Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3086/2024 20.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki şəhəri, P.Əliyev küçəsi, ev 11) cavabdeh – Şəki Şəhər-Rayon Polis Şöbəsinə (yerləşdiyi yer: Şəki M.F.Axundzadə prospekti 1) (üçüncü şəxs – X2 inzibati məhkəmə icraatına cəlb olunmaqla qeydiyyat ünvanı: ünvan 1ma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 2ul etdi: Təsviri hissə : Şəki şəhəri, P.Əliyev küçəsində yerləşən 11 saylı ev mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Fərdi yaşayış evi ona 28 iyul 2007-ci il tarixdə notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi əsasında əvvəlki mülkiyyətçisi tərəfindən hədiyyə olunmuşdur. İddiaçının həmin evə mülkiyyət hüququ Daınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 28 avqust 2007-ci il tarixdə qeydiyyat alınmış və bu barədə həmin tarixdə ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Həmin fərdi yaşayış evinə dair 10 aprel 1984-cü il tarixdə iddiaçının atası X3 adına Texniki İnventarizasiya Bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçıya AR DİN-dən ASAN-Şəki xidmət mərkəzi vasitəsilə verilən 11 iyul 2024-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan məlum olmuşdur ki, 1965-ci il təvəllüdlü X2 5 yanvar 2006-cı il tarixdən həmin fərdi yaşayış evində qeydiyyatdadır. İddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi kimi adıçəkilən şəxsin həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən 16 avqust 2024-cü il tarixli məktubla iddiaçının qaldırdığı həmin məsələnin həllindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə qarşı mülkiyyətində olan evdən həmin şəxsin qeydiyyatdan çıxarılması barədə iddia qaldıraraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki, Şəki şəhəri, P.Əliyev küçəsi, 11 saylı ev onun mülkiyyətindədir. X2 həmin ünvana onun razılığı və icazəsi olmadan qeydiyyata alınmışdır. Adıçəkilən şəxs uzun illərdir ki, həmin ünvanda yaşamır. Onun evdə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına gətirib çıxarır, ona maneələr yaradır. Göstərilənlərə əsaslanaraq, həmin ünvandan X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin 3 sentyabr 2024-cü il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə inzibati məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlansa da, cavabdeh və üçüncü şəxs iclasa gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi Şəki şəhəri, M.F.Axundzadə prospekti 1 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ərizəsində adı göstərilən şəxsin qeydiyyatdan çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 11 sentyabr 2024-cü il tarixli məktubu ilə ünvan 5nında yerləşən fərdi yaşayış evinə dair keçmiş mülkiyyətçi ilə hazırkı İddiaçı arasında bağlanmış 28 iyul 2007-ci il tarixli bağışlanma müqaviləsinin, həmin fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 28 avqust 2007-ci il tarixli (0003006 nömrəli) reyestrdən çıxarışın surətləri təqdim olunmuş və bildirilmişdir ki, X1 ünvan 5nında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Şəki ŞİH başçısının 1 nömrəli sahə İƏD üzrə Nümayəndəliyinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 14 noyabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Fətəli” məhəllə nümayəndəsinin verdiyi məlumata görə ünvan 5nında qeydiyyatda olan X1 yaşadığı evə dəfələrlə müraciət olunsa da, evin qapısı bağlı olmuşdur. Evdə yaşayış olmadığından, sənədləri ünvan sahibinə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Şəki şəhəri, P.Əliyev küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur və onun bu hüququnun yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya evin ondan əvvəlki mülkiyyətçisindən keçmişdir ki, əvvəlki mülkiyyətçi əmlaka dair ona məxsus olmuş mülkiyyət hüququndan əvəzsiz olaraq imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda, köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində, habelə onun ailə üzvü olan və (və ya) evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış hər hansı şəxslərin də həmin müqavilənin bağlanmasına öz etirazı mümkün görünmür. Nəzərə alınmalıdır ki, X1 fərdi yaşayış evinə qeydiyyatı əmlakın əvvəlki mülkiyyətçi X3 mülkiyyət hüququnun qeydiyyata alınması tarixindən sonrakı vaxta təsadüf edir. Buna görə də X1 ünvan 5nında yerləşən fərdi yaşayış evi üzərində hər hansı hüquqlarının olması ehtimalı qalmır. Aidiyyəti səlahiyyətli qurum kimi DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən alınmış sorğuya cavabda da həmin şəxsin (Q.Ə.İbrahimovanın) sözügedən fərdi yaşayış evinə istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. Üçüncü şəxs X1 iddiaçının hazırda mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqlarının mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxsin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. İddiaçının onun həmin ünvanda yaşamaması ilə bağlı dəlili də heç bir sübutla təkzib olunmur. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Şəki Şəhər-Rayon Polis Şöbəsi İddiaçı müraciəti üzrə həmin şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 iddiaçıya məxsus ünvan 5nında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 İddiaçı mülkiyyətində olan ünvan 5nında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 7legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2-1(116)-3086/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3086/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver