Məhkəmə qərarları › İş №2-1(116)-309/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-309/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-309/2021 03.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən təsərrüfat ləğv edilənədək, yəni xx.xx.1997-ci ilədək İsmayıllı rayon Keçmiş Əzizbəyov adına sovxozda sürücü və fəhlə işləmişdir. Həmin təsərrüfatdan xx.xx.1983-cü ildə öz ərizəsi ilə işdən çıxmış, xx.xx.1983-cü ildə yenidən işə qəbul olunmuş və 2 ay 2 gün fasiləsi olmuşdur. Beləliklə, onun ümumi sosial sığorta stajı 22 il 10 ay təşkil etmişdir. Hesablanmış iş stajı və xx.xx.2019 cu ildə sosial sığorta hesabına ödədiyi 811 manat ona minimum əmək pensiyası almaq üçün tələb olunan ümumi sosial sığorta kapitalını təmin etmişdir. Bununla da ona xx.xx.2019-cu ildə yaşa görə minimum əmək pensiyası hesablanmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin direktorunun xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialında yoxlama işi aparılmış və onun əmək fəaliyyətinə dair İsmayıllı dövlət arxivində saxlanılan əmək haqqı sənədlərində 1996-cı ildə bütün il boyu 1997-ci ilin 1-2 və 6-9-cu aylarında sovxoz tərəfindən əmək haqqı hesablanmaması əsas tutularaq həmin müddətlər onun ümumi sosial sığorta stajından çıxılmaqla və bununla da onun əmək pensiyası almaq üçün tələb olunan ümumi sosial sığorta kapitalının çatmadığı əsası ilə İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən ona təyin olunmuş yaşa görə əmək pensiyasının verilməsi dayandırılmışdır. 1996-cı ildə sovxozda ailə podrat üsulu tətbiq edilmiş, ilin sonunda ailə podratı tərəfindən istehsal olunmuş üzümün miqdarına görə hesablanmış pul məbləği ailənin başçısı olan atasının adına yazılmaqla ailəyə verilmişdir. 1997-ci ildə isə ümumilikdə müxtəlif vaxtlarda 5 ayda əmək haqqının yazılmaması təsərrüfatda həmin aylarda işin olmamsı ilə əlaqədardır. Cavabdehin etirazı: İddiaçı qeyd edir ki, o, 1974-1976-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-ci ildən təsərrüfat ləğv edilənədək, yəni xx.xx.1997-ci ilədək İsmayıllı rayon keçmiş Əzizbəyov adına sovxozda sürücü və fəhlə işləmişdir. xx.xx.2019-cu il tarixində isə cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Nəzərinizə çatdırırıq ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası qanuni əsaslarla dayandırılmışdır. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun yaşa görə əmək pensiyası hüququnun yaranması üşün tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmadığı müəyyən edilmişdir. "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 1993, 1995, 1996, 1997-ci illərdə ( ümumilikdə 23 ay ) əmək haqqı hesablanmadığına görə, ona yaşa görə əmək pensiyası hüququ olmadan yaşa görə əmək pensiyası təyin edilmiş və nəticədə 3589,94 manat artıq ödəmə yaranmışdır. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu Ruşan kəndində doğulmuşdur. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1976-1997-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1974-1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək İsmayıllı rayonu Ruşan kənd Əzizbəyov adına sovxozundakı iş stajı müəssisənin əmək haqqı kitablarına əsasən yoxlandıqda müəssisə tərəfindən 1993-cü ilin sentyabr, oktyabr, noyabr, 1995-ci ilin avqust, oktyabr, noyabr, dekabr, 1996-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1997-ci ilin yanvar, fevral, iyun, iyul, avqust aylarında ona hər hansı qaydada əmək haqqı hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Araşdırma qurupu tərəfindən əmək haqqı hesablanmayan ayların sosial sığorta stajına daxil edilməsi məqbul hesab edilməmişdir. Pensiya işi Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisəli qərar xx.xx.2020-ci il tarixində qəbul olunmuş, bu barədə xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya məlumat verilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində poçt vasitəsilə məhkəməyə müraciət edilmişdir. İddiaçı tərəfindən müddət ötürülməmişdir. İddia mümkündür və əsaslıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “X1 haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Cavabdehin “İddiaçı 1993, 1995, 1996, 1997-ci illərdə ( ümumilikdə 23 ay ) əmək haqqı hesablanmadığına görə, onun yaşa görə əmək pensiyası hüququnun yaranmaması” dəlili yuxarıda göstərilən normaların tələbləri baxımından əsassızdır. Cavabdeh dolayı olaraq həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə istinad edir ki, qeyd olunan normadan hərəkətlə iddiaçının 1993-1997-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və cavabdehin üzərinə iddiaçıya təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə İddiaçı təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar