Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-312/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 21.08.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evini Səlyəddin Almazovdan almışdır. O, həmin torpaq sahəsi və fərdi yaşayış evinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, notarial qaydada təsdiq edilmiş 21.08.2013-cü il tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X5 rayonu, Qazbinə kəndində istifadəsində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Mübahisə predmetinə aid olan Balakən rayonu, Qazbinə kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Mahamalar kənd ərazi nümayəndəsinin 18.06.2008-ci il tarixli, 1666 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin 14.04.2008-ci il tarixli, 188 nömrəli arayışına əsasən Mənzər Xəlil qızının adına (həmin torpaq sahəsi istifadədə və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə) 11,07.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş 25.06.2008-ci il tarixli, 2V-133 reyestr nömrəli, “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Almazov Səlyəddinin adına (həmin torpaq sahəsi istifadədə və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə) 22.08.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, həmin daşınmaz əmlak Almazov Səlyəddin tərəfindən notarial qaydada təsdiq edilmiş 21.08.2013-ci tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Sözügedən 0,08 ha torpaq sahəsinə dair Ləğv edilmiş DTXK-si tərəfindən hazırlanmış hüquq müəyyənedici sənədlər 18 saylı Zaqatala Ərazi İdarəsində aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Seriya MH 000441 nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Qasbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi Mənzər Xəlil qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2 №-li reyestr kitabının 136 №-li vərəqində qeydiyyata alınmışdır. - 25.07.2008-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, 24.10.2007-ci ildə vəfat etmiş Mənzər Xəlil qızının vərəsəsi Almazov Səliəddin olmuşdur. Şəhadətnamə ilə verilən miras əmlak Balakən rayonu Mahamalar (Qasbinə) kəndində yerləşən 1985-ci ildə tikilən, ümumi sahəsi 52 kv.m, torpaq sahəsi 0.08 ha olan yaşayış evindən ibarətdir. - Seriya MH 000441 nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Qasbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi Almazov Səlyəddinin adına daşınmaz əmlakın dövlət reyestrində 2 №-li reyestr kitabının 136 №-li vərəqində qeydiyyata alınmışdır. - 21.08.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X9 rayonu Qazbinə kəndində istifadəsində olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evini X1. - cavabdehin 04.12.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin 21.01.2022-ci il tarixli məktubundan görünür ki, Balakən rayonuna dair torpaq islahatı ilə bağlı ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza (DWJ) məlumatlarında sözügedən 0.08 ha torpaq sahəsi – yaşayış məntəqələrinin torpaqları təyinatlı, sahibsiz sahə kimi göstərilmişdir. - Respublika Dövlət Arxivinin Şəki filialının 06.10.2020-ci il tarixli 643 №-li arayışından görünür ki, Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1149-cu sırada X2 torpağının cəmi 008 yazılmış, rəqəmin üstündən xətt çəkilib, qara karandaşla X17 pr4, 10.12.1992, sıra 1640 qeyd edilmişdir. Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1640-cı sırada X8 torpağının cəmi 008, həyətyanı torpaq sahəsindən istifadə etmək hüququnun əsası qrafasında 10.12.1992-ci il, qeyd qrafasında isə №1149 qeyd edilmişdir. - Balakən rayonu Mahamalar kənd “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992ci il tarixli 4№-li müvəkkillər iclası protokolundan çıxarışdan görünür ki, kəndin sakini X3 adında olan 008 hek həyətyanı torpaq sahəsi kənd sakini X8 adına keçirilmişdir. - Balakən rayon Dövlət Arxivinin 05.10.2020-ci il tarixli 126 №-li arxiv arayışından görünür ki, Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1991-1995-ci illər üzrə X12 – a/başçısı, Mənzər Xəlil qızı arvadı, cəmi torpaq sahəsi 1993-1994-cü illər üzrə 008 ha, 1996-2000-ci illər üzrə Mənzər Xəlil qızı a/başçısı, cəmi torpaq sahəsi 008 ha qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən rayonu, Qazbinə kəndində yerləşən, 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən X2 istifadəsində olmuş, daha sonra “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992-ci il tarixli 4№-li müvəkkillər iclası protokolunun qərarına əsasən X8 adına keçirilmişdir. Bundan sonra həmin torpaq sahəsi X8 və onun arvadı Mənzər Xəlil qızının qanuni istifadəsində olmuşdur. Bununla belə torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinə dair şəhadətnamə və plan-ölçü sənədi tərtib edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) zəruri sənəd olaraq qeyd edilmişdir. Əsət Almazovun 1996-cı ildə vəfatından sonra, iddia olunan 0.08 ha torpaq sahəsi təsərrüfatbaşına kitabda, faktiki olaraq 1996-2000-ci illərdə və daha sonrakı dövrdə Mənzər Xəlil qızının faktiki istifadəsində olmuşdur. İstinad olunan Fərmanda təsərrüfatbaşına kitablardan çıxarış mübahisəli torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qiymətləndirildiyindən nəzərə alınmalıdır ki, müvafiq sənədlərdə torpaq sahəsi faktiki istifadədə qeyd edilməsinə baxmayaraq, əslində Mənzər Xəlil qızının mülkiyyətində olmuşdur. Müvafiq fərdi yaşayış evinə dair çıxarış tərtib edilərkən və sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “faktiki istifadədə” olaraq qeyd edilmişdir. Əslində isə Almazov Səliəddin, Mənzər Xəlil qızından vərəsəlik yolu ilə qəbul etdiyi fərdi yaşayış evini torpaq sahəsi ilə birgə iddiaçıya satmış, onun qanuni istifadəsinə keçmiş torpaq sahəsi faktiki olaraq iddiaçının mülkiyətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-312/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-312/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver