Məhkəmə qərarları › İş №2-1(116)-31/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-31/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-31/2021 20.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X4, Üçüncü şəxs X20, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X28) “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və üçüncü şəxs X8 qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 06.10.2017-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı mərhum X9 həyat yoldaşıdır. Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən iddiaçının yoldaşı X9 adına torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçı X37 filialının arayışını iş materiallarına əlavə etmişdir. Arxiv arayışında Şəki rayon təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, 01 yanvar 1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş Qaytanlanmış torpaq kitabına əsasən 61-ci sırada X10 torpağının cəmi 0.09, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 olması qeyd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin torpaq sahəsi hal-hazırda üçüncü şəxs Yaşar Səlimov tərəfindən zəbt edilmişdir. Bu səbəblə o, mərhumun hüquqi varisi olmasına baxmayaraq hazırda torpaq sahəsindən istifadə edə bilmir və ona sahiblik hüququndan məhrum olmuşdur. İddiaçı mərhum əri X14 məxsus Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 29.09.2017-ci il tarixli, **********89 nömrəli imtina məktubunda qeyd edilir ki, iddiaçı tərəfindən qaytanlanmış torpaq kitabından arxiv arayışı təqdim edilsə də, torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və torpaq sahəsinə naturada baxış keçirilməsinə digər vətəndaş tərəfindən maneəçilik törədildiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçıya məhkəmə tərəfindən 09.10.2017-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, onun iddia tələbinin 1-ci hissəsi (Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) dəqiq deyildir. Belə ki, iddia tələbində nə qədər torpaq sahəsi üzərində hansı hüquqlarının (mülkiyyət, istifadə) qeydiyyata alınmasını göstərməmişdir. Həmçinin iddia tələbinin 2-ci hissəsi ilə bağlı yardım məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, tələbin 2-ci hissəsi (üçüncü şəxs X8 qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması) mülki xarakterlidir və ümumi (şəhər, rayon) məhkəmədə baxılmalıdır. Belə ki, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən (zəbtindən) geri qaytarılması mülki xarakterli olmaqla ümumi hüququn (Mülki Məcəllə) predmetini təşkil edir. Yardım məktubunu aldıqdan sonra iddiaçı iddia tələbində dəqiqləşdirmə aparmış və “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.11.2017-ci il tarixli iclas protokolu ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 07.08.2020-ci il tarixli, **********27 nömrəli məktubda qeyd edilir ki, vətəndaşın 27 dekabr 2016-cı il tarixli ərizəsi ilə təqdim etdiyi Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 8 saylı qərarının arxiv çıxarışı, 25 yanvar 1971-ci il tarixli qeydiyyat vəsiqəsi, Şəki 2 saylı Notariat Kontorunun 27 dekabr 2016-cı il tarixli vərəsəlik dairəsinin müəyyən edilməsi barədə arayışı əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə X15, X25 və X11 adlarına umumi birgə olmaqla 5309 inventar nömrəli texniki pasport və 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Təqdim olunmuş torpaq sahəsinin ayrılması barədə Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 8 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında fərdi yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrin qeydiyyatı üçün əsaslardan biridir. 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X15, X25 və X11 ümumi birgə mülkiyyətində olması, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair digər sənədin - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında göstərilən əsaslardan biri və Qışlaq kənd “Kirov” adına kolxozun 16 dekabr 1971-ci il tarixli, 8 saylı qərarı ilə verilmiş torpaq sahəsinin digər yerdə yerləşməsi barədə müvafiq orqan tərəfindən təsdiqlənmiş sxem təqdim edilmədiyindən vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətinin icrasından imtina olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən Rüfət Məcidov) 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən 13.02.2018-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Cavabdeh orqanın Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı 12.04.2018-ci il tarixli, **********07 nömrəli iddiaçının apellyasiya şikayətinə münasibət məktubunda qeyd edilir ki, X8 adına qeydiyyata alınmış Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən 23 saylı fərdi yaşayış evi ilə əlaqədar bildiririk ki, Şəki ZDS-in 03 dekabr 1975-ci il tarixli qərarı ilə X3 Şəki şəhəri, 168-ci kvartalda yerləşən atasının istifadəsində olan torpaq sahəsinin 500 kv.m-də ev tikməyə icazə verilmişdir. Şəki TİB-tərəfindən verilmiş 01 fevral 1983-cü il tarixli texniki pasportda faktiki torpaq sahəsi 0.1329 ha olmaqla cənubdan şimala doğru məsafə 59.9 m olduğu göstərilmişdir. 05 noyabr 1982-il tarixdə X2 adına 5560/22 saylı qeydəalma vəsiqəsi yerilmişdir. 01 noyabr 1988-ci il tarixli, 9k-977 saylı bəxşeyiş müqaviləsi ilə sözügədən fərdi yaşayış evini qardaşı X16 bağışlamış, müqavilədə torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş və X8 adına 5560/22 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X8 müraciəti əsasında 20 dekabr 2016-cı il tarixli, ******* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 17 dekabr 2016-cı il tarixli, 7741 inventar nömrəli texniki pasport verilmişdir. Texniki pasportda torpaq sahəsinin faktiki ölçüsü artaraq 0.20 ha olmuşdur. Apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2- 1(107)-147/2018 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra İddiaçı məhkəməyə “yeni açılmış hallarla bağlı” ərizə ünvanlayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2-1(84)-46/2018 nöməli qərarının ləğv edilərək işə yenidən baxılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2-1(84)-46/2018 nömrəli qərardadı ilə iddiaçının ərizəsi rədd edilmişdir. İddiaçı D.X35-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2-1(84)-46/2018 nömrəli qərardadından apellyasiya şikayəti vermişdir. Cavabdeh orqan Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı 02.05.2019-cu il tarixli, **********43 nömrəli məktubla iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, ünvan 6di yaşayış evi X5 vərəsələrindən biri olan İddiaçı 27 dekabr 2016-cı il tarixli ərizəsi ilə 25 yanvar 1971-ci il tarixli, 316 saylı qeydiyyat vəsiqəsi və Şəki rayonu, Qışlaq kənd Kirov kolxozunun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq X15, X25 və X11 adlarına ********** qeydiyyat nömrəli çıxarış və 5309 inventar nömrəli texniki pasport verilmişdir. Şəki rayonu, Qışlaq kənd Kirov kolxozunun 16 dekabr 1971-ci il tarixli, 08 saylı qərarında torpaq sahəsinin yaşadığı ünvanda ayrıldığı göstərildiyindən, ünvan 6di yaşayış evinin qeydiyyatı aparılarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Şəki şəhəri, M.F.Axundov prospekti, 23 ünvanında yerləşən fərdi yaşayış evi X8 14 dekabr 2016-cı il tarixli ərizəsi ilə 01 noyabr 1988-ci il tarixli, 5560/22 saylı qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınaraq X8 adına 20 dekabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 7741 inventar nömrəli texniki pasport verilmişdir. 0.05 ha torpaq sahəsi Şəki şəhər ZDS-in 03 dekabr 1975-ci il tarixli, 27 saylı qərarı ilə X3 ayrılmış, üzərində inşa edilmiş fərdi yaşayış evinə X1 adına 05 noyabr 1982-ci il tarixli, 5560/22 saylı qeydəalma vəsiqəsi verilmiş, 01 noyabr 1988-ci il tarixli bəxşiş müqaviləsi ilə X16 bağışlanılmışdır. Eyni zamanda bildiririk ki, X7 Şəki rayonu, Qışlaq kənd Kirov kolxozu tərəfindən 1975-ci ildə Dadaş Bünyadzadə küçəsindən verilmiş torpaq sahəsinin (vətəndaşa 1975-ci ildə torpaq sahəsi ayrılması barədə kolxoz qərari təqdim edilməmişdir) sxeminə əsasən göstərilən torpaq sahəsi ünvan 6di yaşayış evinin torpaq sahəsindən təxminən 180 m cənubda yerləşməklə, Şəki şəhəri, M.F.Axundov prospekti, 23 ünvanında yerləşən fərdi yaşayış evi X16 verilmiş texniki pasportda qapalı divar daxilində və vətəndaşın istifadəsində olduğundan həmin vətəndaşın zəbti kimi göstərilmişdir. İddiaçının qərardaddan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(107)-271/2019 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2019-cu il tarixli, 2- 1(84)-46/2018 nömrəli qərardadı ləğv edilmiş, iş yeni açılmış hallarla bağlı təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2- 1(107)-271/2019 nömrəli qərardadından üçüncü şəxs Y.Səlimov tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.08.2019-cu il tarixli, 2-1(102)-2161/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli, 2-1(107)-271/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra hazırkı iş 27.09.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinə, 02.10.2019-cu il tarixdə isə Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 07.01.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X15 02.06.2001-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi arvadı (hazırkı iş üzrə iddiaçı) İddiaçıdır. Miras əmlak ünvan 8 ünvanında yerləşən 0.0534 ha ümumibirgə torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 83.2 kv.m olan mərhum X7 məxsus pay hissəsi olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən X37 filialının 16.11.2016-cı il tarixli, 1681 nömrəli arxiv arayışında Şəki rayon Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş 01.01.1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş qaytanlanmış torpaq kitabına əsasən 61-ci sırada X10 torpağının cəmi 0.09, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 olması qeyd edilmişdir. İş materiallarında olan X37 filialının məhkəməyə ünvanladığı 14.11.2017-ci il tarixli, 121 nömrəli məktubda qeyd edilir ki, vətəndaş X14 verilmiş torpaq sahəsi barədə qərarlarda heç bir sxem, cizgilər və ya təhkim aktı göstərilməmişdir. Arxivin eyni tarixli və nömrəli arxiv çıxarışından müəyyən edilir ki, Nuxa rayon Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli 8 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən kolxozçulara və başqa vətəndaşlara ev tikmək üçün həyətyanı torpaq sahəsinin verilməsi iclasın gündəliyində olmuş və həmin iclasda qəbul edilmiş qərara əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında yaşayan X13 həmin ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 20.12.2016-cı il tarixli çıxarışın və reyestr nömrəsi **********14-10301 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi X8 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 05.01.2017-ci il tarixli çıxarışın və reyestr nömrəsi **********74-10301 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi X15, X22 və X23 ümumibirgə mülkiyyətindədir. X28 21.10.2019-cu il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə üçüncü şəxs onun atası X17r və o, 25.08.2019-cu il tarixdə vəfat etmişdir. Bu səbəblə Y.Səlimovun hüquqi varisi kimi tanınmasını və iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə V.Səlimov tərəfindən təqdim edilən 033961 nömrəli “Ölüm haqqında şəhadətnamə” və 455167 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətini nəzərdən keçirərək, 31.10.2019-cu il tarixli, 2-1(84)- 1532/2019 nömrəli qərardadla X28 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31.01.2020-ci il tarixli, **********35 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, 1. X14 Qışlaq Kirov kolxozu tərəfindən 1975-ci ildə verilmiş torpağın sxemində miqyas və torpaq sahəsinin həndəsi ölçüləri göstərilmədiyindən koordinatlarını dəqiq müəyyən etmək mümkün olmamışdır. Sxemdə təsvir edilən torpaq sahəsinin coğrafi yerləşməsində qismən uyğunluq vardır. 2. İddiaçının iddiasında göstərilən torpaq sahəsinin faktiki sahəsi 968 kv.m olub məhkəməyə təqdim edilən sxemdəki cədvəldə koordinatları göstərilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq X8 istifadəsindədir. Torpaq sahələrini ayıran heç bir sərhəd yoxdur. X8 adına hazırlanmış 17.12.2016-cı il tarixli, 7741 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda “zəbt olunmuş torpaq sahəsi” kimi işarələnmiş torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. İş materiallarında olan “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətində qeyd edilir ki, iclasda 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9-da yaşayan X13 həmin ünvanda 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X37 filialının 06.11.2020-ci il tarixli, 162 nömrəli məktubunda qeyd edilir ki, Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 1970-ci ilin iclas protokollarına əsasən kolxozun idarə heyətinin sədri X6, 1971-ci ilin 21 yanvar 15 saylı iclas protokoluna kimi kolxozun sədri Məmmədov Tacəddin, 30 yanvar 1971-ci il 1 saylı iclas protokoluna əsasən isə 1971-ci ildən kolxozun sədri Əhmədov Yunus, 1972-ci ildə Əhmədov Yunus olmuşdur. Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 1972-ci ilə kimi sənədləri arxivə təhvil verilmişdir. Şəki rayonu Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş 01.01.1975-ci ildə Qışlaq kən “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş 3 ədəd Qaytanlanmış torpaq kitabı isə həmin müəssisəyə təhvil verilmişdir. İş materiallarında olan X37 filialının 16.03.2021-ci il tarixli, 55 nömrəli məktubunda qeyd edilir ki, ünvan 12 ünvanlarına dair xəritələr Azərbaycan Respublikası X37 filialına təhvil verilməmişdir. Şəki rayonu, “Kirov” adına kolxozun 1969-1972-ci illərin kolxozçuların əmək günlərinin uçotu və kolxoz üzvləri ilə hesablaşma kitablarına əsasən İddiaçı həmin kolxozda işləməsinə dair qeydiyyatı tapılmadı. Arxiv arayışından müəyyən edilir ki, Yusibov Barəddin “Kirov” adına kolxozda 1969-1972-ci illərdə sürücü işləmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 1971-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş Torpaq Məcəlləsinin 23-cü maddəsində göstərilmişdir ki, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) torpaq sahəsinin hüdudları müəyyən edilir, həmin sahə digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılır. 24-cü maddəsində qeyd edilmişdir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. 25-ci maddəsinə görə, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. 26-cı maddəsində göstərilmişdir ki, verilmiş torpaq sahəsi naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, iddiaçının mərhum ərinə torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, torpaq sahəsinin naturada (yerində) hüdudlarının müəyyən edilməsi, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılması onun qanuni əsaslarla ayrılması hesab edilmişdir. Həmin dövrün tələbinə görə, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunmalı, müvafiq xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr verilməli idi. Belə ki, verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin dövrdə ayrılmış sahədən istifadəyə başlamaq qadağan olmuşdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, kolxozun müvafiq qərarı ilə yaşadığı ünvandan torpaq sahəsi iddiaçının mərhum ərinə verilsə də, torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmamış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilməmiş, müvafiq xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdir. İddiaçının Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin yerinin sübutu kimi məhkəməyə təqdim etdiyi sxem X29 kolxozu tərəfindən 1975-ci ildə Dadaş Bünyadzadə küçəsindən verilmiş torpaq sahəsinin sxemidir. Bundan başqa məhkəmənin icraatında olmuş iş üzrə məhkəmə araşdırması zamanı arxiv orqanının məlumatından ayrılmış torpaq sahəsinin sxeminin mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, sxem kolxozun 16.12.1971-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin sxemi deyildir ki, həmin sxemin məhkəmə araşdırmasının predmetini təşkil etmiş torpaq sahəsinə aidiyyəti yoxdur. 1975-ci ildə Şəki rayonu Qışlaq kənd Kirov adına kolxoz artıq mövcud olmamışdır və 1972-ci ildən sonra həmin kolxozun sənədləri arxivə təhvil verilməmişdir. Halbuki iddiaçının təqdim etdiyi sxemdə 1975-ci ildə kolxozun qərarı ilə ayrılmış torpaq sahəsinin sxemi olduğu qeyd olunmuşdur. 1975-ci ildə kolxoz tərəfindən iddiaçının mərhum ərinə torpaq sahəsi ayrılmamışdır. İddiaçının mərhum əri 1972-ci ildən sonra Şəki rayonu Qışlaq kənd Kirov adına kolxozda işləməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dan sonra bağlanılmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur ki, hazırda həmin əsasların heç biri iddiaçıya və onun iddia etdiyi torpaq sahəsinə mövcud deyildir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri Şəki şəhəri D.Bünyadazadə küçəsində (hazırki Çingiz Mustafayev küçəsi ev 10) yaşamış və Nuxa rayon Qışlaq kənd Kirov adına kolxozun 16.12.1971-ci il tarixli 08 nömrəli iclas protokol qərarına əsasən, Şəki şəhəri, 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında yaşamış Yusibov Barəddin (Baharəddin) Əhməd oğluna həmin ünvandan 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi isə hazırda Şəki şəhəri X39 prospekti 23 (keçmiş D.Bünyadzadə küçəsi ev 23) ünvanında yerləşir ki, məhkəmə araşdırması zamanı həmin ünvanların bir-birindən 180 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Bu hal isə bir daha onu təsdiq edir ki, iddiaçının ərinə kolxoz tərəfindən ayrılmış torpaq sahəsi iddia olunan üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi deyildir və kolxozun qərarında həmin ünvan dedikdə məhz ünvan 15. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı iddia olunan torpaq sahəsinin mərhum ərinə kolxoz tərəfindən ayrılmış torpaq sahəsi olmasını sübut edə bilməmişdir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməli, məhkəmə xərci iddiaçıya aid edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X28) “Şəki rayonu, Qışlaq kənd “Kirov” adına kolxozun 16.12.1971-ci il tarixli, 08 nömrəli iclas protokolunun qərarına əsasən 25-ci rayon D.Bünyadzadə küçəsi ev 9 ünvanında mərhum əri X13 ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 67 manat 20 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X30 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar