Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-311/2022 01.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Zeyvə kəndində borclu X4 adına olan 0,25 ha torpaq sahəsinin İsmayıllı Rayon Məhkəməsinin qərardadına uyğun olaraq naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Zeyvə kəndində borclu X4 adına olan 0,25 ha torpaq sahəsinin İsmayıllı Rayon Məhkəməsinin qərardadına uyğun olaraq naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1620/2017 saylı icra vərəqəsinə əsasən 15030 (on beş min otuz) manat pulu cavabdeh şəxs X3 alınaraq tələbkar kimi iddiaçıya verilməlidir. İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu X4 adına İsmayıllı rayon Zeyvə kəndində 1 hektar torpaq sahəsi vardır. İsmayıllı rayon icra şöbəsi tərəfindən borclu X4 mülkiyyətində olan 1 hektar pay torpaq sahəsinin 0,25 ha torpaq sahəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulur. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsi tərəfindən bir çox arayışlarına əsasən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməməsi barədə imtina ərizələri İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdehin İsmayıllı rayon İcra və probasiya şöbəsinə, həmçinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********45 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, sözügedən İsmayıllı rayonu Zeyvə kəndində yerləşən borclu X4 mülkiyyətində olan 0,25 hektar torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün sənəd-əsası kimi təqdim edilən İsmayıllı rayon İcra və probasiya şöbəsinin təklif sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınma üçün əsas kimi müəyyən edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********42 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6, 8, 9, 10-cu maddələri ilə nəzərdə tutulmuş qayda və əsaslarla hüquq əldə edənin ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd və ərizəyə əlavə etdiyi sənədlər (bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol və.s) əsasında aparılır. Həmin Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçünn əsaslar müəyyən olunmuşdur. O cümlədən Qanunun 8.0.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, 8.0.3-cü maddəsinə uyğun olaraq isə notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilmişdir. Sözügedən İsmayıllı rayonu Zeyvə kəndində yerləşən borclu X4 mülkiyyətində olan 0,25 hektar torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması içün sənəd-əsası kimi təqdim edilmiş İsmayıllı rayon İcra və probasiya şöbəsinin təklif sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilməmişdir. Eyni zamanda 0,25 ha torpaq sahəsi hər tərəfdən X1 istifadəsində olan 1,9317 ha torpaq sahəsinin daxilində yerləşir. 0,25 ha torpaq sahəsinin müəyyən hissəsi su hövzəsi (göl) ərazisində yerləşir. Elektron kadastr baza məlumatlarında 0,25 ha torpaq sahəsinin 0,0116 ha hissəsi JN-047 saylı, 0,0142 ha hissəsi JN-46 saylı Dövlət Aktları ilə üst-üstə düşür. 0,0190 ha hissəsi su kanalı (su tutarı) kimi göstərilmiş əraziyə, qalan hissə isə kollu-örüş əraziyə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-311/2022 nömrəli nömrəli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-311/2022 nömrəli qərardadı ilə iddia tələbi JN-0046 kod 40728038 və JN-0047 kod 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə üst-üstə düşən 0,0258 ha (0,0142+0,0116=0,0258) hissədə mümkün sayılmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(037)-33/2019 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(037)-1620/2017 nömrəli icra sənədinin icrası ilə bağlı borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında İsmayıllı rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin edilmiş, İsmayıllı rayon Zeyvə kəndində yerləşən, borclu X4 mülkiyyətinə sahibkarlıq məqsədilə verilmiş 0,25 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubuna əlavə olunmuş JN-0046 nömrəli Dövlət aktından görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 63 nömrəli qərarı ilə 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və ailə üzvlərinə ayrılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli məktubuna əlavə olunmuş JN-0047 nömrəli Dövlət aktından görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 63 nömrəli qərarı ilə 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 və ailə üzvlərinə ayrılmışdır. Cavabdeh etirazında bildirmişdir ki, 0,25 ha torpaq sahəsi hər tərəfdən X1 istifadəsində olan 1,9317 ha torpaq sahəsinin daxilində yerləşir. 0,25 ha torpaq sahəsinin müəyyən hissəsi su hövzəsi (göl) ərazisində yerləşir. Elektron kadastr baza məlumatlarında 0,25 ha torpaq sahəsinin 0,0116 ha hissəsi JN-047 saylı, 0,0142 ha hissəsi JN-46 saylı Dövlət Aktları ilə üst-üstə düşür. 0,0190 ha hissəsi su kanalı (su tutarı) kimi göstərilmiş əraziyə, qalan hissə isə kollu-örüş əraziyə düşür. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün müraciət edilmiş, smeta alınmış, smetanın icrası iddiaçıya təklif olunmuş, iddiaçı xidmət haqqını ödəyə bilməyəcəyini bildirərək qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri... 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: [53] 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İddiaçının isə faktiki olaraq kooperativ yeməkxana kimi ayrıldığını və istifadəsində olduğunu iddia etdiyi, sənədlər üzrə faktiki koordinatları müəyyən edilməyən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı biçənək sahəsidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və iş materiallarında olan cavabdeh orqanın etiraz məktubundan müəyyən edilmişdir ki, iddiaçının tələbində qeyd olunan 0,25 ha torpaq sahəsinin 0,0258 ha hissəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür, qalan 0,2242 ha torpaq sahəsi isə kollu-örüş ərazisinə düşür. Məhkəmə iddia tələbini 0,0258 ha hissədə müvafiq qərardadla mümkün saymamış və iddiaçıya izah olunmuşdur ki, torpaq sahəsinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması üçün o, ilkin olaraq JN-0046 və JN-0047 nömrəli Dövlət aktlarını mübahisələndirməlidir. Hazırkı iddia tələbinə münasibətdə, yəni torpaq sahəsinin qalan 0,2242 ha hissəsi isə cavabdehin etiraz məktubunda qeyd olunanlardan göründüyü kimi kollu-örüş əraziyə düşür. Bununla yanaşı iddiaçı torpaq sahəsinin onun adına qeydə alınmasına dair tələbi ilə bağlı heç bir hüquqmüəyyənedici sənədə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslara malik deyildir. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Zeyvə kəndində borclu X4 adına olan 0,25 ha torpaq sahəsinin İsmayıllı Rayon Məhkəməsinin qərardadına uyğun olaraq naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılan torpaq sahəsinin 0,2242 ha hissəsində təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-311/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-311/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver