Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-308/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Şəki ŞİH başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş 30.10.1987-ci il tarixli 50 nömrəli ölüm haqqında akt qeydi əsasında aparılmış ölüm haqqında qeydiyyatın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh arxivində saxlanılan adına Şəki Şəhər İH başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 30.10.1987-ci il tarixli 50 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1984-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Bu barədə şəhər İH başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində 14.10.1984-cü il tarixli 176 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı 09.01.2008-ci ildə Şəki ŞİH başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində X6 ilə rəsmi qaydada nikaha daxil olmuş, birgə nikahlarından 26.01.2009-cu il təvəllüdlü X7, 14.04.2011-ci il təvəllüdlü X9 və 12.10.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı notariat ofisində avtomobillə bağlı etibarnamə verdiyi zaman informasiya sistemində onun adına ölüm haqqında akt qeydinin olduğu bildirilmişdir. Bununla bağlı iddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə məhkəməyə ünvanladığı 28.10.2021-ci il tarixli 05/Q-4351/13 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının onun haqqında tərtib olunmuş 30.10.1987-ci il tarixli 50 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair iddiasına etirazları yoxdur. İddiaçı hazırlıq icraatı çərçivəsində 01.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Şəki ŞİH başçısının Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş 30.10.1987-ci il tarixli 50 nömrəli ölüm haqqında akt qeydi əsasında aparılmış ölüm haqqında qeydiyyatın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. 314681 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. X1, anası X5r. 0476127 nömrəli iddiaçıya məxsus “Hərbi bilet”in təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 06.10.2002-ci ildən 14.04.2004-cü ilədək hərbi xidmətdə olmuşdur. 373103 nömrəli “Nikah haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X6 arasında 09.01.2008-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09.01.2008-ci il tarixdə 02 nömrəli qeyd aparılmışdır. AZE12353781 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 26.01.2009cu ildə anadan olmuşdur. AZE11570791 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 14.04.2011ci ildə anadan olmuşdur. AA1621900 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 12.10.2015-ci ildə anadan olmuşdur. Cavabdehin 28.10.2021-ci il tarixli 05/Q-4351/13 nömrəli məktubuna əlavə olunmuş 14.10.1984-cü il tarixli 176 nömrəli “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X1, anası X5r. Akt qeydi 10.10.1984-cü il tarixli həkim arayışına əsasən tərtib edilmişdir. Cavabdehin 28.10.2021-ci il tarixli 05/Q-4351/13 nömrəli məktubuna əlavə olunmuş 30.10.1987-ci il tarixli 50 nömrəli “Ölüm haqqında akt qeydi”nin təsdiq edilmiş surətində qeyd olunur ki, İddiaçı 29.10.1987-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən çıxarışından görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. Çıxarışda 14.07.2020-ci il tarixdə verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin olması, həmçinin 29.10.1987-ci il tarixdə İddiaçı öldüyü qeyd edilmişdir. Əhalinin Dövlət Reyestri məlumatlarına iddiaçının hazırkı görünüşünü əks etdirən fotoşəkil əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən çıxarışından görünür ki, X8 İddiaçı həyat yoldaşıdır. 26.01.2009-cu il təvəllüdlü X7, 14.04.2011-ci il təvəllüdlü X9 və 12.10.2015-ci il təvəllüdlü X4 İddiaçı övladlarıdır. Cavabdehin 05.03.2022-ci il tarixli 05/Q-857/13 nömrəli məktubuna əlavə olunmuş “nikahın bağlanması haqqında” 18.04.1979-cu il tarixli 45 nömrəli qeydin təsdiq olunmuş surətindən görünür ki, X2 ilə Abdurahmanova (Salmanova) Rəfiqə Nəzir qızı arasında nikah bağlanmışdır. Respublika Dövlət Arxivinin Şəki filialının 08.04.2022-ci il tarixli 82 nömrəli məktubuna əlavə olunmuş 1983-1985-ci illərə dair 11 nömrəli təsərrüfatbaşına kitabının təsdiq olunmuş surətindən görünür ki, orada İddiaçı adı qeyd olunmuşdur. Doğum tarixi xx.xx.1984-cü il olaraq göstərilmişdir. Respublika Dövlət Arxivinin Şəki filialının 08.04.2022-ci il tarixli 82 nömrəli məktubuna əlavə olunmuş 1986-1990-cı illərə dair 12 nömrəli təsərrüfatbaşına kitabının təsdiq olunmuş surətindən görünür ki, orada İddiaçı adı qeyd olunmuşdur. Doğum tarixi xx.xx.1984-cü il olaraq göstərilmişdir. Respublika Dövlət Arxivinin Şəki filialının 08.04.2022-ci il tarixli 82 nömrəli məktubuna əlavə olunmuş 1991-1995-ci illərə dair 17 nömrəli təsərrüfatbaşına kitabının təsdiq olunmuş surətindən görünür ki, orada İddiaçı adı qeyd olunmuşdur. Doğum tarixi xx.xx.1984-cü il olaraq göstərilmişdir. 24.05.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında ailələrində xx.xx.1984-cü il tarixdə İddiaçı dünyaya gəldiyini, başqa qardaşının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... 193-cü maddəyə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır... 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir... 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 və X3 ailəsində xx.xx.1984-cü il tarixdə oğlan övladı dünyaya gəlmiş, adı doğum akt qeydində Əlövsət kimi qeyd edilmişdir. Görünür ki, nümayəndəlik tərəfindən səhvən İddiaçı münasibətdə ölüm akt qeydi tərtib edilmişdir. Lakin sonradan ailəyə məxsus təsərrüfatbaşına kirablarda müxtəlif illərdə İddiaçı adı sağ olan ailə üzvləri qismində göstərilmişdir. Eyni zamanda İddiaçı 314681 nömrəli, 14.10.1984-cü il tarixli Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi (yeni şəxsiyyət vəsiqəsinin nömrəsi: AA*******) verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı barəsində Şəki ŞİH başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 30.10.1987-ci il tarixli, 50 nömrəli Ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-308/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-308/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver