Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-31/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X7rşı "Yevlax Rayonu Aran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı əsasında Yevlax Rayonu Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240 ha təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 42 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 1036 ha torpaq sahəsi X4 15 il müddətinə icarəyə verilmiş, Aran Bələdiyyəsi ilə X5 arasında xx.xx.2004-cü il tarixli 10 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmışdır. Həmin 1036 ha torpaq sahəsi ilə bağlı X3 adına xx.xx.2004-cü il tarixli JN-59xx xxx 90100016 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Həmin sənəddə 1036 ha torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi göstərilmişdir. Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 33 nömrəli qərarı ilə həmin 1036 ha torpaq sahəsi üzərində istifadə və icarə hüququ "İddiaçı" MMC-yə verilmişdir. Yevlax Rayon Aran Bələdiyyəsi ilə "İddiaçı" MMC arasında həmin 1036 ha torpaq sahəsinin sonuncuya 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli 12 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanmışdır. Bundan sonra Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin kənd təsərrüfatına az yararlı 1240 ha torpaq sahəsinin alqı-satqı yolu ilə torpağın əvvəlki normativ qiymətinin 40 faizi həcmində güzəştlə "İddiaçı" MMC-yə satılmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qərarda deyilir ki, "İddiaçı" MMC bələdiyyəyə müraciət edərək Aran Bələdiyyəsi tərəfindən 1240 ha kənd təsərrüfatına az yararlı torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ona icarəyə verildiyini, öz vəsaiti hesabına həmin 1240 ha torpaq sahəsini yararlı hala salıb orada kənd təsərrüfatı məhsulları istehsal etdiyini, həmin torpaq sahəsini alqı-satqı qaydasında mülkiyyətinə götürmək istədiyini bildirmiş, Aran Bələdiyyəsi isə bu müraciətə baxaraq hazırda "İddiaçı" MMC-nin icarəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab etmişdir. Yevlax Rayon Aran Bələdiyyəsi ilə "İddiaçı" MMC arasında xx.xx.2007-ci ildə 1240 ha torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən "İddiaçı" MMC-nin adına 1240 ha torpaq sahəsi ilə bağlı A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəddə onun verilməsinin əsası kimi, Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 11 nömrəli qərarına istinad edilmiş, sənədin "Torpaq sahəsinin kadastr göstəriciləri. Torpaq sahəsinin qaiməsi (sertifikatı)" bölməsində həmin 1240 ha torpaq sahəsinin sair sahələrə aid olduğu göstərilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, elektron baza məlumatlarına əsasən, həmin 1240 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir, örüş torpaqları isə xüsusi mülkiyyətə verilə bilməz. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin örüş torpaqlarına aid olması barədə cavabdehin dəlillərinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, elektron baza məlumatlarına əsasən, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Halhazırda əkin kimi istifadə olunan torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədi olmayan 1 ədəd bina və 1 ədəd pambıqqurutma talvarı mövcuddur, həmçinin ərazidən 35 min bt-lıq yüksək gərginlikli elektrik xətti keçir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 33 nömrəli qərarından görünür ki, Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2004cü il tarixli 42 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 1036 ha torpaq sahəsi X4 15 il müddətinə icarəyə verilmiş, Aran Bələdiyyəsi ilə X5 arasında xx.xx.2004-cü il tarixli 10 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmış, lakin X5 torpaqdan səmərəli istifadə edə bilmədiyinə görə icarəsində olan 1036 ha torpaq sahəsi üzərində olan hüquqlarını pambıq əkmək üçün "İddiaçı" MMC-yə satmışdır. Ona görə də bələdiyyə həmin 1036 ha torpaq sahəsi üzərində istifadə və icarə hüququnun "İddiaçı" MMC-yə verilməsini qərara almışdır. - İşdə olan, JN-59xx xxx 90100016 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"dən görünür ki, həmin sənəd 1036 ha torpaq sahəsi ilə bağlı X3 adına xx.xx.2004-cü ildə verilmişdir. Həmin sənəddə 1036 ha torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi göstərilmişdir. - İşdə olan, xx.xx.2006-cı il tarixli 12 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"dən görünür ki, həmin müqavilə Yevlax Rayon Aran Bələdiyyəsi ilə "İddiaçı" MMC arasında 1036 ha torpaq sahəsinin sonuncuya 15 il müddətinə icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. - İşdə olan, Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarından görünür ki, bələdiyyənin kənd təsərrüfatına az yararlı 1240 ha torpaq sahəsinin alqı-satqı yolu ilə torpağın əvvəlki normativ qiymətinin 40 faizi həcmində güzəştlə "İddiaçı" MMC-yə satılmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, xx.xx.2007-ci ildə 1240 ha torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd Yevlax Rayon Aran Bələdiyyəsi ilə "İddiaçı" MMC arasında tərtib edilmişdir. - İşdə olan, A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən "İddiaçı" MMC-nin adına 1240 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş, həmin sənədin "Torpaq sahəsinin kadastr göstəriciləri. Torpaq sahəsinin qaiməsi (sertifikatı)" bölməsində 1240 ha torpaq sahəsinin sair sahələrə aid olduğu göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin "Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi" adlanan 12-ci maddəsinin 1-3-cü hissələrində deyilir: Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. (1-ci hissə) Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (2-ci hissə) Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. (3-cü hissə) Həmin normalardan görünür ki, qanunvericilik kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısını müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. Həmin siyahıda "sair" adlanan torpaq yoxdur. Həm əkin torpaqları, həm də örüşlər kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İddiaçının adına verilmiş A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə ona satılmış 1240 ha torpaq sahəsinin uqodiyası "Sair sahələr" kimi göstərilmiş, cavabdeh isə həmin torpaq sahəsinin uqodiyasının "örüş" olmasını iddia edir. Ona görə də qeyd olunan 1240 torpaq sahəsinin təyinatının və uqodiyasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək xx.xx.2019-cu il tarixli 4023 nömrəli və xx.xx.2020-ci il tarixli 408 nömrəli arayışlar alınmışdır. Birinci arayışda göstərilir ki, Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" baza məlumatları ilə tutuşdurulduqda bir çox uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, baza məlumatlarında ərazinin uqodiyası "örüş" kimi göstərildiyi halda, sənəddə "sair sahələr" yazılıb. Bundan əlavə, bələdiyyə qərarı verilən tarixdə ərazi daxilində ayrı-ayrı şəxslərin icarəsinə torpaq sahələrinin verilməsi barədə Dövlət aktları olmuşdur ki, həmin aktlar bu gün də bazada öz əksini tapmışdır. Qeyd olunan "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən, torpaq sahəsinin "İddiaçı" MMC-yə hansı hüquqda (mülkiyyət, icarə) verilməsini müəyyən etmək mümkün deyildir. Baza məlumatlarına əsasən, torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Ərazidə pambıq bitkisi əkilmişdir. İkinci arayışda göstərilir ki, 2002-ci ildə tərtib edilmiş, Yevlax rayonu "Aran" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, torpaq kənd təsərrüfatı təyinatlı kateqoriyalı torpaqlara aiddir. "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin "sair sahələr"ə aid edilmə səbəbini müəyyən etmək mümkün deyildir. Torpaqda halhazırda pambıq və müxtəlif dənli bitkilər əkilmişdir. Göründüyü kimi, iddiaçıya satılmış 1240 ha torpaq sahəsinin uqodiyası A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə "sair sahələr" kimi göstərilsə də, bu məlumat səhvdir. Əslində, həmin torpaq sahəsinin uqodiyası "örüş"dür. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində deyilir ki, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü hissəsinin əvvəlki redaksiyasında (xx.xx.2007-ci il, torpaq sahəsi iddiaçıya satıldığı zaman) deyilirdi ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsində deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüşlərin satılmasını qadağan etmişdir. İddiaçı "İddiaçı" MMC-yə Yevlax Rayon Aran Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarla satılmış 1240 ha torpaq sahəsi də örüş olduğuna görə satıla bilməzdi. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normanın mənasına görə, bələdiyyə tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün o halda əsas hesab edilir ki, həmin aktlar qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş olsun. İşdən isə görünür ki, Yevlax Rayon Aran Bələdiyyəsinin iddiaçıya torpaq sahəsi satılması barədə qərarı qanunla müəyyən olunmuş qaydada qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, bələdiyyənin həmin qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına və onun hüququnun qeydiyyata alınmasına əsas vermir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 1240 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" MMC-nincavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X7rşı "Yevlax Rayonu Aran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı əsasında Yevlax Rayonu Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240 ha təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-31/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-31/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver