Məhkəmə qərarları › İş №2-1(116)-3029/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3029/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3029/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023-cü il tarixli qərarına əsasən ona ödənməli olan pensiya məbləğinin illik indeksassiya nəzərə alınmaqla düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023cü il tarixli qərarına əsasən ona ödənməli olan pensiya məbləğinin illik indeksassiya nəzərə alınmaqla düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 13 avqust 2025-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının şifahi vəsatəti əsasında cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını iclas protokolunun qərardadına əsasən təmin edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərə aid aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 2012-ci il 6 fevraldan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” barədə tələbi üzrə inzibati məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-351/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-351/2022 saylı qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-291/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdeh müraciət etdiyi 21 avqust 2018-ci il tarixdən 3 il geri, yəni 21 avqust 2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona təyin edilmiş pensiyanın Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023cü il tarixli qərarına əsasən düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbi ilə yenidən inzibati məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan da aydın görünür ki, iddiaçının hazırki tələbi Şəki Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarın icrası ilə bağlıdır. Ona görə də, iddiaçının cavabdeh orqanın onun barəsində qəbul edilmiş qərarın icrası ilə bağlı hər hansı hərəkətini mübahisələndirdiyi halda, yekun məhkəmə aktnı qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etməlidir. Belə ki, qeyd edilən mübahisəyə artıq mahiyyəti üzrə baxıldığından və iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir (iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edir ki,iddiaçının hazırkı məzmunlu ərizəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1120/2025 saylı 14 yanvar 2025-ci il tarixli Qərardadına əsasən mümkün sayılmamış,iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəmə iclası keçirilərək iddiaçının dinlənilmə hüququnun təmin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-291/2023 saylı, 04 may 2023-cü il tarixli qərarına əsasən ona ödənməli olan pensiya məbləğinin illik indeksassiya nəzərə alınmaqla düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar