Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-312/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Yevlax şəhəri C.Mustafayev küçəsi bina 106 mənzil 35 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxx 1949-cu ildə Goranboy rayonu Goranlı kəndində anadan olmuşdur. Hazırda isə Yevlax şəhəri E.Məcidov küçəsi ev 9-da yaşayır. Onun oğlu X1 Müharibəsində şəhid olmuşdur. Bu barədə ona 027077 Nə-li vəsiqə də verilmişdir. Ona görə də Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailəsi olaraq X7a və 5 nəfər ailə üzvlərinə ünvan 2 mənzil 35 (2 otaqdan ibarət) verilmişdir. Həmin mənzil onlara Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 28 oktyabr 2010- cu il tarixli 126 №-li sərəncamı əsasında (01 noyabr 2010-cu il tarixli 82 №-li order) verilmişdir X7 14 sentyabr 2021-ci ildə vəfat etmişdir. O, hazırda həmin mənzili öz adına özəlləşdirmək istəyir. Bununla bağlı o, cavabdeh orqana müraciət etsə də, idarənin 30 may 2023-cü il tarixli məktubu ilə bundan imtina edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Yevlax şəhəri, C.Mustafayev 106 nömrəli evin 35 nömrəli mənzilinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi orderin surətindən göründüyü kimi, həmin order xx.xx.2010-cu il tarixində Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Nəzərə çatdırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Xüsusi qeyd: Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2010-cu il tarixdə verilmiş müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər-hansı hüquqmüəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı və onun əsasında verilmiş 82 nömrəli xx.xx.2010-cu il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Eyni zamanda həmin sərəncamda mənzillərin şəxslərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-606/2020 saylı xx.xx.2020-ci il tarixli və 2-1(102)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən orderin verildiyi tarixlə bərabər iddiaçıların həmin mənzillərdə faktiki yaşamağa başlamaları da araşdırılmalıdır. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli Sərəncamından görünür ki, Yevlax şəhərində inşa edilmiş 36 mənzilli binanın tikintisi 2009-cu ilin dekabr ayında başa çatmışdır. Hazırkı iş üzrə order 1 oktyabr 2009-cu il tarixdən sonra verildiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə buna hüququ yaratmamışdır. Hesab edirik ki, iddia tələbi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, 027077 nömrəli şəhid vəsiqəsinin surəti, Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 82№-li orderin surəti, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı və onun əsasında tərtib edilmiş xx.xx.2010-cu il tarixli 82 №-li order, Yevlax şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8 .0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax şəhəri C.Mustafayev küçəsi bina 106 mənzil 35 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır. Yevlax şəhər İcra Hakimiyyəti başçısının “Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikintisi başa çatmış Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 nömrəli binanın mənzillərinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünməsi barədə” xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı ilə sözügedən mənzil iddiaçının mərhum ərinə verilmişdir. Həmin sərəncama əsasən iddiaçının mərhum ərinin adına 5 nəfər ailə üzvü ilə birlikdə xx.xx.2010-cu il tarixli 82 №-li order tərtib edilmişdir. Cavabdeh orqan mənzilin Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı ilə verildiyinə, həmin mənzilə dair xx.xx.2010-cu il tarixli 82 №-li orderin qeyd olunan sərəncam əsasında tərtib olunduğuna, həmin sənədlərin Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyinə istinad edərək imtina cavabı vermişdir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Nəzərə almaq lazımdır ki, nəinki iddiaçıya, ümumiyyətlə şəxsə icra hakimiyyəti orqanı tərəfindən mənzilin ayrılması və bununla bağlı müvafiq sənədləşdirmənin aparılması həmin orqanın səlahiyyət sferasına aiddir. Sənədləşmə ilə bağlı qüsurlar, sənədləşdirmə zamanı yol verilən prosedur pozuntular şəxsin təqsirkar davranışından irəli gəlmədiyi hallarda onun ziyanına təfsir oluna bilməz. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, mənzil şəraitinin yaxşılaşdırılmasına daha ciddi ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin vəziyyətinin nəzərə alınması ilə bağlı İcra Hakimiyyəti başçısının əvvəlki sərəncamlarının müddəaları nəzərə alınaraq, Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai mənzil komissiyası tərəfindən Yevlax şəhəri, C.Mustafayev küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın 15 mənzilinin 03 may 2010-cu il tarixli dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısına əsasən ayrılması qərara alınmışdır. Yevlax Şəhər icra Hakimiyyəti yanında İctimai mənzil komissiyasının 25 oktyabr 2010-cu il tarixli, 05 saylı qərarı nəzərə alınaraq, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı ilə sözügedən mənzil iddiaçının mərhum ərinə ayrılmış və bu barədə müvafiq orderin verilməsi nəzərdə tutulmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti başçısının sərəncamından sözügedən mənzilin ayrılmasının hər hansı tələblə və ya müqavilənin bağlanılması ilə, eləcə də hər hansı öhdəliklə şərtləndirildiyi görünmür. Başqa sözlə, mənzil qeyd-şərtsiz ayrılmış və bu baxımdan mənzilin mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə hallarda etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, icra hakimiyyəti orqanının mənzilin mülkiyyətə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azından məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, sərəncamda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzilin yerləşdiyi bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir və onların sosial müdafiəsinin gücləndirilməsi tədbiri kimi qiymətləndirilməlidir. Belə ki, şəhid ailəsi kimi qeydiyyatda olmuş iddiaçının da aid olduğu vətəndaşların sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin öncül prinsiplərindəndir və Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı da məhz həmin məqsədlərə xidmət edir. Cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1082/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-312/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-312/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver