Məhkəmə qərarları › İş №2-1(116)-3139/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3139/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3139/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 saylı Fərmanı ilə müəyyən edilən təqaüdün iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 saylı Fərmanı ilə müəyyən edilən təqaüdün iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 saylı fərmanı ilə müəyyən edilən təqaüdün iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli məhkəmə iclas protokolu ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır. İddiaçının qanuni nümayəndəsinin himayəsində birinci qrup əlilliyi olan xx.xx.2009cu il təvəllüdlü oğlu İddiaçı var. Oğlunun birinci qrup əlilliyi anadan olduğundan müəyyən edilmişdir və buna görə dövlətdən müəyyənləşdirilmiş sosial müavinət almışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 saylı Fərmanına əsasən, xx.xx.2014-cü il tarixindən “Ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikasının təqaüdü” təsis edilmişdir. Sözügedən Prezident təqaüdünü xx.xx.2024-cü ildən almışdır. Bu tarixdən 3 il əvvəlki müddətə həmin Prezident təqaüdünün ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətə imtina cacavbı vermişdir. Daha sonra isə xx.xx.2025-ci il tarixli cavab məktubu ilə yalnız xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü i tarixədək olan təqaüdün ödənilməsini qərarlaşdırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının qanuni nümayəndəsi ərizə ilə müraciət edərək iddiaçıya təqaüdün təyin edildiyi tarixdən əvvəlki 3 il üçün ödənişin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktub göndərilərək müraciətindən imtina edilmişdir. Həmin məktuba əsasən xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs hesab edildiyindən ona əvvəlki 3 illik dövr üzrə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçının qanuni nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırkı mübahisə yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu;

2. xx.xx.2024-cü il tarixli arayışın surəti;

3. AZ-İİ seriyalı 343028 nömrəli doğum haqqında şəhadətnamənin surəti;

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubları və ona əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərinin surəti;

5. cavabdehin xx.xx.2025-ci il tarixli etirazı.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur,iddia mümkün iddiadır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq xx.xx.2024-cü il tarixindən əvvəlki üç illik dövr üçün Prezident təqaüdünün ödənilməsindən ibarətdir. İddiaçı hesab edir ki, 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan müddətdə əsassız olaraq müavinət almamışdır. Bu səbəbdən də həmin müddətdə ödənilməyən ödənişlərin ödənilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçıya müraciəti əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövrün təqaüdünün ödənilməsi cavabdeh tərəfindən təmin edilmişdir.Yəni,tələb olunan hissə 01 iyul 2021-ci il tarixindən xx.xx.2024cü il tarixinədək olan dövrdür. “Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə nəticəsində İddiaçı xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir.Həmin tarixdən ona Prezident təqaüdü təyin edilmiş və ödənilməyə başlanılmışdır.Həmin tarixədək isə iddiaçıya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına əsasən sosial müavinət ödənilmişdir. Məhkəmə qeyd edir ki, sosial müavinətlə Prezident təqaüdünün ödənilməsi qaydaları fərqlidir.Fərmana əsasən Prezident təqaüdü onu almaq hüququ yarandığı gündən ödənilir və onun əvvəlki dövr üçün geriyə ödənilməsi nəzərdə tutulmamışdır.İddiaçının Prezident təqaüdü almaq hüququ yarandığı tarixdən cavabdeh tərəfindən ödənilməsi təmin edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası : 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 saylı Fərmanı ilə müəyyən edilən təqaüdün iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar