Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-313/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin 09.04.2005-ci il tarixli 05 nömrəli qərarı ilə ona satılmış 1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 30.03.2005-ci ildə ərizə ilə Göyçay Rayonu Çayarxı Bələdiyyəsinə müraciət edərək, bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən 1 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən "Göyçay rayonu Çayarxı kəndi ərazisindən İddiaçı heyvandarlığın inkişafına görə satılmış torpaq sahəsinin sxematik planı" adlı sənəd tərtib olunmuş və Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bundan sonra Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin 09.04.2005-ci il tarixli 05 nömrəli qərarına əsasən, İddiaçı Çayarxı Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən 1 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə ona satılması qərara alınmışdır. İddiaçı tərəfindən Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin hesabına 11.04.2005ci ildə torpağın satış pulu kimi 759000 manat pul ödənilmişdir. Göyçay Rayonu Çayarxı Bələdiyyəsi ilə İddiaçı arasında 1 ha torpaq sahəsinin alqı-satqısına dair 21.04.2005-ci tarixli akt tərtib edilmiş və 21.04.2005-cu ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı Göyçay rayonu Çayarxı kəndində sözügedən 1 ha torpaq sahəsində yerləşən, qeyri-yaşayış sahəsi 897,9 kv.m olan qeyri-yaşayış binasını 26.11.2015-ci il tarixli bağışlama müqaviləsi ilə X4 bağışlamışdır. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,0972 ha torpaq sahəsində yerləşən 897,9 kv.m qeyri-yaşayış binasına X3 mülkiyyət hüququ 08.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Göyçay rayonu Çayarxı kəndində yerləşən 1 ha sahibkarlıq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 21.06.2021-ci il tarixli **********11 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin ayrılması barədə Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyləri təqdim edilməmiş, eyni zamanda, 1 ha torpaq sahəsinin üzərindən 10 kvt-luq yüksək gərginlikli hava elektrik xətti keçir, bundan başqa, Göyçay rayonu Çayarxı kəndində yerləşən qeyri-yaşayış binasına verilmiş çıxarışda torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinə çıxarış verilməli olduğu halda, sonuncu bu barədə əlavə sənədlər tələb etmişdir. Bundan başqa, ona satılmış torpaq sahəsinin üzərindən keçən 10 kvt-luq yüksək gərginlikli hava elektrik xətti 10 metrlik mühafizə zolağının bir hissəsinə düşür. Həmin elektrik xəttinin torpaq sahəsindən uzaqlaşdırılması barədə texniki işlərin görülməsi üçün iddiaçı tərəfindən aidiyyəti orqanlara müraciət edilmişdir. Eyni zamanda, iddiaçı mübahisəli torpaq sahəsinin təyinatı ilə bağlı qeyd etmişdir ki, həmin torpaq sahəsi Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin mülkiyyətində olmuş, daha sonra ona satılmışdır. Cavabdeh məhkəməyə göndərdiyi 29.10.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən torpaq sahəsi iddiaçıya Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin qərarı ilə satılsa da, həmin Bələdiyyə artıq mövcud deyil və onun yurisdiksiyasında olan ərazi hazırda Göyçay Rayonu Qarabaqqal Bələdiyyəsinin yurisdiksiyasındadır. Məhkəmənin 17.12.2021-ci il tarixli və 17.03.2022-ci il tarixli qərardadları ilə Göyçay Rayonu Qarabaqqal Bələdiyyəsi və X6 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı 10.05.2022-ci ildə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin 09.04.2005-ci il tarixli 05 nömrəli qərarından görünür ki, Çayarxı Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən 1 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə İddiaçı satılması qərara alınmışdır. - İşdə olan, 11.04.2005-ci il tarixli 6 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin hesabına torpağın satış pulu kimi 759000 manat pul ödənilmişdir. - İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair 21.04.2005-ci tarixli aktdan görünür ki, Göyçay Rayonu Çayarxı Bələdiyyəsi ilə İddiaçı arasında 1 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və 21.04.2005-cu ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydiyyata alınmışdır. - İşdə olan, 26.11.2015-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı Göyçay rayonu Çayarxı kəndində sözügedən 1 ha torpaq sahəsində yerləşən, qeyriyaşayış sahəsi 897,9 kv.m olan qeyri-yaşayış binasını bağışlama müqaviləsi ilə oğlu X4 bağışlamışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Göyçay rayonu Çayarxı kəndində 0,0972 ha torpaq sahəsində yerləşən 897,9 kv.m sahəsi olan qeyri-yaşayış binasına X3 mülkiyyət hüququ 08.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, cavabdehin 21.06.2021-ci il tarixli **********11 nömrəli imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılması barədə Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyləri təqdim edilməmiş, eyni zamanda, 1 ha torpaq sahəsinin üzərindən 10 kvt-luq yüksək gərginlikli hava elektrik xətti keçir, bundan başqa, Göyçay rayonu Çayarxı kəndində yerləşən qeyriyaşayış binasına verilmiş çıxarışda torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 07.02.2022-ci il tarixli **********39 nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən, 1 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Cavabdehin imtina məktubundan və etirazından aydın olur ki, 1 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan onun imtinasının aşağıdakı dörd səbəbi vardır: 1) torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması üçün Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyinin olmaması, 2) torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyinin olmaması, 3) torpaq sahəsinin 10 kvt-luq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasında yerləşməsi, 4) torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunması. İmtinanın ilk iki dəlili ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsi)." Bundan başqa, Plenumun Qərarında qeydiyyat aparmaqdan inzibati orqanın verdiyi imtinalarla bağlı aşağıdakı hüquqi mövqe ifadə edilmişdir: "Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir." Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 66.2ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 16 saylı Ucar Ərazi İdarəsi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edərkən, Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəylərinin olmamasına istinad etməkdə haqlı olmamışdır. Torpaq sahəsinin 10 kvt-luq yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə cavabdehin dəlili ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində deyilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin imtina etməsi qanunsuzdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Cavabdehin 4-cü dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə sorğu edilərək 1 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənədin məhkəməyə təqdim olunması tələb edilmiş, lakin cavabdeh 14.02.2022ci il tarixli **********50 nömrəli cavab məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil. Eyni zamanda, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək həmin Xidmətin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsindən alınmış 14.02.2022-ci il tarixli **********78 nömrəli cavab məktubunda göstərilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən, sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aiddir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində deyilir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Göründüyü kimi, cavabdeh qeydiyyata alınması tələb olunan 1 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sənədin mövcud olmadığını özü etiraf etmiş, eyni zamanda, dövlət torpaq kadastrından əldə olunmuş məlumatda həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması bildirilmiş, Göyçay Rayonu Çayarxı Bələdiyyəsi isə həmin torpaq sahəsini iddiaçıya satmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdehin istinad etdiyi dəlillər 1 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas vermir. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göyçay Rayonu Çayarxı Bələdiyyəsinin 09.04.2005-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı satılmış 1 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-313/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-313/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver