Məhkəmə qərarları › İş №2-1(116)-3010/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3010/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3010/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «yüksək gərginlikli elektrik xəttinin götürülərək yeraltı üsulla çəkilməsi və yaranmış problemin aradan qaldırılması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Qəbələ rayonu Zarağan kəndində yerləşən “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid 0,2138 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 15 mart 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Torpaq sahəsində tikililər mövcuddur. İddiaçıya məxsus torpaq sahəsindən 10 kV-luq hava elektrik veriliş xətti keçir. İddiaçı həmin xəttin trassasının dəyişdirilməsi ilə bağlı hazırkı cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin müsbət həllini təmin etməmişdir. Bundan sonra İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «yüksək gərginlikli elektrik xəttinin götürülərək yeraltı üsulla çəkilməsi və yaranmış problemin aradan qaldırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası (ilkin iclas təxirə salınmaqla) təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddianın mümkünsüzlüyü barədə vəsatət təqdim etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq tələblə Şəki İnzibati Məhkəməsində iddia qaldırmaqla məhkəmə aidiyyəti ilə bağlı prosessual normaları pozmuşdur. Vəsatətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 5 nömrəli qərarının 5-ci və 17-ci bəndlərinə istinad olunaraq, bildirilmişdir ki, bu qəbildən olan işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəsatətə etiraz etdi və bildirdi ki, qaldırılan iddia üzrə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında hazırkı məhkəmədə baxılmalıdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, cavabdeh tərəfin vəsatəti əsaslıdır, iddia mümkün iddia sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndində (4-cü abzasda) aşağıdakılar qeyd olunmuşdur: - Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin hallarına görə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərindən hava elektrik veriliş xəttinin trassasının dəyişdirilərək yeraltı formada keçirilməsi mübahisəsini, yəni mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisəni (ərazinin boşaldılması) açır ki, bu qəbildən olan işlərə də mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - (15.1) İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - (15.2) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. - (15.3) Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmənin qənaətinə görə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «yüksək gərginlikli elektrik xəttinin götürülərək yeraltı üsulla çəkilməsi və yaranmış problemin aradan qaldırılması» barədə iddiası mahiyyətcə mülki xarakterli olduğundan, mümkün qiymətləndirilməməli və iddiaçıya mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar