Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3106/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Şəhid ailəsi kimi mənzil növbəliyinə götürülməyi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəhid ailəsi kimi mənzil növbəliyinə götürülməyi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı 30 may 1992-ci ildə X5 ilə nikah bağlayaraq ailə qurmuşdur. Əri 15 sentyabr 1992-ci ildə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmış və Bakı şəhərində hospitalda vəfat etmişdir. İddiaçıya şəhid ailəsi statusu verilmişdir. Cavabdeh başçısının 524 nömrəli 07 dekabr 1992-ci il tarixli Sərəncamı ilə ona şəhərin N.Nərimanov küçəsindəki 55/13 nömrəli evin 1 (bir) otaqlı 34 nömrəli mənzili verilmişdir. 14 yanvar 1993-cü ildə qızı Nişanə doğulmuşdur. İddiaçı yaşadığı mənzil 1 otaq olmaqla darısqal olduğundan həmin mənzili 1998-ci ildə satmış,bacısı Zöhrənin həmin binada yerləşən iki otaqlı mənzilində yaşamağa başlamışdır. Son zamanlar iddiaçı qərara gəldi ki, yenidən mənzil növbəliyinə dayanmaq üçün şəhər İcra Hakimiyyətinə müraciət etdi. Belə ki, bilir ki, neçə şəhid ailəsi mənzil alıb, satıb və yenidən mənzil növbəsinə götürülmüşdür. Mənzil növbəsinə alınmaq üçün o 2024-cü ilin iyul ayında Cavabdehnə rəsmi ərizə ilə müraciət etmiş,10 avqust 2024-cü il tarixdə iddiaçının ünvanına Cavabdehndən imtina cavab məktubu göndərilmişdir. İddiaçının mənzil növbəliyinə alınmamağına səbəb kimi ona şəhid ailəsi kimi 1992-ci ildə bir otaqlı mənzilin verildiyi göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli etiraz məktubda qeyd olunur ki, İddiaçı ərizəsi ilə taniş olub bildiririk ki, o 22 iyul 2024-cü il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək şəhid ailəsi kimi mənzil növbəliyinə götürülməsini xahiş etmiş və müvafiq sənədləri təqdim etmişdir. Vətəndaş İddiaçı ərizəsi və təqdim etdiyi sənədlər şəhər İcra Hakimiyyətinin mənzil növbəliyi komissiyasının 02 avqust 2024-cü il tarixli iclasında baxılmış və müəyyən edilmişdir ki, vətəndaş İddiaçı Cavabdeh başçısının 524 nömrəli 07 dekabr 1992-ci il tarixli Sərəncamı ilə şəhid ailəsi kimi şəhərin N.Nərimanov küçəsindəki 55/13 nömrəli evin 1 (bir) otaqlı 34 nömrəli mənzili ilə təmin edilmiş, sonradan həmin mənzili satmışdır. Onun şəhid ailəsi kimi mənzillə təmin olunduğu üçün təkrarən şəhid ailəsi kimi mənzil uçotuna alınmasını komissiya mümkün hesab etməmişdir. Komissiyanın qərarına əsasən İddiaçı ünvanına izahedici cavab məktubu göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış.
3. Mingəçevir bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 832 nömrəli arayışı.
4. İddiaçıya məxsus 008297 seriya nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi.
5. V-ЖГ 430072 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti.
6. 02.08.2024-cü il tarixli Mənzil növbəliyi komissiyasının iclasının 17 nömrəli protokolu.
7. Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli 534 nömrəli sərəncamı.
8. 2019008176 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X1 adına qeydiyyata alınmışdır.
9. 15.07.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili X2 bağışlamışdır.
Əsaslandırma hissəsi:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. Məhkəmə işin hallarına aşağıdakı normaları tətbiq edərək hesab edir ki,iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı “Şəhid ailəsi” kimi mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.İddiaçı iddia tələbinin hüquqi əsası kimi qüvvədə olan Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etmişdir. Məhkəmə iddia ərizəsi və işin hallarına əsasən aşağıdakıları qeyd edir. Qüvvədə olan Mənzil Məcəlləsinin 52-ci maddəsinin daxil olduğu normalar Məcəllənin “Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydası və əsasları”nın təsbit olunduğu Vİİ fəslində qeyd edilmişdir.Bu baxımdan da 52-ci maddədə nəzərdə tutulan müddəa iddiaçının iddia tələbinin hüquqi əsası ilə eyni deyildir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Yaşayış sahəsinə ehtiyacı olan şəxslə “şəhid ailəsi” statusuna malik olan şəxsin mənzil uçotuna alınması və mənzillə təmin edilməsi qaydaları eynilik təşkil etmir.Yuxarıda qeyd olunan normadan fərqli olaraq iddiaçının aid olduğu kateqoriya şəxslər güzəştli olaraq mənzil uçotuna alınırlar.Həmin kateqoriya şəxslərə verilən mənzillər isə sosial kirayə müqaviləsi əsasında deyil,dövlət tərəfindən bir sıra Dövlət proqramlarının icrası ilə bağlı şəhid ailələrinə dövlət dəstəyi məqsədilə qeyd-şərtsiz ayrılmasından ibarətdir. Belə olan halda, iddiaçının güzəştli kateqoriyaya daxil olmaqla bu hüququndan istifadə etmiş olması işin mübahisəsiz halıdır.Bu yanaşma bərabərlik prinsipinin tələblərindən də irəli gəlir. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı şəhid ailəsi olması nəzərə alınmaqla ünvan 3 ünvanında yerləşən mənzillə təmin edilmişdir.İddiaçının və cavabdehin də bildirdiyi kimi iddiaçı həmin mənzili özgəninkiləşdirmişdir. Həmçinin,məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzilin də bağışlama müqaviləsi əsasında bacısı X2 bağışlandığı müəyyən edilmişdir. Məhkəmə bərabərlik prinsipini nəzərə alaraq hesab edir ki,cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Şəhid ailəsi kimi mənzil növbəliyinə götürülmə barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə