Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-302/2021 27.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, lakin ona məxsus hərbi biletdə müvafiq qeydlər aparılmamışdır. Bu səbəblə iddiaçı Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissədən tərxis olunması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-677/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli və 2(051)-491/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli Qətnamələrində müvafiq olaraq iddiaçının xx xxxx 1993-cü il tarixdən xx xxxxx 1993-cü ilədək N saylı hərbi hissənin tərkibində, xx xxxxxx 1994-cü ildən xx xxxx 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi, iddiaçının xx xxxx 1994-cü il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktları müəyyən edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüs əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçıda isə yuxarıda sadalanmış sənədlərin heç biri yoxdur. İddiaçının hərbi biletində də xidməti barədə məlumat yoxdur. Həmçinin iddiaçının N nömrəli hərbi hissəyə daxil olması ona “Müharibə veteranı” adının verilməsi üçün əsas ola bilməz, çünki həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Eləcə də İddiaçı ehtiyata buraxılması barədə məlumat yoxdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Orada göstərilmişdir ki, “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz.” Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən bildirir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmadığı üçün onun müraciətinin təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçı 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərdə dağdan yıxıldıqdan sonra evə gətirildiyini, evdə müalicə aldığını, müalicədən sonra yenidən 1994-cü ilin əvvəlində xidmətə çağırıldığı zaman hərbi biletinin qaytarılmadığını bildirdiyini, bu zaman ona hərbi biletinin Kəlbəcərdə itməsi barədə məlumat verildiyini, həmin vaxt ona yeni hərbi bilet verilməsini və 1994-cü ilin martına qədər xidmət etməsini, ağciyərində problemlər yarandığı üçün evə gətirildiyini və evdə müalicə olunduğunu, müalicədən sonra isə bir daha hərbi hissəyə geri qayıtmadığını bildirib, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-677/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının xx xxxx 1993-cü il tarixdən xx xxxxx 1993-cü ilədək N saylı hərbi hissənin tərkibində, xx xxxxxx 1994-cü ildən xx xxxx 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-491/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının xx xxxx 1994-cü il tarixdə N saylı hərbi hissədən tərxis olunması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 602 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhər Hərbi komissarlığı tərəfindən hərbi xidmətə səfərbər olunmuş, xx.xx.1994-cü ildə təkrarən səfərbər olunaraq Pirəküşkül toplanış məntəqəsinə təhvil verilmişdir. İş materiallarında olan DİN Şəki “Asan xidmət” mərkəzi tərəfindən verilən xx.xx.2020-ci il tarixli A-851 nömrəli arayışda qeyd edilir ki, xx xxxxxxxx 1967-ci ildə Azərbaycan Respublikası, Mingəçevir şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Müdafiə Nazirliyinin İşlər X1 N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.1993-cü il tarixli əmrindən xx.xx.2020-ci il tarixli arxiv çıxarışından müəyyən edilir ki, iddiaçı hərbi hissənin tərkibinə gəlmiş, ona hər cür təminatlardan istifadə etmək hüququ verilmiş və 5-ci moto-atıcı batalyona təyin edilmişdir. Çıxarışın “Qeyd” hissəsində göstərilir ki, əmr hərbi hissə komandiri və ya qərargah rəisi tərəfindən imza və ya möhürlə təsdiq edilməmiş, əmrin verilmə tarixində olan “3” rəqəmi qaralanmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin İşlər X1 N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.1994-cü il tarixli əmrindən xx.xx.2020-ci il tarixli arxiv çıxarışından müəyyən edilir ki, N nömrəli hərbi hissədən xx.xx.1994-cü il tarixdə göndərilmiş əsgər heyəti N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, tabor və əlahiddə bölüklərin tərkibində ştata təyin olunmaqla bütün növ təminatlarla təmin edilmişlər. Çıxarışın “Qeyd” hissəsində göstərilir ki, əmr hərbi hissə komandiri və ya qərargah rəisi tərəfindən imza və ya möhürlə təsdiq edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2- 4862 nömrəli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin iyun 1993cü il, aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, əlifba qeydiyyatı kitablarında, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı Abdulhəmid oğlunun xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində onun 1-ci Qarabağ müharibəsində iştirakı barədə müvafiq qeydlər yoxdur. Biletin 20-ci səhifəsində qeyd edilir ki, ******* nömrəli hərbi biletini itirdiyinə görə İXM 607 maddəsi ilə xəbərdar olunub, təkrar hərbi bilet verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məhkəmə qətnaməsi ilə deyil, aidiyyəti dövlət orqanının əmri və arxiv arayışı əsasında verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı x xxxxxx 2020-ci il tarixli və 2- 1(102)-555/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-302/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-302/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver