Məhkəmə qərarları › İş №2-1(116)-305/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-305/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-305/2020 02.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "1986, 1987-ci və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı 09.10.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qəbələ rayon şöbəsinə müraciət etmişdir. Lakin sonuncu ona məxsus olan arxiv arayışında göstərilən illərin sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona pensiya təyin etməkdən imtina edilmişdir. İddiaçı məhkəmənin 02.03.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "1986, 1987-ci və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı 09.10.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddia qarşı imtinasından görünür ki, DSMF-nin Qəbələ rayon şöbəsi bildirir ki, yaşa görə pensiya təyin olunması tələbi ilə şöbəyə daxil olmuş 10.08.2018-ci il tarixli ərizəyə əsasən pensiya hüququna pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim edildiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində əmək kitabçası təqdim etməmiş, əvəzində 1986-1991-ci illərdə işləməyi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli 135 saylı arayış təqdim etmişdir. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli 135 saylı arayış “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəsinin iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, iddiaçı 1986-1991- ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Dövlət Arxivinin 13.07.2018-ci il 135 nömrəli arxiv arayışı, DSMF-nin Qəbələ Rayon Şöbəsində Pensiya təyin edən komissiyanın 17.08.2018-ci il tarixli 166 nömrəli qərarı, DSMF-nin Qəbələ rayon şöbəsinin 17.08.2019-cu il tarixli 166 nömrəli imtina məktubu, 13.12.2019-cu il tarixli **********3 nömrəli məktubu, 13.12.2019-cu il tarixli aktı, Doğum haqqında AZ-İV seriyalı 404365 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Nikah haqqında AZ-T seriyalı 020093 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1986, 1987-ci və 1991ci illərdə “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olması Qəbələ rayon Dövlət Arxivinin 13.07.2018-ci il tarixli 135 saylı arxiv arayışı ilə öz təsdiqini tapır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı 09.10.2015-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İddiaçı xx.xx.1960-cı il tarixində anadan olmuşdur. Belə ki, iş materiallarında olan 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 25.11.1999-cu il tarixindən 01.12.2007-ci il tarixinədək 22.01.1992-ci il təvəllüdlü oğlu X3 qulluq etmişdir və qeyd olunan müddət 8 il təşkil edir. Əgər onun kolxozda işlədiyi müddət sığorta stajına daxil edilsə, onun tələb olunan 10 il stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 8.2ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1986, 1987-ci və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ayın sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı 09.10.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1986, 1987-ci və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı 09.10.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar