Bələdiyyəsinin 23 yanvar 2006-cı il tarixli 01 saylı qərarı əsasında ayrılmışdır.Buradan da görünür ki,iddia olunan torpaq sahəsi ilkin mülkiyyətçiyə iddiaçıdan əvvəl ayrılmışdır.Həmçinin,iddiaçı 2006-cı ildə torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırsa da hazırda iddia etdiyi torpaq sahəsindən istifadə etmir,iddia olunan torpağın ona ayrılmasını təsdiq edən sənəd mövcud deyildir. Göründüyü kimi iddiaçı ilkin olaraq ona ayrılan torpaq sahəsinə deyil,onun mülkiyyətinə verilməmiş torpaq sahəsinə texniki sənədin verilməsini cavabdehdən tələb etmişdir.Bu baxımdan da cavabdehin konkret koordinatlara münasibətdə imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əl mavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsasən torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. Fərman da deyilir ki, plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Həmin sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı),torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr,torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və eyniləşdirməyə imkan verən digər zəruri əlamətlər öz əksini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “iddiaçının mülkiyyətində 0.06 ha qeydə alınmış torpaq sahəsinin plan-ölçüsünün və texniki pasportun tərtib edilərək verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.