Məhkəmə qərarları › İş №2-1(116)-309/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-309/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-309/2023 06.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Nemət qızının iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X7 verilmiş **********77 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan 326 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsinə faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına uyğun olaraq mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsinə faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına uyğun olaraq mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1974/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1974/2022 nömrəli qərardadı ilə X10 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “üçüncü şəxs X7 verilmiş **********77 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan 326 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsinə faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına uyğun olaraq mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi 400 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş və müvafiq torpaq sahəsinin cizgisi hazırlanmışdır. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu iddia olunan torpaq sahəsinin Mingəçevir bələdiyyəsinin qərarına əsasən ayrılması ilə əsaslandırmışdır. Cavabdeh, iddia tələbinə etirazında qeyd etmişdir ki, Mingəçevir Bələdiyyəsinin 39/5 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış və ləğv olunmuş DT və XKnin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib olunmuş A259416 seriya nömrəli “torpaq sahəsinin planı-ölçüsü” sənədində göstərilən 400 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron xəritə baza məlumatlarında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, həmin torpaq sahəsinin 45 kv.m. hissəsi, 78 kv.m. hissəsi və 2.5 kv.m. hissəsi digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin, 200.5 kv.m. hissəsi avtomobil yolunun və 74 kv.m. hissəsi isə X6 mülkiyyətində olan torpaq sahəsinin (Şəki İnzibati Məhkəməsinin qərarı ilə üst-üstə düşən hissə ləğv edilmişdir) üzərinə düşür. Həmçinin məlum olduğu kimi Mingəçevir Bələdiyyəsinin 39/5 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 400 kv.m torpaq sahəsinə dair tərtib edilmiş A259416 seriya nömrəli “torpaq sahəsinin planı-ölçüsü” sənədi elektron xəritə baza məlumatlarında öz əksini tapmamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili ayrı-ayrılda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, C.Əliyev küçəsi ev 38/3 mənzil 2-də yaşayan şəhər sakini şəhid ailəsi İddiaçı baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 m2 torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. - xx.xx.2010-cu il tarixdə tərtib edilmiş, A259416 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, müvafiq sənədin hazırlanmasına əsas Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı olmuş, torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədi ilə ayrıldığı qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********27 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, A seriyalı 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əsas döngə nöqtələrinin koordinatları “X3 X4” üzərində qeydə alınmamışdır. Hal-hazırda istifadə olunan “X3 X4” üzərində həmin koordinatlar vətəndaşlarının mülkiyyətinə verilmiş torpaq sahələri və ümumi istifadəyə verilmiş gedişgəliş yolunun koordinatları ilə üst-üstə düşür. İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi 487 kv.metrdir. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları və hazırda yerləşmə mövqeyi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı naturada göstərdiyi torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələri ilə üst-üstə düşür. A seriyalı 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əsas döngə nöqtələrinin koordinatlarının “Necas” proqramında faktiki yerləşmə vəziyyətini göstərən sxematik təsviri təqdim edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə C.Əliyev küçəsi ev 38/3 mənzil 2-də yaşayan şəhər sakini şəhid ailəsi İddiaçı baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 m2 torpaq sahəsi ayrılmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-67/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Prokurorluğunun icraatında olmuş ********* nömrəli cinayət işinin istintaqı zərurəti ilə əlaqədar olaraq cavabdehin inzibati binasında həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasında” (DWJ) və “Torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyasınına” (DBF) Mingəçevir şəhər prokurorunun müavini tərəfindən baxış keçirilmiş və müvafiq baxış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Mingəçevir Şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli baxış keçirilməsi haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X2, icraatında olan ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar iş üzrə mütəxəssis qismində təyin edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin «Kadast üzrə baş mütəxəssisi» X1 iştirakı ilə Yevlax şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında həmin İdarənin istifadəsində olan «Elektron xəritə bazasına» (DWJ) və «Torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyahısına» (DBF) baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş X6 adına olan “JN-2819A” seriya nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X6 adı bazanın adlı siyahısında mövcuddur. Yəni hər iki (DWJ) və (DBF) elektron baza məlumatlarında qeyd olunan nömrə ilə onun adına baza məlumatları mövcuddur. Baxış zamanı həmçinin müəyyən olundu ki, 2819A seriya nömrəsi ilə Amid Nəbiyevin adına olan baza məlumatlarındakı torpaq sahəsi Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə aiddir. Amid Nəbiyevin adına “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə aid olan Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə “Çıxarış” və “plan-ölçü” sənədi işlənməmişdir. Lakin, Amid Nəbiyevin adına şəhadətnamə ilə baza məlumatları Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə aid olsa da, onun adına “Çıxarış” və “Planölçü” sənədi ünvan 1 ünvanda yerləşən 0,53 ha torpaq sahəsinə verilmiş və dövlət reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, baxış zamanı müəyyən olundu ki, Amid Nəbiyevin adına olan baza məlumatlarındakı torpaq sahəsi ilə ona “Çıxarış” və “plan-ölçü” sənədində əks olunmuş torpaq sahələrinin yerləşdiyi ərazilər fərqlidir və aralarında hava yolu ilə 1314 metr məsafə vardır. İstinad olunan qərarla üçüncü şəxs X6 adına verilmiş 07 may 2019-cu il tarixli, **********77 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı Mingəçevir bələdiyyəsinin 39/5 nömrəli, 24 iyul 2007ci il tarixli qərarı ilə ayrılmış və A259416 nömrəli plan-ölçüdə göstərilən 400 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulmuşdur. Göründüyü kimi Amid Nəbiyevin adına tərtib edilmiş şəhadətnamənin baza məlumatları Mingəçevir şəhəri, Kənar küçəsi 6-cı döngədə yerləşən 0,06 ha torpaq sahəsinə aid olsa da, onun adına “Çıxarış” və “Plan-ölçü” sənədi ünvan 1 ünvanda yerləşən 0,53 ha torpaq sahəsinə verilməsi başa çatmış məhkəmə icraatı ilə müəyyən edilmiş və faktiki olaraq həmin çıxarışın düzgün tərtib edilmədiyinə görə iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinə hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq üçüncü şəxs X7 verilmiş **********77 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan 326 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini cavabdeh orqandan tələb etmişdir. İddia tələbinin “Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsinə faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına uyğun olaraq mülkiyyət hüququnun qeydiyyata alınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan A seriyalı 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının vətəndaşlarının mülkiyyətinə verilmiş torpaq sahələri və ümumi istifadəyə verilmiş gediş-gəliş yolunun koordinatları ilə üst-üstə düşməsini bildirsə də, faktiki olaraq sözügedən sənədin koordinatlarının düzgün qeyd edilməməsi iş materiallarından aşkar görünür. Belə ki, plan-ölçü sənədinin koordinatları əsas götürülməklə mütəxəssis tərəfindən tərtib edilmiş yerquruluşu planından görünür ki, həmin torpaq sahəsi gediş-gəliş yolunun ortasında yerləşməklə iddiaçıya ayrıla bilməzdi. Digər tərəfdən A seriyalı 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin planından görünür ki, həmin torpaq sahəsi gediş-gəliş yolunun ortasında yox, yolun kənarında, hər iki yola paralel şəkildə təsvir edilmişdir. Bunda başqa Mingəçevir bələdiyyəsi və Mingəçevir şəhər İH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş fərdi mənzil tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin baş planında ştrixlənmiş 41-ci yerin (“Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ayrılmış) də digər torpaq sahələri ilə ardıcıl, küçəyə paralel, dördbucaqlı şəklində ayrılmasının nəzərdə tutulması aydın görünür. Belə olan halda məhkəmə hesab edir ki, A seriyalı 259416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları düzgü tərtib edilmədiyindən iddiaçı, sözügedən sənədin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. A259416 seriya nömrəli “torpaq sahəsinin planı-ölçüsü” sənədində göstərilən 400 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının düzgün qeyd edilməməsi isə iddiaçının təqsiri olmadığından onun ziyanına şərh edilə və mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “üçüncü şəxs X7 verilmiş **********77 reyestr nömrəli çıxarışın İddiaçı faktiki istifadəsində olan 326 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/5 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinin koordinatlarına uyğun olaraq İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar