Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-306/2021 25.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına (hazırda 16 saylı regional ərazi filialı) qarşı “ikinci qrup sosial müavinət növündən xx xxxx 2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx 1993-cü il tarixdə Balakən rayonunda anadan olmuşdur. xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hərbi xidmət keçmişdir. İddiaçı 2014-cü ilin 01 aprel tarixindən indiyədək Hərbiləşdirilmiş Mühafizə İdarəsi MMC-də mühafizəçi işləyir. Ümumi xəstəliklə əlaqədar olaraq iddiaçı xx xxxxx 2018-ci il tarixdən Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ikinci qrup əlillik dərəcəsi almış və həmin vaxtdan ona əlilliyə görə müavinət ödənilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək təyin edilmiş ikinci qrup əlilliyə görə müavinətin əlilliyə görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh orqan imtina məktubunda əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 yaşlı ikinci qrup əlil şəxsin azı 5 il sığorta stajı və 9000 manat pensiya kapitalına malik olmasını qeyd etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-nin İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Əmək pensiyaları haqqında qanunun 13.2 maddəsinə əsasən “Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192- yə olan nisbəti şəklində müəyyənləşdirilir” və qanunun 13.3 maddəsinə əsasən Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır, (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi tiesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K- sığorta davamiyyəti əmsalıdır İddiaçıya münasibətdə tələb olunan sığorta stajı:
1. 30 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 15 il (əmək qabiliyyətli yaş dövrü)
2. 15 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 60 ay İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 60/192x144x160=7200 İddiaçıya 2020-ci il tarixə tələb olunan pensiya kapitalı 60/192x144x200=9000 Hal-hazırda minimum əmək pensiyası 200 manat olduğu üçün 26 yaşlı 2-ci qrup əlil üçün əmək pensiyası hüququ 9000 manat pensiya kapitalı olduqda yaranır. Lakin İddiaçı ümumi toplanmış pensiya kapitalı 3953,54 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslıdır.
Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı xx xxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli TSEK-nın sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbilə xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Balakən rayon Asan Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli elektron arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçının pensiya işinin sənədlərinin surətlərindən müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixli 245 nömrəli qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəliyinə görə ikinci dərəcə əlillik təyin edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyi üçün hazırkı mübahisə yaranmışdır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı və 7200 manat pensiya kapitalı tələb olunur. İş materiallarına əsasən iddiaçının 3953 manat 54 qəpik pensiya kapitalı olduğu müəyyən edilir. İddiaçının xx xxxxxx 1993-cü il təvəllüdlü olmaqla ona xx xxxxx 2018-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 5 il sığorta stajı olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının ümumi toplanmış pensiya kapitalı 3953.54 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi qanunvericiliyə əsasən iddiaçının əlillik təyin olunan zaman tələb edilən 5 il əmək stajı tamamlanmamışdır. Belə ki, iddiaçının sığorta stajı və hərbi xidmət müddətini topladıqda tələb olunan 60 ay müddət tamamlanmır (36 ay iddiaçının mövcud sığorta stajı + 18 ay hərbi xidmət müddəti = 54 ay). Bu səbəblə də iddiaçı xx xxxx 2019-cu il tarixdən, yəni tələb olunan 5 il stajı tamamlananda ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 3953.54 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 60 olduğundan, əmsal 0,3125 təşkil edir. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0.3125x144=45) və alınmış rəqəm minimum əmək pensiyası məbləğinə vurularaq (45x160=7200) tələb olunan minimum pensiya kapitalı məbləği müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olduğundan, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadığından ona əlilliyə görə əmək pensiyası pensiyası təyin edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına (hazırda 16 saylı regional ərazi filialı) qarşı “ikinci qrup sosial müavinət növündən xx xxxx 2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: İlqar Cabbarov