Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-309/2024 08.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən 1994-cü ilə kimi Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü vəzifəsində, 1994-cü ildən 2005-ci ilə kimi Əhaliyə Xidmət Qarajında (X4 müəssisəsində) sürücü kimi, 2005-ci ildən 2011-ci ilə kimi Bakı avtovağzalında sürücü kimi, 2011-ci ildən 2019-cu ilə kimi Bakı avtovağzalında sürücü kimi (öz avtomobili ilə) işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1958-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1976-1978-ci illərdə hərbi xidmət keçmişdir. Hərbi xidmətdən gəldikdən sonra 1978-ci ilin 25 avqust tarixində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1982-ci ilin fevral ayının 9-dan Mingəçevir Avtobazasına 2-ci dərəcəli sürücü kimi işə qəbul olunmuş, 1994-2005-ci illərdə X4 müəssisəsində (əhaliyə xidmət qarajında) sürücü vəzifəsində işləmişdir. O, 2011-ci ildən 2019-cu ilə kimi şəxsi avtomobili ilə Mingəçevir marşrutu ilə Bakı avtovağzalında sürücü kimi işləmiş və həmin avtovağzalda işlədiyi dövr ərzində sosial sığorta və vergilər ödəmişdir. Bundan sonra 2021-ci ildə X8 Anonim şirkətinə işə qəbul olunmuş və 4 ay həmin müəssisədə işləmişdir. Bundan əlavə 1994-cü ildən əhaliyə xidmət qarajında avtobaza tərəfindən ona satılmış Raf markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əhaliyə xidmət qarajında plan verməklə müntəzəm olaraq 2005-ci ilə kimi işləmişdir. 2005-ci ildən 2011-ci ilədək sürücü kimi Bakı-Mingəçevir marşurutunda işləmişdir. 2011-ci ildən 2019-cu ilə kimi vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN olmasına baxmayaraq hər hansı səbəbdən adına sosial sığorta stajı ödənilməmişdir. Bundan əlavə dispeçer Pərviz adlı şəxs həmin vaxtlar iddiaçıdan 58 manat almaqla həmin pulların vergi və sosial sığorta olmasını bildirmişdir. Lakin hazırda hesablara baxdıqda bu ödənişlərin ödənilməməsi bildirilir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-85888/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ümumi sığorta stajı 11 ay 18 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 ay 18 gün sığorta stajına uyğun olaraq 586,54 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 357,58 manat olmaqla, ümumilikdə 944,12 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan (25 il) sığorta stajı olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və hazırda adına aktiv əmək müqaviləsi (Əhmədbəyli-Füzuli-Şuşa km 61-101.5/Çanaqçı-Cıdırdüzü-Şuşa km 0-14 yeni avtomobil yolunun tikintisi layihəsi) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilir ki, iddiaçının ümumi iş stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, təhsil haqqında diplom və hərbi bileti) və ya notariat qaydada təsdiq olunmuş surətlərini Fondun 3 saylı Mərkəzi Aran regional filialına təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququna müvafiq qaydada yenidən baxılacaqdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3- 17-1/2-177040/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı mübahisələndirilməyən iş stajı təqdim etdiyi hərbi biletin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 2 il 4 ay 9 gün təşkil edir. Bildirilir ki, İddiaçı iddia ərizəsində iddia etdiyi xx.xx.1992-ci il tarixdən 1994-cü il tarixə kimi Mingəçevir Avtobazasında İİ dərəcəli sürücü vəzifəsində, 1994-cü il tarixdən 2005-ci il tarixədək Əhaliyə Xidmət Qarajında (X4 müəssisəsində) sürücü kimi, 2005-ci il tarixdən 2011-ci il tarixədək Bakı avtovağzalında sürücü kimi, 2011-ci il tarixdən 2019-cu il tarixədək Bakı Avtovağzalında sürücü kimi işlədiyi dövrlər bərəsində arayış və ya əmək kitabçası təqdim etməmişdir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Cavabdeh etirazını qanunvericilik normaları ilə əsaslandırmaqla qeyd etmişdir ki, iddiaçı iddia etdiyi dövrlər barəsində cavabdeh inzibati orqana hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Etiraz məktubunda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmənin hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “1982ci ilin fevral ayının 9-dan 1994-cü ilə kimi Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü vəzifəsində, 1994-cü ildən 2005-ci ilə kimi X4 müəssisəsində sürücü kimi, 2005-ci ildən 2011-ci ilə kimi Bakı avtovağzalında sürücü kimi, 2011-ci ildən 2019-cu ilə kimi öz avtomobili ilə Bakı avtovağzalında sürücü kimi işlədiyi iş illərinin sosial sığorta stajına əlavə edilərək, ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2023-ci il tarixdə yaranmışdır. 3333930 nömrəli “Hərbi bilet”in notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. “Fiziki şəxslərin sahibkarlıq uçotu haqqında” ********** nömrəli şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. NT-İ ******* nömrəli xx.xx.2018-ci il tarixdə doldurulmuş əmək kitabçasına (əvəzedici) əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilədək Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü (LAZ-695 markalı 09-87 dövlət nömrə nişanlı avtobusa 2-ci dərəcəli sürücü kimi işə qəbul edilmişdir, xx.xx.1987-ci il tarixdə təzə RAF-2203 markalı 39-87 dövlət nömrə nişanlı mikroavtobusa sürücü keçirilmişdir); xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək X4 müəssisəsində sürücü. NT-İ ******* nömrəli əmək kitabçası "xxxx" MMC tərəfindən tərtib edilmişdir. 0537052 nömrəli “Əmək kitabçası”nın notariat qaydada təsdiq olunmuş surətinə əsasən (“X8 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən tərtib edilmişdir) iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək X8 Sənaye və Ticarət Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində sürücü; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək X8 Sənaye və Ticarət Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində sürücü. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir Filialının məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 3-48-DA- 8F/2-86(E)-33/2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, X4 müəssisəsinin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmadı. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 nömrəli xx.xx.2023-cü il tarixli Azərkəndtexnika Birliyinin əmrlər kitabından çıxarış xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.1978-ci il tarixli 190 nömrəli əmrin 1-ci paraqrafından (§-1) çıxarışda qeyd olunmuşdur ki, İddiaçı Qaz-51 markalı 08-04 nömrəli avtomaşına sürücü vəzifəsinə təyin olunsun 25 avqustdan. Sürücülük hüququ vəsiqəsi 3-cü dərəcəli xx.xx.1976-cı il, 012165 nömrəli. Tapşırılsın baş mühəndis İsayev yoldaşa avtomaşını aktla təhvil versin. Həmin əmrlər kitabından xx.xx.1979-cu il tarixli 69 nömrəli əmrin 2-ci paraqrafından (§-2) çıxarışda “İddiaçı - “şofer” öz ərizəsinə əsasən vəzifəsindən azad olunsun. 16 apreldən” qeydi aparılmışdır. Sözügedən əmrlərdən çıxarışdan göründüyü kimi, İddiaçı xx.xx.1978-ci il tarixdən Qaz-51 markalı 08-04 nömrəli avtomaşına 3-cü dərəcəli sürücü təyin olunmuş, xx.xx.1979-cu il tarixli 69 nömrəli əmrlə 16 aprel 1979-cu ildən vəzifədən azad edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********593400 nömrəli məktubunda qeyd olunur ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2011-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Onun fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Sığortaolunanın hesabından çıxarışın surətindən görünür ki, iddiaçı “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində 2021-ci ilin iyul-avqust, oktyabr-noyabr, 2023-cü ilin aprel-may aylarında işləməklə əməkhaqqı almışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1982-ci ildə X6-695 markalı 09-87 d.n.n. avtobusa sürücü qəbul edilmiş (əmr nömrə 12 ş/h xx.xx.1982), xx.xx.1994-cü il tarixli 159 nömrəli əmrlə işdən azad olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 13 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X1 parkı Azərbaycan Respublikasında həyata keçirilən özəlləşmə prosesi nəticəsində xx.xx.1998-ci il tarixli 783 nömrəli sərəncamla “Mingəçevir-Sərnişin” ATSC-yə çevrilmişdir. Səhmdarların ümumi yığıncağının qərarı ilə “Mingəçevir-Sərnişin” ATSC "xxxx" MMC-yə çevrilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində xx.xx.2007-ci ildə qeydiyyatdan keçmişdir. X4 müəssisəsinin 15 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1994-cü ildən 101 nömrəli əmrlə X4 müəssisəsində avtonəqliyyat sürücüsü vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixli 54 nömrəli əmrlə sürücü vəzifəsindən azad edilmişdir. (**-BA-*** qeydiyyat nömrə nişanlı avtomobil) 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********010200 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı (xxxxxxx) ünvanı “Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 31 m 8” olmaqla xx.xx.2011-ci il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin 44 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə verilmiş Azərkəndtexnika birliyi Mirbəşir rayon şöbəsinin əmrlər kitabından xx.xx.1978-ci il tarixli 190 nömrəli əmrin 1-ci paraqrafının (§-1) və xx.xx.1979-cu il tarixli 69 nömrəli əmrin 2-ci paraqrafının (§-2) çıxarışları, həmçinin çıxarışların verilməsinə əsas olmuş əmrlərin əks olunduğu səhiflələrin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında notariat qaydada təsdiq olunmuş surəti iddiaçı tərəfindən təqdim olunmuş, 2 saylı Hərbiləşdirilmiş yanğından müdafiə dəstəsinin Mingəçevir şəhər X3 verdiyi xx.xx.1996-cı il tarixli 72 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1996-cı il tarixdə Avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxanadan ekspedisiya müəssisəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır. Bu isə Mingəçevir şəhər nəqliyyat ekspedisiya müəssisəsinin mövcudluğu ilə bağlı cavabdehin şübhələrini əsassız edir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iş materiallarına əlavə olunmuş “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-183900/2023 nömrəli qərardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh imtinasında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.1994xx.xx.2005-ci illər X2 işləməsi faktının yoxlanılması zamanı aşkar olunmuşdur ki, verilən arayış vətəndaşın əmək kitabçası əsasında verilmişdir. Bu səbəbdən həmin illər sığorta stajına daxil edilmədi. Müavinət alır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1958-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2023-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2023cü il tarixdə yaranması qeyd edilmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (02 il 10 gün) + Azərkəndtexnika birliyi Mirbəşir rayon şöbəsində sürücü işlədiyi müddət (7 ay 18 gün) + Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü işlədiyi müddət (12 il 8 ay 22 gün) + X4 müəssisəsində sürücü işlədiyi müddət (10 il 09 ay 10 gün) nəzərə alınmaqla ümumilikdə 26 il 02 ay 07 gün iş stajı vardır. Bununla yanaşı iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə çatdığı tarixədək “X8 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində 2021-ci ilin iyul-avqust, oktyabr-noyabr aylarında işləmiş olduğu 4 aylıq iş stajı iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət dövrü mübahisələndirilməmiş, ondan sonrakı dövrlər mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə müahisələndirilməsi məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçası, iş materiallarına əlavə edilmiş sənəd və sorğularla əldə olunmuş məlumatlara, əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh təkrar qiymətləndirmə aparılması zamanı Mingəçevir şəhər X3 aid sənədlərin aşkar edilməməsinə istinadən həmin müəssisənin mövcudluğunu və iddiaçının sözügedən müəssisədə işləməsini şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasını tərtib etmiş "xxxx" MMC-nin X1 parkının Azərbaycan Respublikasında həyata keçirilən özəlləşmə prosesi nəticəsində “Mingəçevir-Sərnişin” ATSC-yə çevrilməsi, daha sonra isə səhmdarların ümumi yığıncağının qərarı ilə “Mingəçevir-Sərnişin” ATSC-nin "xxxx" MMC-yə çevrilməsi nəticəsində yarandığı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində xx.xx.2007-ci ildə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Bu isə məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair şübhələri təkzib edən fakt kimi qiymətləndirilməkdədir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-309/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-309/2024
08.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver