Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-313/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Zərdab rayon İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncamına əsasən icarəyə verilmiş, Zərdab şəhəri Mollakənd yolunun sağ tərəfində yerləşən 0.0030 ha torpaq sahəsinin üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Zərdab rayon İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncamına əsasən icarəyə verilmiş, Zərdab şəhəri Mollakənd yolunun sağ tərəfində yerləşən 0.0030 ha torpaq sahəsinin üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmasnı xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 16 saylı ucar ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən sahibkarlıq fəaliyyətilə əlaqədar olaraq Zərdab rayon İcra Hakimiyyətinə etdiyi müraciətnə əsasən Zərdab şəhəri Zərdab-Mollakənd yolunun sağ tərəfində yerləşən ərazisindən 0.0030 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncama əsasən uzunmüddətli olmaqla icarəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsilə bağlı Torpaq sahəsinin icarəyə verilməsilə bağlı müqavilə bağlanmışdır və həmin sahənin yerquruluşu planı işlənib təsdiq edilmiş və həmin torpaq sahəsinin icarəsinə verilməsilə bağlı zəruri sənədlər hazırlanaraq təsdiq edilmişdir. Lakin bütün bunlara baxmayaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə etdiyi müraciətinə imtina verilmişdir. Cavabdehin iddia tələbinə etirazında bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və torpaq sahəsinin əsas dönmə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Araşdırma zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerquruluşu planındakı koordinatların Zərdab bələdiyyəsinə məxsus G**********310 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən Zərdab şəhəri, Zərdab–Mollakənd yolunun sağ tərəfində yerləşən 0,0030 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmədə iştiraklarını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Zərdab rayon İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncamı;
2. 15.12.2023-cü il tarixli 3-21-3-36/2-Y-00xx-xx/2023 nömrəli imtina məktubu;
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli rəyi;
4. Torpaq sahəsinin icarəyə verilməsilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə;
5. Cavabdehin 3-21-3-35/2-3775/20223 nömrəli xx.xx.2023-cü il tarixli etirazı və ona əlavə edilmiş sənədlər;
6. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə edilmiş sənədlər;
7. DƏDRK 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Zərdab rayon İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncamına əsasən Zərdab şəhəri Mollakənd yolunun sağ tərəfində yerləşən 0.0030 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir.İddiaçının hüquqi marağı həmin torpaq sahəsinin üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli rəyi təqdim edilmişdir.Rəydən görünür ki,30 kv.m torpoaq sahəsinin sahibkarlıq məqsədi ilə iddiaçının icarəsinə verilməsinə və müqavilə bağlanılmasına etiraz edilməmişdir. Cavabdehin iddiaya qarşı dəlilini "xxxx" MMC tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerquruluşu planındakı koordinatların Zərdab bələdiyyəsinə məxsus G**********310 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, icarəyə verilən torpaq sahəsi bələdiyyə deyil,dövlət mülkiyyətində olan torpaq sahəsidir.Üst-üstdə düşdüyü göstərilə torpaq sahəsi isə hüquqmüəyyənedicis deyil,texniki sənəd olan torpaq sahəsinin planı və ölçüsü sənədidir.Həmin halın aradan qaldırılması isə əslində cavabdehin xidməti vəzifəsidir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, Zərdab şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncamına əsasən ayrılmış 0,0030 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında, təqdim olunan “X1 X2” məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına, tikinti altında olan torpaqlar subkateqoriyasına aid, mülkiyyət növü dövlət olmaqla, ikimərtəbəli yaşayış binası ilə 8 metr məsafədə yerləşməklə ümumi istifadədə olan torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin :
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
5. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər.
6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 5. İcarəyə verilən dövlət torpaqları Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; yay və qış otlaqlarının torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə mütəxəssis rəyində qeyd olunan qismən uyğunsuzluğa münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Odur ki, iddiaçının faktiki istifadəsində 30 kv.m torpaq sahəsi olduğundan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması mümkündür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir..
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Zərdab rayon icra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 170 nömrəli sərəncamına əsasən İddiaçı icarəyə verilmiş, Zərdab şəhərində (Zərdab-Mollakənd yolunun sağ tərəfində) yerləşən 30 kv.m torpaq sahəsinin üzərində iddiaçının icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.