Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3078/2025 30.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin aztəminatlı bir il ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsi və 2025-ci ilin mart ayında qanunsuz dayandırılmış hər ay üçün 439,31 AZN məbləğin və 2025-ci ilin mart ayından 3 ay ərzində verilməyən 1317,93 AZN məbləğin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “Vemtas tərəfindən xx.xx.2024-cü il tarixdə aztəminatlı ailəsinə 1il müddətinə təyin olunmuş sosial yardımın verilişini, 10-cu ayda, yəni 2025-ci ilin aprel ayında dayandırılması və aztəminatlı ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsi və 2025-ci ilin aprel ayında qanunsuz dayandırılıb verilməyən 1317,93 AZN məbləğinin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, Ünvanlı dövlət sosial yardımının alınması məqsədilə 4 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayış notariat qaydasında təsdiq edilmiş və xx.xx.2024-cü il tarixli, **********562 nömrəli “Ərizə-bəyannamə” əsasında müraciət edilmişdir. Müraciətə uyğun olaraq, VEMTAS tərəfindən 07 iyul 2024-cü ildən etibarən hər ay üçün 439,31 manat məbləğində olmaqla, 1 il müddətinə həmin aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmiş və yardım 9 ay müddətində ödənilmişdir. Lakin sonradan cavabdeh orqan yardım alan şəxsin ünvanda qeydiyyatda olan valideynini ailə tərkibinə daxil etmədiyini əsas gətirərək, “ailə tərkibinin düzgün göstərilməməsi” iddiası ilə çıxış etmişdir. Orqan iddia etmişdir ki, qeydiyyatda olan valideyn guya həmin ailəni saxlamağa, birgə təsərrüfat aparmağa, maddi cəhətdən təmin etməyə və öz büdcəsinin vəsaiti hesabına həmin aztəminatlı ailəyə sosial yardım verilməsinə “borcludur”. Bu əsassız iddialar nəticəsində cavabdeh orqan 10-cu ayda – yəni 2025-ci ilin mart ayında ünvanlı dövlət sosial yardımının verilməsini qanunsuz olaraq dayandırmış və aztəminatlı ailənin sosial yardım almaq hüququ 1 il müddətinə əsassız və qanunsuz şəkildə məhdudlaşdırılmışdır. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli 3-17-1/2-234661/2025 nömrəli iddia tələbinə etirazında “Ünvanlı dövlət sosial yardımı haqqında” xx.xx.2005-ci il tarixli Qanunun 3-cü, 1.0.5-ci, 6.2-ci, 6.3-cü, 10.1-ci, ,10.3-cü, 10.2-ci, 10.4-cü maddələrinə, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanına, “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” na istinad edilərək bildirilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********7058-1 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsasla imtina verilmişdir: Ailədə ÜDSY təyini üçün müraciəti məhdudlaşdırılmış şəxsin olması. Belə ki, iddiaçıya ailəsini təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********56201-197 nömrəli müraciəti əsasında xx.xx.2024-cü il tarixindən aylıq 439.31 manat məbləğində ÜDSY təyin edilmişdir. Təyin edilmiş ÜDSY üzrə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar müayinə zamanı iddiaçının həyat yoldaşı X2 iştirakı ilə tərtib olunmuş müayinə aktına əsasən N.Cəmullazadənin anası X4 1 ildir ki “Ərizə-bəyannamə” də qeyd olunan ünvanda ailə ilə birgə təsərrüfatda yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır. İddiaçının qayınanasının ailə tərkibində qeyd olunmamasına baxmayaraq həmin evdə ailə ilə birgə təsərrüfatda yaşadığının aşkarlanması imtina üçün əsas olmuş, müayinə zamanı tərtib olunmuş akt iddiaçının həyat yoldaşı N.Cəmullazadənin imzası ilə təsdiqlənmişdir. Qeyd olunan səbəbdən iddiaçıya təyin edilmiş ÜDSY xx.xx.2025-ci il tarixindən ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə dayandırılmış və həmin tarixdən iddiaçının ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. İddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən əsaslı olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Müayinə zamanı evdə “Ərizə-bəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla Monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz “Ərizə-bəyannamə”sində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİ.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İİİ.Məhkəmənin mövqeyi. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:
1. Cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair qərarın ləğv edilməsi;
2. Ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi. İşin hallarından görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında ailəyə xx.xx.2024-cü il tarixdən aylıq 439,31 manat məbləğində sosial yardım təyin olunmuş, daha sonra ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə xx.xx.2025-ci il tarixində dayandırılmış, iddiaçının ÜDSY almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. xx.xx.2025-ci ildə ÜDSY-ın alınması üçün ailə tərəfindən cavabdeh orqana müraciət olunmuş, məhdudlaşdırılma səbəbindən ÜDSY təyin olunmasından imtina edilmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, cavabdeh orqan iddiaçının ailəsinə xx.xx.2024-cü il tarixdən 439,31 manat məbləğində sosial yardım təyin etmişdir. Daha sonra ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə ÜDSY xx.xx.2025-ci il tarixdə dayandırılmış, iddiaçının ÜDSY almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Cavabdeh orqan təyin edilmiş sosial yardımın dayandırılmasını maddi məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi ilə əsaslandırmışdır. Belə ki, cavabdeh orqanın mövqeyinə görə maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, ərizəçinin qayınanası X4 da ünvanda ailə ilə bigə yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinə xx.xx.2024-cü ildən etibarən bir il müddətinə aylıq 439.31 manat ünvanlı sosial yardım təyin edilmiş və xx.xx.2025-ci il tarixədək ödənilmişdir. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Məhkəmə göstərilən mövqedən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailə tərkibinin düzgün göstərilməməsindən ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əmək etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Təmsilçinin (iddiaçının) qeyd olunan ünvanda qaynanası ilə birgə təsərrüfat apardığının müəyyən edilməsinə dair etirazın dəlililinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qaynanasının həmin şəxslərlə birgə yaşama halının mövcudluğu onlarla ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Yəni, sözügedən şəxsin iddiaçının ailəsi ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 №-li Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində Əsas anlayışlar hissəsində ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər. Göründüyü kimi iddiaçı, arvadı və uşaqlarının yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslərlə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır. Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun qayınanası iddiaçını və onun ailəsini saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşamasından başqa digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçıya təyin edilmiş ÜDSY dayandırmışdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə onu da qeyd edir ki, inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Qayınanasının iddiaçı ilə birgə təsərrüfat aparmasına dair dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılmasında və 1 il müddətinə məhdudlaşdırma qərarının qəbul edilməsində cavabdeh orqan haqlı olmamışdır. Məhkəmə hesab edir ki,iddiaçının ailəsinə xx.xx.2025-ci il tarixli imtinaya əsas olmuş hal, tətbiq edilmiş dayandırma və məhdudiyyət qərarı ləğv edilməli və ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımın dayandırılması və məhdudiyyət tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və cavabdehin üzərinə İddiaçı aztəminatlı ailəsinə xx.xx.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X9 Əsədova