Məhkəmə qərarları › İş №2-1(116)-306/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-306/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-306/2025 26.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci ildən təyin edilən güzəştli şərtlərlə əmək pensiyasının yenidən, yəni 01 noyabr 2017-ci ildə 55 yaşının tamam olduğu üçün həmin tarixdən yenidən hesablanaraq ona ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci ildən təyin edilən güzəştli şərtlərlə əmək pensiyasının yenidən, yəni 01 noyabr 2017-ci ildə 55 yaşının tamam olduğu üçün həmin tarixdən yenidən hesablanaraq ona ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx xxxxxx 1962-ci ildə doğulmudur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1978-ci ildən Mingəçevir şəhəri Toxuculuq Kombinatında əyirici ixtisası üzrə fəaliyyətə başlamışdır. xx.xx.1998-ci il tarixinədək həmin kombinatda əyirici ixtisası üzrə 20 il fasiləsiz işləmişdir. 1978-1998-ci illərdə Mingəçevir şəhəri Toxuculuq Kombinatında əyirici vəzifəsində işləmişdir. Bu barədə Əmək kitabçasında və xx.xx.2024-cü il tarixli Arxiv Arayışında da qeydlər var. 01 noyabr 2022-ci ildə 60 yaşının tamam olması ilə pensiya təyin olunmuşdur. Elə həmin vaxtlar DSMF-yə müraciət etdi və bildirdi ki, iddiaçının güzəştli pensiya hüququ 55 yaşı tamam olandan, yəni 2017-ci ildən iddiaçıya güzəştli şərtlərlə pensiya hesablanmalıdır. Bununla bağlı iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdi. Lakin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “iddiaçıya güzəştli pensiya xx.xx.2022-ci ildən hesablanır”. İddiaçı bu cavabla razılaşmadı və ikinci dəfə xx.xx.2023cü il tarixdə cavabdeh orqana rəsmi müraciət etdi. Lakin cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubunda yenidən eyni məzmunda imtina cavabı gəldi və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Lakin, iddiaçı bununla razı deyil. Hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu işin faktiki tərəfləri ilə yanaşı, qanunvericilikdə də kifayət qədər hüquqi normalar iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiq edir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: “Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1 (116)- 1631/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir. Belə ki, hazırki iş üzrə İddiaçı xx.xx.2023-cü və 21,12.2023-cü il tarixlərdə Mərkəzi Filiala ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə Mərkəzi Filial tərəfindən baxılaraq 25 may 2023-cü il tarixli 3-17- 1/2-0-116635/2023 və 18.01 2024-cü il tarixli 3-17-1/2-0-11245/2/2024 nömrəli eyni məzmunlu məktublarla cavab verilmişdir. Həmin məktublara əsasən ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən 55 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 23100,00 hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 12654,60 təşkil edirdi. Həmçinin bildirilmişdir ki, ona Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixindən qüvvədə olan redaksiyasına uyğun olaraq həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasınaının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu. • İddiaçıya məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti. • Cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-7-2073/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar. • Cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-7-6277/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar. • İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçasının surəti. • Mingəçevir şəhər dövlət arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışının surəti. • Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 348 nömrəli əmrinin surəti. • Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 28 il 8 ay 6 gün (xx.xx.2006-cı il tarixinədək 12 il 3 ay 6 gün (xx.xx.1978-xx.xx.1984-cü il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (1993-cü ildə 1 ay, 1995-ci ildə 1 ay, 1997-ci ildə 1 ay ödənişsiz məzuniyyətdə olduğu işləmədiyi aylar iş stajına daxil edilməmişdir), həmin tarixdən sonra 16 il 5 ay), güzəştli iş stajı isə 10 il 3 ay 07 gün (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir.İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci ildən təyin edilən güzəştli şərtlərlə əmək pensiyasının yenidən, yəni 01 noyabr 2017-ci ildə 55 yaşının tamam olduğu tarixdən yenidən hesablanaraq ona ödənilməsi ilə bağlıdır. Cavabdeh imtinasının əsası kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə, iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı olmasına istinad etmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarının tələbləri baxımından cavabdehin imtinası ilə razılaşır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan normaların məzmunundan belə nəticəyə gəlinir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır: şəxs tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5); azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Bununla yanaşı “Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Normanın tələbinə görə iddiaçının ümumi və xüsusi iş stajı ilə yanaşı onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı da mövcud olmalıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən 55 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 23100,00 hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 12654,60 təşkil etməsi yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçının hazırkı tələbdə nail olmaq istədiyi məqsədi qanunverici fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verilməsi ilə şərtləndirmişdir. Lakin iddiaçıya tələb etdiyi dövr üzrə bu şərtin mövcudluğu sübut olunmur. Şərh olunanlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci ildən təyin edilən güzəştli şərtlərlə əmək pensiyasının yenidən, yəni 01 noyabr 2017-ci ildə 55 yaşının tamam olduğu üçün həmin tarixdən yenidən hesablanaraq ona ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar