Məhkəmə qərarları › İş №2-1(116)-313/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-313/2020

06.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-313/2020 06.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1994-1997-ci illərdə fiziki şəxslər üçün məcburi ödədiyi vergi məbləğlərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü ildə Ağdaş rayonun Pilkəkə kəndində anadan olmuşdur. Halhazırda Mingəçevir şəhərində yaşayır. İddiaçı 01 may 2018-ci il tarixdən yaşa görə pensiyaya çıxmış, 1994-1995,1996,1997-ci illərdə fiziki şəxslər üçün müəyyən edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyi sahibkarlıq fəaliyyət növünə görə dövlətə vergi ödəmişdir. Ona həmin illərə görə DSMF-nin Mingəçevir şəhər şöbəsi əmək pensiyasına çıxarkən həmin illərdə ödədiyi vergi məbləğini sosial sığorta stajı kimi hesablamamışdır. Bu barədə iddiaçı DSMF-nin Mingəçevir şəhər şöbəsinə yazılı müraciət etsə də, 11.10.2019-cu il tarixli **********8 saylı rəsmi məktubla ona müsbət cavab verilməmişdir. Ona görə də məcbur olub hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazının dəlilləri: Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 1994,1995,1996,1997-ci illərdə fiziki şəxslər üçün məcburi dövlət sosial sığorta haqları tətbiq edilmədiyinə görə sosial sığorta haqlarını həmin illər üçün ödənməmişdir. 1994,1995,1996,1997-ci illərdə lisenziya və patent haqqı üzrə vergi məbləğləri vergi müfəttişliyinin hesablaşma hesabına ödənmişdir. Odur ki, İddiaçı ödədiyi vergi məbləğləri sosial sığorta stajına daxil edilmir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Mingəçevir şəhər şöbəsinin 11.10.2019-cu il tarixli ********** nömrəli imtina məktubu, 13.12.2019-cu il tarixli **********0 nömrəli etirazı, 1994-1997-ci illərə dair qəbzlər aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İşdə olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin 13.12.2019-cu il tarixli **********0 nömrəli məktubundan görünür ki, İddiaçı 1994,1995,1996,1997-ci illərdə fiziki şəxslər üçün məcburi dövlət sosial sığorta haqları tətbiq edilmədiyinə görə sosial sığorta haqlarını həmin illər üçün ödənməmişdir. 1994,1995,1996,1997-ci illərdə lisenziya və patent haqqı üzrə vergi məbləğləri vergi müfəttişliyinin hesablaşma hesabına ödənmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinin b) bəndinə görə fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. İddiaçının təqdim etdiyi 1994-1997-ci illərə dair qəbzlərdən müəyyən olunur ki, o, 1994,1995,1996,1997-ci illərdə lisenziya və patent haqqı üzrə vergi məbləğləri vergi müfəttişliyinin hesablaşma hesabına ödənmişdir. İddiaçı tərəfindən həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirilməmişdir. Ona görə də onun iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı “1994- 1997-ci illərdə fiziki şəxslər üçün məcburi ödədiyi vergi məbləğlərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar