Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-312/2023 07.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Yüzbaşıyev Həmid Əli oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili işlər orqanından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1978/2022 nömrəli qərardadı ilə Balakən Rayon Polis Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 2016-cı ildən Balakən Rayon Polis X1 Xidmətinin polis nəfəri olaraq, “polis serjantı” rütbəsi ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrinə əsasən Daxili İşlər orqanlardından xidmətdən xaric edilmişdir. İddiaçı hazırki ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrinin ləğv edilməsini Məhkəmədən xahiş edir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı H.Yüzbaşıyev xx.xx.2022-ci il tarixdə “Kütləvi iğtişaşların qarşısının alınması üzrə təlim məşqlərinin keçirilməsi haqqında” DİN-in xx.xx.2022-ci il tarixli Ə193-001-22 nömrəli Əmrinin tələblərinə uyğun olaraq Şəki şəhərində keçirilən təlimlərə əvvəlcədən məlumat vermədən və heç bir səbəb göstərmədən gəlməmişdir. Onunla dəfələrlə telefon vasitəsilə əlaqə yaradılmağa çalışılsa da telefona cavab verməmiş və hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Təlim məşqlərinə gəlməməyinə aydınlıq gətirmək məqsədilə Balakən RPŞ-nin xidmət üzrə rəis müavini E.Zamanov və həmin ünvanı tanıyan polis nəfərləri - Əsəbəli Qarakişiyev, İbrahim Yolçuyev, Cuma Mamedov, Fərid Əliyev ilə iddiaçının yaşadığı ünvana getmişlər. Həmin vaxt onun evdə olduğu və mobil telefona cavab vermədiyi məlum olmuşdur. Polis əməkdaşlarını yaşadığı ünvanda gördükdə o, E.Zamanova qarşı kobudluq və hörmətsizlik nümayiş etdirərək heç bir səbəb göstərmədən təlimə gəlməyəcəyini aşkar şəkildə bildirmişdir. Həmin tarixdə iddiaçı H.Yüzbaşıyev mülki geyimdə şöbənin həyətində keçirilən təlimata yaxınlaşaraq, subordinasiya qaydalarını gözləmədən birbaşa xidmət üzrə rəis müavini E.Zamanovun üzərinə gedərək ucadan səs-küy salmışdır. E.Zamanov və komandirləri tərəfindən İddiaçı nizam intizama dəvət edilsə də o, iradlardan düzgün nəticə çıxartmayaraq təkrar kobudluğa vol verərək polis əməkdaşının adına və polis etikasına zidd hərəkətlərə yol vermişdir. Araşdırma zamanı izahatları alınmış polis baş serjantı Vidadi İbrahimov, polis serjantı Əsəbəli Qarakişiyev, polis serjantı İbrahim Yolçuyev, polis serjantı Fərid Əliyev, polis baş serjantı Cuma Mamedov, polis serjantı Şamil Dibirov, polis serjantı Şamil Nooyev, polis serjantı Rüstəm Musayev İddiaçı intizamsız hərəkətlərini təsdiq edərək müvafiq izahatlar vermişlər. Əlavə olaraq. İddiaçı xidməti dövründə dəfələrlə nizam intizam qaydalarını pozduğuna görə xx.xx.2019-cu il tarixli ə133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət", xx.xx.2020-ci il tarixli Ə5- 109-20 nömrəli əmrlə “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq", xx.xx.2021-ci il tarixli Ə123-001-22 nömrəli əmrlə “Şiddətli töhmət" elan edilmiş, lakin o, intizam tənbehlərindən nəticə çıxartmamışdır. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2022-ci il tarixli, Ə437-001-22 saylı əmrlə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçının “xx.xx.2022-ci il tarixli Ə437-001-22 saylı əmrin ləğv edilməsi” tələbi əsassızdır və işdə olan sübutlarda bu öz əksini tapmışdır.Cavabdeh etiraz məktubunda iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı xidmət etmiş olduğu polis şöbəsinin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə-437- 001-22 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli Ə123- 109-22 nömrəli əmri ilə ona elan edilmiş "şiddətli töhmət" intizam tənbehi nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
2. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tətbiq edilmişdir.
3. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli Ə-109-20 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir.
4. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə-64-109-21 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “töhmət” intizam tənbehi tətbiq edilmişdir.
5. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Ə-123-001-22 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində “şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir.
6. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Ə-169-109-22 nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu barəsində xidməti araşdırma aparıldığı müddətdə xidmətdən müvəqqəti olaraq (2 aydan artıq olmayaraq) kənarlaşdırılmışdır.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, əmrin ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2022-ci il tarixində məhkəməyə vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı xidməti dövründə dəfələrlə nizam intizam qaydalarını pozduğuna görə xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət", xx.xx.2020-ci il tarixli Ə5-109-20 nömrəli əmrlə “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq", xx.xx.2021-ci il tarixli Ə123-001-22 nömrəli əmrlə “Şiddətli töhmət" elan edilmiş, lakin o, intizam tənbehlərindən nəticə çıxarmamışdır.İddiaçı yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərini mübahisələndirməmişdir. Digər tərəfdən iddiaçının məhkəmə iclasında bildirdiyi xidmət etdiyi polis şöbəsinin rəhbərliyi tərəfindən ona qarşı qərəzli münasibət göstərildiyinə dair izahatına münasibətdə məhkəmə qeyd edir ki,iddiaçı xidmət yerinin dəyişdirilməsi barədə müraciət etməmişdir.Həmçinin, onun barəsində olan intizam tənbeh tədbirlərindən görünür ki, xx.xx.2019-cu il tarixli Ə-133-109-19 nömrəli əmrlə “Şiddətli töhmət" barədə intizam tənbehi Şöbənin əvvəlki rəhbərliyi tərəfindən tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Polis haqqında” Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən polis əməkdaşı səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. Həmin maddənin V hissəsinə əsasən polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir. Polis əməkdaşının xidmətdən xaric edilməsi halları isə 34-cü maddəsində öz əksini tapmışdır. Həmin maddənin İİİ hissəsinə əsasən polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən polis əməkdaşları daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda daxili işlər orqanlarında xidmətdən xaric edilə bilərlər. 29 iyun 2001-ci il 168-İİQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin: 14-cü maddəsinə əsasən, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyi halda xidmətdən xaric edilə bilər: Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanından xidmətdən xaric edilməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 avqust 2022-ci il tarixli, Ə437-001-22 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə