Məhkəmə qərarları › İş №2-1(116)-312/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-312/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-312/2021 18.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı (üçüncü şəxs: İsmayıllı bələdiyyəsi) “İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0.06 ha torpaq sahəsi üzərində tikintisi başa çatmış evin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.2006-cı ildə İsmayıllı bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evinin tikilməsi məqsədilə ona torpaq sahəsinin satılmasını xahiş etmişdir. İsmayıllı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödədikdən sonra tərəflər arasında alqı-satqıya dair akt tərtib edilmiş, İsmayıllı bələdiyyəsinin hüdudları daxilində olan torpaq sahəsinin planı və ölçüsü DTXK tərəfindən dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 2236 nömrə ilə uçota alınmış və A 195108 elektron kadastr planı iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsində İsmayıllı Rayon İH-nin xx xxxxxx 2009-cu il tarixli, 152 saylı sərəncamına əsasən fərdi yaşayış evi inşa etdirmiş və bir müddət orada yaşadıqdan sonra ailə vəziyyətilə əlaqədar müvəqqəti olaraq xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. 2017ci ildən İsmayıllı şəhərinə qayıdaraq inşa etdirdiyi evdə yaşamağa başlamışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, torpaq sahəsi üzərində inşa etdirdiyi yaşayış evinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********46 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında faktiki istifadədə olan torpaq sahəsinə baxış keçirilmiş və ərazidə aparılan çöl-ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, faktiki istifadədə olan torpaq sahəsinin konfiqurasiyası sənəd üzrə torpaq sahəsinin konfiqurasiyasından kəskin fərqlənir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin hüdudlarından kənarda inşa edilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Torpaq sahəsinin və fərdi yaşayış evinin faktiki istifadəçisi X3r. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.0791 hektar təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, iclasda qəbul edilmiş qərara əsasən bələdiyyənin kənd altı hissəsindən 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, DAB seriyalı 276559 nömrəli qəbzdən görünür ki, iddiaçı ona satılan torpaq sahəsi üçün 126 manat məbləği bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İsmayıllı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 402/1 nömrəli rəyindən müəyyən edilir ki, kənd altı 0.06 ha torpaq sahəsinin həyətyanı məqsədilə iddiaçıya satılmasına Şöbə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə tərtib edilən Torpaqların alqı-satqısına dair Aktdan müəyyən edilir ki, iddiaçıya bələdiyyə qərarına əsasən 0.06 ha həyətyanı məqsədilə torpaq sahəsi satılmış və iddiaçı həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan A seriyalı 195108 nömrəli plan və ölçü sənədindən görünür ki, İsmayıllı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı qərarı ilə 606.8 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009cu il tarixli, 152 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, bələdiyyə qərarı ilə İsmayıllı kəndi ərazisində verilmiş torpaq sahəsində ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 58.25 kv.m 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin inşasına razılıq verilmişdir. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 482 nömrəli məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, bələdiyyə 0.06 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinə etiraz etməmişdir. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 01/626 nömrəli məktubunda qeyd edilir ki, İsmayıllı kənd bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 08 saylı qərarı ilə ona verilmiş torpaq sahəsində ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 58.25 kv.m olan fərdi yaşayış evinin tikintisinə RİH başçısının xx xxxxxx 2009-cu il tarixli 152/3 nömrəli sərəncamı ilə icazə verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin nümayəndəsi iştirakını təmin etməmişdir. Üçüncü şəxs məhkəməyə xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq təyin edilmiş məhkəmə iclasının bələdiyyənin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin konfiqurasiyası ona bələdiyyə qərarı əsasında verilmiş və plan ölçüsü tərtib edilmiş torpaq sahəsinin konfiqurasiyasından fərqlidir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilən iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin yerləşmə sxemindən də görünür ki, tələbdə fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi üzərində tikildiyi qeyd edilsə də, aparılan araşdırma ilə aşkar edilir ki, iddiaçının inşa etdirdiyi fərdi yaşayış evi ona İsmayıllı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə verilmiş 0.06 ha torpaq sahəsindən kənarda tikilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0.06 ha torpaq sahəsi üzərində tikintisi başa çatmış evin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınıb çıxarışın verilməsinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı (üçüncü şəxs: İsmayıllı bələdiyyəsi) “İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0.06 ha torpaq sahəsi üzərində tikintisi başa çatmış evin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar