Məhkəmə qərarları › İş №2-1(116)-310/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-310/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-310/2024 21.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bölməsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur 04 iyun 1980-cı ildə V.İ.Lenin adına Şəki istehsal ipək birliyinin 3 nömrəli filialının 18 saylı əmrinin 2-ci paraqrafına əsasən həmin tarixdən ipək açan şagirdi peşəsinə qəbul olunmuşdur. Həmin müəssisənin 02 dekabr 1980-cı il tarixli, 49 saylı əmrinin 7-ci paraqrafına əsasən 01 dekabr 1980-cı il tarixdən 3-cü dərəcəli ipək açan peşəsinə keçirilmiş,02 dekabr 1996-cı il tarixli 19k saylı əmrə əsasən həmin tarixdən öz ərizsi əsasında işdən azad olunmuşdur. Daha sonra 03 mart 2008- ci ildə 06 nömrəli əmrin 5-ci paraqrafına əsasən Milli Bankın Şəki ərazi idarəsinə xəzinədar vəzifəsinə qəbul edilmişdir. X4 filialının 05 may 2014-cü il tarixli İRŞ N°48 olan əmrinə əsasən 06 may 2014-cü ildən bu günədək X4 filialının şəhər 3 saylı poçt şöbəsinin əməliyyatçısı vəzifəsidə işləyir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: iddiaçı xx.xx.2023-cü il tarixdə ona 60 yaşdan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının 04 aprel 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi ipək açan şagirdi və ipək açan vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısT’nın toxuculuq istehsalatı bölməsində (32) burma və dartma avadanlığının operatorları vəzifələrinə uyğun olmadığı üçün güzəştli iş stajı müəyyən edilməmişdir Həmçinin iddiaçının ümumi iş stajının 25 ildən az (23 il 27 gün) olduğu və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş AZE******** seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1962-cı il təvəllüdlüdür, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin arayışında onun xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" ASC-də ipək açan şagirdi və ipək açan vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan burma və dartma avadanlığının operatorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "Şəki ipək” ASC-nin arayışında İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək analıq məzuniyyətində olmağı ilə əlaqədar ona əmək haqqı ödənilmədiyi qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd edilən iddiaçının analıq məzuniyyətində olduğu müddəti onun iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 27 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1992- ci il tarixədək və 2006-2022-ci illər üzrə 11 il 6 ay)) təşkil etmişdir. Əlavə olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Belə ki, Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30793,06 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq bildirmək istərdik ki, 2006-2022-ci illər üzrə iddiaçının adına sadəcə məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçının ümumi iş stajının 25 ildən az (23 il 27 gün), güzəştli iş stajının olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşaqı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. X4 filialının xx.xx.2023-cü il tarixli arayışı.

3. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

4. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı

5. Şəki-İpek JSC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışı.

6. ИТ seriyalı ******* nömrəli Əmək kitabçası. Əsaslandırma hissəsi:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X2 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı müvafiq yaşa çatmalıdır.Hazırkı vəziyyətdə (01 iyul 2022-ci ildə) iddiaçının normal şərtlərdə pensiya yaşı 63 yaş olduğundan 5 il azaldılmaqla 58 yaşda güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən qəbul edilən ümumi iş stajı 23 il 27 gün olmaqla, mübahisələndirilən dövr xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasında olan müddətdir. İş materiallarında olan "xxxx" ASC-nin arayışından da göründüyü kimi xx.xx.1993xx.xx.1996-cı illər arasında olan dövrdə iddiaçı qismən ödənişli (yeni doğulmuş uşağı olduğuna görə) məzuniyyətdə olmuşdur.Cavabdehin həmin müddətin sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir.Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddəsinin 1-ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Yuxarıda qeyd olunan xx.xx.1993-xx.xx.1996-cı illər arasında olan qismən ödənişli məzuniyyət dövrünün (2 il 10 ay 4 gün) iddiaçının ümumi iş stajına daxil etdikdə iddiaçının ümumi sosial sığorta stajı 25 il 11 ay 1 gün müddət olduğundan tələb olunan minumum dövrü əhatə edir. Cavabdeh tərəfindən qəbul edilməyən güzəştli dövrə münasibətdə məhkəmə qeyd edir ki,cavabdehin imtinası əsassız olmuşdur.Belə ki, "xxxx" ASC-nin arayışında iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" ASC-də ipək açan şagirdi və ipək açan vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda“burma və dartma avadanlığının operatorları” peşəsi nəzərdə tutulmuşdur.İş yerinin təqdim etdiyi arayışdan da görünür ki,iddiaçının əmək fəaliyyətinin xüsusiyyətləri həmin peşəyə uyğundur. İddiaçı xx.xx.1980-xx.xx.1996-ci il tarixləri arasındakı dövrdə V.İ.Lenin adına Şəki istehsal ipək birliyində ipək açan vəzifəsində işləmişdir. Bununla da iddiaçının 16 il 5 ay 28 gün güzəştli stajı nın vardır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 01 iyul may 2022-ci ildən (pensiya kapitalı tələbi mövcud olmadığı) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-cü ildə doğulub). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 01 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar