Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3131/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki şəhəri, Qurcana küçəsi, ev 1A) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) (üçüncü şəxs – Şəki bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Şəki şəhəri, 20 Yanvar küçəsi 8) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclasının protokolu (qərarı) ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Şəki şəhərində yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Qərar qəbul olunarkən şəhərin baş memarının və DTXK Şəki rayon şöbəsinin müvafiq razılıq məktubları nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 14 avqust 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 9 sentyabr 2024-cü il tarixli qərardadı ilə Şəki bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış torpaq sahəsinin reyestrdə qeydiyyata alınmasından cavabdehin “torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması” səbəbi ilə imtina etməsi qanunsuz və əsassızdır. Cavabdeh onun müraciətinə obyektiv şəkildə baxmamış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Şəki bələdiyyəsinin qərarına onun etimad hüququ var. Torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı Şəki bələdiyyəsinin qərarı ilə ona satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin «Torpaqların alqı-satqısı Qaydaları»na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizəçiyə 14 avqust 2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.6-cı maddəsinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsaslanaraq, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması mümkün olmamışdır. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Şəki bələdiyyəsinin iddia ilə bağlı münasibəti belədir ki, şəhərin baş memarının və DTXK Şəki rayon şöbəsinin razılıq məktubları və digər sənədlər nəzərə alınaraq Şəki bələdiyyəsinin 26 oktyabr 2007ci il tarixli 12 saylı iclasının 83 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fondundan 79-cu kvartalda yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə satılmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qərarın qəbulundan sonra DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən DTXK Şəki rayon şöbəsinə müraciət olunmadığından, həmin akt tərtib olunmamışdır. İddiaçı torpaq sahəsinin müəyyənləşdirilmiş dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. Məhkəmədən qanunamüvafiq qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şəki şəhəri ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclası protokolu (qərarı) ilə satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarından görünür ki, Şəki ŞİH başçısının Aparatı tərəfindən DTXK Şəki rayon şöbəsinə ünvanlanmış 4 oktyabr 2007-ci il tarixli məktubla Şəki şəhər sakini İddiaçı şəhərin 79-cu kvartalından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması ilə əlaqədar şöbənin məktubunun araşdırıldığı və həmin torpaq sahəsinə baxış keçirildiyi bildirilmiş və əlaqədar idarə və təşkilatların razılığı, yerin layihə-smeta sənədləri şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra sxemdə göstərilən ərazidə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, DTXK Şəki rayon şöbəsinin Şəki bələdiyyəsinə ünvanlanmış 5 oktyabr 2007-ci il 184 nömrəli məktubu ilə Şəki şəhər sakini İddiaçı şəhərin 79-cu kvartalından fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi seçildiyi və satılmış torpaq sahəsinə hüquqi sənəd alınaraq dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz edilmədiyi bildirilmişdir. İş materiallarında olan Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun surətindən görünür ki, bələdiyyənin qeyd olunan tarixli iclasında İddiaçı müraciəti, şəhərin baş memarının DTXK Şəki rayon şöbəsinin müvafiq məktubları nəzərə alınaraq, onun mülkiyyətinə həmin məqsədlə bələdiyyənin perspektiv inkişaf fondundan – 79-cu kvartalından 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin 24 oktyabr 2024-cü il tarixli məktubu ilə hazırkı iş üzrə təqdim olunmuş mütəxəssis rəyində bildirilmişdir ki, iddia olunan torpaq sahəsi faktiki olaraq 600 kv.m olub, İddiaçı istifadəsindədir, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi elektron baza məlumatlarında Şəki bələdiyyəsinə aid, yaşayış məntəqəsi torpaqları daxilində həyətyanı torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkarlanmamışdır. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən üst-üstə düşür. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Şəki bələdyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokolu (qərarı) bələdiyyənin perspektiv inkişaf fondundan 79-cu kvartalda yerləşən 600 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı protokoluna (qərarına) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 600 kv.m torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair DTXK tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt” təqdim edilməmişdir. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Şəki bələdiyyəsinin mötəbər sayılan 26 oktyabr 2007-ci il tarixli 12 saylı protokoluna (qərarına) əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. Rəydə qeyd olunan “sənəd üzrə və faktiki torpaq sahələrinin qismən üst-üstə düşməsi” halı isə, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının müddəaları əsasında cavabdeh inzibati orqanın özü tərəfindən aradan qaldırıla bilər. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqısatqısına dair akt” tərtib olunmasa da, həmin aktı tərtib etməli olan qurumların, yəni Şəki bələdiyyəsinin və DTXK Şəki rayon şöbəsinin bununla əlaqədar qabaqcadan alınmış mövqeləri məlum olmuşdur və bu mövqelər razılıq əlamətləri daşımış və alqı-satqı aktının növbəti qısa müddət ərzində təsdiqlənməsinə yönəlmişdir. Bu aktın təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun (qərarının) qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktının tərtib edilməməsi inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Şəki bələdiyyəsinin 26 oktyabr 2007ci il tarixli 12 saylı iclas protokolu (qərarı) ilə ona satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokolu (qərarı) ilə satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Şəki bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 12 saylı iclas protokolu (qərarı) ilə satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-3131/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3131/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver