Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-311/2020 18.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “müharibə veteranı üçün sosial müavinətin 1995-ci ilin 22 sentyabr tarixindən etibarən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Müharibə veteranı kimi iddiaçıya pensiya təyin edilmişdir. Lakin həmin pensiya cəmi 3 il üçün hesablanmış, 2001-ci ildən 2016-cı il tarixədək pensiya hesablanmamış, əsas olaraq pensiyanın son 3 il üçün hesablandığına dair normaya istinad edilmişdir. İddiaçı 24.12.2008-ci il tarixdən 21.12.2018-ci il tarixədək Rusiya Federasiyası, Novosibirsk vilayəti, Tolquçin şəhəri İK-14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 2019-cu ilin yanvarın sonunda Azərbaycan Respublikasına qayıda bilmişdir. Üzürlü səbəbdən pensiya üçün müraciət etmək imkanı olmadığı müddət də nəzərə alınmaqla 2001-ci ilin yanvarın 01-dən etibarən pensiyanın hesablanıb ona verilməsinə göstəriş verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. 14 iyun 2019-cu il tarixli cavab məktubu ilə cavabdeh təqaüdün 25.04.2016-cı il tarixdən təyin edildiyini ümumi məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməlkə ödənildiyini göstərmiş, 25.04.2016-cı il tarixə qədərki təqaüdün ödənilməsindən faktiki olaraq imtina etmişdir. Cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, sosial müavinətlər 1995-ci il 22 sentyabr 216 saylı əsasnamə əsasında hesablanıb verilməlidir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbləri ona münsaibətdə tətbiq edilməsi qanunsuz olmuşdur. Belə ki, 2008-ci ilin dekabr ayının 24-dən 2018-ci ilin dekabr ayının 21-dək Rusiya Federasiyası, Novosibirsk vilayəti, Tolquçin şəhəri İK-14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 2019-cu ilin yanvarın sonunda Azərbaycan Respublikasına qayıda bilmişdir. Bu barədə cavabdehə bildirsə də nəzərə alınmamışdır. Cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası ilə əlaqə saxlamaq, dövlət orqanları ilə yazışmaq, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanında olmamışdır. Nəticədə mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh tərəfin iddiaya münasibəti: Zərdab rayon şöbəsi əvvəllər Bakı şəhərində qeydiyyatda olan, 15.01.2019-cu il tarixdən Zərdab rayon qeydiyyatında olan İddiaçı ƏƏSMN-i yanında DSMF-nun Zərdab rayon Şöbəsinə qarşı qaldırılmış iddia ərizəsinə əsasən bildirir ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məlumat üçün bildiririk ki, İddiaçı 04.05.2001-ci il tarixdə (keçmiş Əzizbəyov RHK) Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Xəzər rayon idarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Vətəndaş şöbəyə 28.12.2018-ci il tarixdə şifahi olaraq müraciət etmişdir. Vətəndaşa qanunvericilik izah olunmuş və tələb olunan sənədləri şöbəyə rəsmi olaraq təqdim etdikdən sonra şöbədə yaradılmış komissiyada baxılaraq məlumat veriləcəyi bildirilmişdir. Tələb olunan sənədləri 25.04.2019-cu il tarixdə şöbəyə təqdim etmiş və ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yanında Cavabdeh tərəfindən 25.04.2019-cu il tarixli 07 saylı qərarı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti təyin edilmişdi. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən 25.04.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək 50,00 (əlli) manat, 01.03.2018dən 31.03.2019-cu il tarixədək 55.00 (əlli beş) manat, 01.04.2019-dan müddətsiz hər ay 80,00 (səksən) manat Prezident təqaüdü təyin olunmuş və ödənişi 31.12.2019-cu il tarixdə tam ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli X1 surəti, Cavabdeh 02.10.2018-ci il tarixli **********4 nömrəli, 14.06.2019-cu il tarixli **********7 nömrəli, 17.12.2019-cu il tarixli ********** nömrəli məktubları və 03.02.2020-ci il tarixli **********2 nömrəli etirazı, 16051 nömrəli, 25.04.2019cu il tarixli, 18.04.2019-cu il tarixli arayışlar, Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 26.04.2019-cu il tarixli 07 nömrəli qərarı, 25.04.2019-cu il tarixli Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ərizəaiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İşə əlavə edilmiş cavabdehin 03.02.2020-ci il tarixli **********2 nömrəli etirazında qeyd edilir ki, iddiaçı 25.04.2019-cu il tarixdə veteranlığa görə müraciət etmiş və müraciətinə qanuna müvafiq olaraq 25.04.2016-cı il tarixdən müavinət ödənilmişdir. İddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün müavinətin ödənilməsi həmçinin Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 26.04.2019-cu il tarixli 07 nömrəli qərarından müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. İddiaçı 25.04.2019-cu il tarixində ona müavinətin ödənilməsi üçün müraciət etmiş və həmin tarixdən əvvəlki 3 il üçün ona müavinət ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun Zərdab rayon Şöbəsinə qarşı “müharibə veteranı üçün sosial müavinətin 1995-ci ilin 22 sentyabr tarixindən etibarən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-311/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-311/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver