Məhkəmə qərarları › İş №2-1(116)-3024/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3024/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3024/2023 21.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçı barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 23 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Mətanət”dən “Lətafət”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Rayon Qeydiyyat Şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan ona məxsus doğum haqqında akt qeydində adının “Mətanət” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Lətafət” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “iddiaçı barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 23 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Mətanət”dən “Lətafət”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxx 1960-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Zarağan kəndində anadan olmuşdur. Valideynləri - atası X9 və anası X1 şöbəsinə doğumu barədə müraciət etmişlər və doğum qeydi aparılmışdır. xx.xx.1982-ci il tarixində X7 ilə nikaha daxil olaraq soyadını “Mahmudova” kimi qeyd elətdirmişdir. Sənədləşmə işinə görə Qəbələ rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və onun vaxtilə Qutqaşen (indiki Qəbələ) rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1961-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən uşaq haqqında məlumat qrafasında adının “Lətafət” əvəzinə səhvən “Mətanət” kimi qeyd olunduğu müəyyən olunmuşdur. Həmçinin, şəxsiyyət vəsiqəsində, nikah və uşaqların doğumu haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə Mustafayeva (Mahmudova) Lətafət Abbas qızı kimi yazılmışdır. Hal-hazırda vəfat etmiş ata və anasından qalmış miras əmlakın qəbulu ilə əlaqədar Notariat ofisinə müraciət etsə də, adı Qəbələ rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə “Mətanət” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 26 iyul 2023-cü il tarixli, 3-16-5/8-15-M-160/2023 saylı imtina məktubu da verilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “Lətafət” kimi qeyd olunmuşdur. - 007124 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçının adı “Lətafət” kimi qeyd olunmuşdur. - Qəbələ rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-353-2023 nömrəli arayışından və xx.xx.1982-cı il tarixli 37 №-li nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X7 ilə X6 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. - Xİ- ЖГ 337051 nömrəli doğum haqqında şəhadətnamədən və xx.xx.1984-cü il tarixli 14 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə anadan olmuş X3 “ana haqqında məlumat” qrafasında - İddiaçı qeyd edilmişdir. - xx.xx.1984-cü il tarixli 14 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə anadan olmuş X2 “ana haqqında məlumat” qrafasında- İddiaçı qeyd edilmişdir. - xx.xx.1986-cı il tarixli 89 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə anadan olmuş X4 “ana haqqında məlumat” qrafasında- İddiaçı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı xx.xx.1961-ci il tarixli 23 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı tələbi doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Mətanət”dən “Lətafət”ə düzəliş edilməsindən ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum akt qeydində “Mətanət” qeyd edilməsinə baxmayaraq, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, xx.xx.1982-cı il tarixli 37 №-li nikahın bağlanması haqqında akt qeydində, o cümlədən iddiaçının övladlarının doğum haqqında akt qeydlərində “ana haqqında məlumat” qrafasında adı “Lətafət” qeyd edilmişdir. Göründüyü kimi mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı texniki xətaya yol verilmiş və düzəliş edilməsi tələb edilən qeydin düzgün olub-olmamasını müəyyən etmək üçün iddiaçı və ailə üzvləri barəsində tərtib edilmiş akt qeydləri və digər sənədlər mövcud olmuşdur. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinin üzərinə xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydində “uşaq haqqında məlumat” qrafasında iddiaçının adının “Mətanət”dən “Lətafət”ə düzəliş edilməsi öhdəliyi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar