Məhkəmə qərarları › İş №2-1(116)-314/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-314/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-314/2024 15.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 229 saylı qərarı ilə “Azkooptikinti” trestinin Mingəçevir Dəmir-Beton Məmulatları zavoduna ayrılmış 0,20 ha torpaq sahəsi ərazisindən Mingəçevir X1 Həmkarlar İttifaqı Komitəsi və Bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 229 saylı qərarı ilə “Azkooptikinti” trestinin Mingəçevir Dəmir-Beton Məmulatları zavoduna ayrılmış 0,20 ha torpaq sahəsi ərazisindən Mingəçevir X1 Həmkarlar İttifaqı Komitəsi və Bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-314/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Şəhər XDS İK-nin 25 iyul 1985-ci il tarixli 229 saylı qərarı ilə "Azkooptikinti" trestinin X10 zavoduna Balıq zavodunun ətrafından kollektiv bağçılıq üçün 0,20 ha torpaq sahəsi ayrılmışdır. Həmin 0,20 ha torpaq sahəsi işçilər arasında müvafiq qaydada bölünərək ona da 0,05 ha bağ torpaq sahəsi verilmiş və adına Mingəçevir DBM zavodu Həmkarlar İttifaqı Komitəsi və Kollektiv bağçılıqyoldaşlığı tərəfindən bağçılıq təsərrüfatı pasportu işlənərək təqdim olunmuşdur. Uzun müddətdir ki, o həmin torpaq sahəsindən fasiləsiz olaraq istifadə edir. Torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin sahibləri ilkin sənədlər XDS İcraiyyə Komitəsinin qərarı və bağçılıq pasportları əsasında istifadələrində olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq adlarına Dövlət Reyestrindən Çıxarışlar və Torpaq sahəsinin planı və ölçüsü sənədini almışlar. Odur ki, o da, qanuni istifadəsində olan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi üçün ərizə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh 05 may 2023-cü il tarixli 3-21-3-35/2-S-0040-8/2023 saylı məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı Mingəçevir şəhərində yerləşən Azərittifaqın “Azkooptikinti quraşdırma tresti”nin X1 kollektiv bağçılıq təsərrüfatı tərəfindən ayrılmış 0,05 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının nəzərinizə çatıdırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.7 maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçının ərizəsi ilə bağlı Ərazi idarəsinin arxiv materiallarına istinadən məlumat olaraq bildirilmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007ci il tarixli Akta əsasən DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Azərittifaqın “Azkooptikinti quraşdırma tresti'nin X1 kollektiv bağçılıq təsərrüfatı torpaq sahəsinin ayrılmasına dair adlı siyahıda X4 adı aşkarlanmamışdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı ona ayrılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdiriiənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar, Ərazi İdarəsinə təhvil verilmiş Azərittifaqın “Azkooptikinti quraşdırma tresti”nin X1 adlı siyahısında İddiaçı adının olmaması hazırki iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması üçün əsas sübut təşkil edir. Nəzərə alınmalıdır ki, Mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nüayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X5 X8"nə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi - Mingəçevir bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası – tikinti altında olan torpaqlar, döngə nöqtələri və faktiki sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Yeni elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi digər subyektlərə **********1768 və **********1769 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Məlumat üçün bildirilmişdir ki, digər subyektlərə verilmiş **********1768 və **********1769 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin nüsxəsi Ərazi idarəsinin arxivində mömcud deyil. - cavabdehin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, iddiaçının naturada istifadə etdiyi mütəxəssis tərəfindən ölçülən və yerquruluşu planına əlavə edilən torpaq sahəsi Azkooptikinti bağçılığın ərazi hüdudları daxilində yerləşir. - cavabdehin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, Azkooptikintiquraşdırma trestinin Mingəçevir X1 adlı siyahısı ilə “Qobustan” bağçılığın adlı siyahısı eynilik təşkil edir. İş üzrə təqdim edilmiş adlı siyahı elə həmin siyahıdır. Digər məsələ qonşu torpaq sahələrinin mülkiyyətçiləri barədə adları məhkəmə prosesi zamanı araşdırma predmetinə çevrilən şəxslərin həmin bağçılıqda torpaq payının olub-olmaması araşdırıldı. Belə ki, X6 adlı siyahıda birinci sırada yer alır (mülkiyyət hüquqları rəsmiləşdirilməmiş, çıxarış verilməmişdir), X3 mülkiyyət hüquqları tanınmışdır ki, sonuncuya münasibətdə arxiv arayışı təqdim edilmişdir. X2 mülkiyyət hüquqları isə məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi kollektiv bağçılıq təşkilatının pasportu sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. Yuxarıda qeyd edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin konkret siyahısı müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş kollektiv bağçılıq təşkilatının pasportu istinad olunan maddi hüquq normasında nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən inzibati orqanın praktikası yoxlanılmışdır. Lakin təqdim edilmiş qonşu torpaq sahələrinə dair sənədlərlə inzibati orqanın kollektiv bağçılıq təşkilatının pasportu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması ilə bağlı davamlı və ümumi xarakter daşıyan inzibati praktikasının mövcudluğu müəyyən edilməmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 229 saylı qərarı ilə “Azkooptikinti” trestinin Mingəçevir Dəmir-Beton Məmulatları zavoduna ayrılmış 0,20 ha torpaq sahəsi ərazisindən Mingəçevir X1 Həmkarlar İttifaqı Komitəsi və Bağçılıq-yoldaşlığı təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar