Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-308/2020 11.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “01.09.1969-cu il tarixdən 25.06.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) X2 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 28.02.2015-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 01 sentyabr 1969-cu il tarixdən 25 iyun 1973-cıi il tarixədək Həsən bəy Zərdabi adına Kirovabad (Gəncə) X3 əyani təhsil almışdır. O, 28.02.2015-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxarkən onun 01 sentyabr 1969-cu il tarixdən 25 iyun 1973cü il tarixədək Həsən bəy Zərdabi adına Kirovabad (Gəncə) X3 əyani təhsil aldığı müddət cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının təhsil aldığı müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə pensiya məbləği 10,48 manat artacaqdır. O, həmin təhsil müddətinin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanıb verilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etsə də bundan rəsmən imtina edilmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İsmayıllı rayon şöbəsinin imtinası tamamilə əsassızdır. İddiaçı 11.03.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “01.09.1969-cu il tarixdən 25.06.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) X2 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 28.02.2015-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin iclas protokolunun qərardadı ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, əyani təhsil dövrünün ümumi iş stajına əlavə edilməklə pensiyanızın yenidən haqq hesab edilməsi barədəki 24.09.2019-cu il tarixli **********0 saylı müraciətiniz şöbənin pensiya təyin edən komissiyasının 26 sentyabr 2019cu il tarixdə keçirilən iclasında araşdırılmışdır. Araşdırma zamanı məlum oldu ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Sizə, 28.02.2015-ci il tarixdə yaşa görə əmək pensiyaları təyinatı zamanı sığorta stajı hesablanarkən qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajları tərkibinə daxil edilmişdir. Həmin maddədə əyani təhsil dövrünün sığorta stajına daxil edilməsi nəzərədə tutulmadığı üçün Sizin 1969-1973-cü illərdə əyani təhsil aldığınız dövr sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən komissiyanın qərarı ilə əyani təhsil dövrünün sığorta stajına daxil edilməklə pensiyanızın yenidən haqq hesab edilməsi barədəki tələbiniz mümkün sayılmamışdır. Cavabdeh 24.01.2020-ci il tarixdə iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın məzmununa uyğun əsaslandırmışdır. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Ю seriyalı 294068 nömrəli diplomun təsdiqlənmiş surəti, Cavabdeh 26.09.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu və 23.01.2020-ci il tarixli **********6 nömrəli etirazı və məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, iddiaçı 1969-1973-cü illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan başqa məhkəmə iddianın təhsil müddətinin yaşa görə əmək pensiyası təyin edildiyi 28.02.2015-ci il tarixdən sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, yuxarıda şərh olunduğu kimi iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunverciliyin tələbləri baxımından onun təhsil aldığı dövr ona iş stajı kimi qəbul edilmiş və bu hüquq artıq sonuncu tərəfindən qazanılmış hüquqdur. Belə olan halda iddiaçının təhsil aldığı dövr onun pensiyaya çıxdığı tarixdən sosial sığorta stajına daxil edilməli və pensiya məbləğində yaranan fərq ona ödənilməlidir. İddiaçıya ödənilməli pensiya məbləği sonuncunun mülkiyyətidir ki, o heç bir halda mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.09.1969-cu il tarixdən 25.06.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) X2 əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 28.02.2015-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-308/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-308/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver