Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3038/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 №-li Qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüquqları xx.xx.2000-ci il tarixdə 01 №-li reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmış Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla buna dair texniki pasport və elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 №-li Qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüquqları xx.xx.2000-ci il tarixdə 01 №li reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmış Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla buna dair texniki pasport və elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Oğuz Rayonu Bucaq kənd X3 Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 №-li protokol qərarı əsasında Oğuz rayonu, Bucaq kəndi ərazisində yerləşən 1971-ci ildə inşa edilmiş 141 inventar nömrəli qeyri-yaşayış binasına dair İddiaçı adına Texniki Pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri- yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə 01 №-li reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmışdır. Yuxarıda qeyd edilmiş əsaslarla tərəfindən xx.xx.2000-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, buna dair Elektron Çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, həmin İdarə tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-3327/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, qeyri- yaşayış sahəsinin yerləşdiyi Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilmədiyindən müraciətimin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddia olunan Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri- yaşayış binasının və həmin qeyri-yaşayış binasının yerləşdiyi 231 kv.m torpaq sahəsinə dair müvafiq icarə müqaviləsi təqdim etməmişdir. İddia olunan Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinə dair (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hər hansı sənəd təqim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 52 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyri- yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları xx.xx.2000-ci il tarixdə 01 №-li reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alınmışdır.
3. 141 inventar nömrəli qeyri-yaşayış binasına dair Texniki Pasportun surətindən görünür ki, Oğuz Rayonu Bucaq kənd X3 Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 №-li protokol qərarına əsasən Oğuz rayonu, Bucaq kəndində yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmış, 52 №-li Qeydiyyat Vəsiqəsi tərtib edilmişdir. Qeydiyyat vəsiqəsində İddiaçı xüsusi mülkiyyət hüquqları xx.xx.2000-ci il tarixdə 01 №-li reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat və 141 inventar nömrəsi ilə qeydə alındığı bildirilmişdir.Həmçinin 141 inventar nömrəli qeyri-yaşayış binasına dair Texniki Pasportun surətindən görünür ki, Oğuz Rayonu Bucaq kənd X3 Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 №-li protokol qərarına əsasən Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüuqi marağı Qeydiyyat vəsiqəsinin Çıxarışla əvəz edilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını iddia olunan Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməsi təşkil edir. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə əsas amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına Oğuz rayonu Bucaq kəndində yerləşən qeyri-yaşayış binasına xx.xx.2000-ci il tarixdə 01 №-li reyestr kitabının 13-cü səhifəsində 52 qeydiyyat aparılmış,141 inventar nömrəli qeyri-yaşayış binasına dair Texniki pasportun verilməsinə dair dövlət reyestr kitabında qeydiyyat mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunanlara əsasən iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin daşınmaz əmlaka dair Çıxarış verilməsini istisna etmir.Belə ki,iddia tələbi Qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış binasına dair çıxarışın verilməsindən ibarətdir,bu zaman həmin əmlakın yerləşdiyi torpaq sahəsinin hüquqi rejiminə dair hər hansı tələb mövcud olmadığından ilkin qaydada saxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayonu Bucaq kəndində qeyri-yaşayış binasına İddiaçı adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Oğuz rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 52 nömrəli Qeydiyyat vəsiqəsi və 141 inventar nömrəli qeyri-yaşayış binasına dair texniki pasporta uyğun mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə