Məhkəmə qərarları › İş №2-1(116)-314/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-314/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-314/2025 09.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2003-cü il tarixdən 09 noyabr 2023-cü il tarixə kimi olan dövr üçün oğlu - Şəmizadə Ramazan Səxavət oğlunun sosial müavinətinin və uşağa qulluq edildiyi üçün Prezident təqaüdünün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “iddiaçının 14 iyun 2018-ci il tarixdə doğulmuş Şəmizadə Ramazan Səxavət oğlu doğulduğu vaxtdan “Hemofiliya “A” İrsi ailəvi forma.Tez-tez baş verən fitoz” diaqnozu ilə xəstədir. Ağız boşluğunda tez-tez qanamalar baş verir. Oğlum 2020-ci ildən 2023-cü ilə kimi əlilliyə görə sosial müavinət alırdı. Bu ilin mart ayının 12-də oğluna müavinətin verilməsi dayandırıldı və mən uşaqla birlikdə Akademik M.Mİrqasımov adına Respublika Klinik Xəstəxanasının Hemofiliya şöbəsində 10 gün stasionara yerləşdirildi. Həmin xəstəxanadan çıxarkən həkimin verdiyi arayışı Göyçay rayon X5 Hüquqi Şəxsinə təqdim etdi. Təxminən 1 ay sonra məlum oldu ki, həkimin verdiyi arayış əlillik sənədlərinin verilməsi üçün yetərli deyil. Bu səbəbdən də 28 avqust 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixə kimi yenidən oğlum Respublika Klinik Xəstəxanasının Hemofiliya şöbəsində müalicə olundu və xəstəxananın verdiyi çıxarışa əsasən 22 noyabr 2023-cü il tarixdə oğluna müavinət və ona uşağa qulluq etdiyi üçün təqaüd təyin edildi. Lakin 2023-cü ilin mart ayından noyabr ayına kimi olan dövr üçün oğlunun müavinəti və onun təqaüdü verilmədi. Halbuki oğlunu müalicə və müayinəyə aparmışdı. Həkimin sənədi düzgün qaydada verməməsi səbəbindən iddiaçının və oğlunun hüquqları pozulmamalıdır. 01 dekabr 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə müraciət edərək 2023-cü ilin mart ayından noyabr ayına kimi olan dövr üçün oğlunun pensiyasının və özünün baxım pulunun ödənilməsinə köməklik göstərilməsini xahiş etdi. Həmin müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və 21 dekabr 2023-cü il tarixli 3-17-1/2-Ş- 301390/2023 saylı məktubla mənə cavab verilmişdir. Həmin məktubda cavabdeh göstərir ki, 13 mart 2023-cü il tarixdə sağlamlıq imkanlarının müddəti bitən oğlu Ramazan Şəmizadənin təkrar müayinəsi əsasında əlilliyi 09 noyabr 2023-cü il tarixindən müəyyən edildiyindən, əlilliyin bitdiyi tarixdən təkrar müayinə edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün müraciətində qeyd etdiyi dövr üçün təqaüdün və müavinətin təyin edilməsi mümkün deyil. Halbuki səhiyyə müəssisəsi tərəfindən Tibbi Sosial Ekpert Komissiyasına göndərilmiş 25 iyun 2023-cü il tarixli göndəriş uşağın şəxsiyyət vəsiqəsinin qüvvədə olmaması, 15 iyul 2023-cü il tarixli göndəriş isə natamam doldurulması səbəbi ilə təmin olunmamış, əlilliyin verilməsindən imtina edilmişdir. Göründüyü kimi imtinalar onun təqsirindən deyil, göndərişi dolduran səhiyyə müəssisəsinin diqqətsizliyi nəticəsində yaranan səbəblərə görə verilmişdir. İddiaçı qeyd edir ki, özü 04 oktyabr 2022-ci il tarixdə onurğasından və bel nahiyyəsindən qapalı travma alaraq X7 21 oktyabr 2022-ci il tarixdə cərrahi əməliyyat keçirmiş və uzun müddət müalicə olunmuşdur. Bu səbəbdən və oğlunun ağır hemofiliya xəstəsi olması səbəbindən ona əliliyin yenidən verilməsinə şübhəsi olmadığından səhiyyə müəssisəsinə vaxtaşırı gedə bilməmişdir. Hesab edir ki, hər iki imtina səhiyyə müəssisəsinin səhvindən baş verdiyindən və əlilliyin müəyyən edilməsi üçün 28 avqust 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixə kimi oğlunun Respublika Klinik Xəstəxanasının Hemofiliya şöbəsində müalicə olunduğundan ötürülmüş 6 ay müddət üzrlü hesab edilməli, həmin dövr üçün sosial müavinət və təqaüd cavabdeh tərəfindən hesablanaraq ona ödənilməlidir.”. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, “iddiaçı X3 övladı Şəmizadə Ramazan Səxavət oğlunun əlillik müddətinin bitdiyi tarixdən, əlillik təyinatı bərpa edilən günədək ona ödənilməmiş sosial müavinətin və uşağa qulluq etdiyi üçün Prezident təqaüdünün hesablanıb ödənilməsi ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-301390/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı övladı R.Şəmizadəyə xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət, iddiaçıya isə övladına qulluq etdiyinə görə Prezident təqaüdü təyin edilmiş və sağlamlıq imkanları məhdudluğunun müddətinin bitməsi ilə əlaqədar müavinətin və ona ödənilən təqaüdün ödənişi xx.xx.2023- cü il tarixdən dayandırılmışdır. X1 sisteminin “Əlillik" altsisteminə əsasən iddiaçının övladı R.Şəmizadənin təkrar müayinə əsasında xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq iddiaçıya həmin tarixdən proaaktiv qaydada R.Şəmizadəyə 150 manat sosial müavinət, qulluğa görə isə İddiaçı Prezident təqaüdü təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanuna əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli N°356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə, əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İmtina məktubunda qeyd olunmuşdur ki, R.Şəmizadənin əlillik müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, təkrar müayinə əsasında əlillik dərəcəsi isə xx.xx.2023-cü il tarixdən müəyyən edildiyindən (əlillik bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona ərizəsində qeyd etdiyi dövrlər üzrə əmək pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. X1 sisteminin “Əlillik” altsisteminin xx.xx.2020-ci il tarixli müayinə çıxarışından görünür ki, Şəmizadə Ramazan Səxavət oğluna xx.xx.2020-ci il tarixdən ilkin olaraq 3 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək İİİ dərəcə əlillik təyin edilmişdir. X1 Sisteminin “Əlillik” altsisteminin xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, Şəmizadə Ramazan Səxavət oğluna əlillik dərəcəsinin təyin edilməsindən göndərişin natamam doldurulması (Əsas xəstəliyin ildə necə dəfə kəskinləşməsi barədə hec bir məlumat yoxdur) səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. X1 sisteminin “Əlillik” altsisteminin xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, Şəmizadə Ramazan Səxavət oğluna xx.xx.2023- cü il tarixdən müddətsiz orqanizm funksiyalarının 35 faiz həcmində pozulmasına görə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1,7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərann qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3- cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli N9356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əliliik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. Yuxarıda qeyd olunan müddəalara əsaslanaraq bildiririk ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə DTSERA) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin müəyyən edilən hallarına görə iddiaçıya əlillik xx.xx.2020-ci il tarixdən 3 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək təyin edilmiş, növbəti dəfə iddiaçının əlillik vəziyyətinə baxılaraq xx.xx.2023-cü il tarixdə “göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir. Bundan sonra İddiaçı övladının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə yenidən baxılmış, ona orqanizm funksiyalarının 35 faiz həcmində pozulması ilə əlillik təyin edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq 150 manat məbləğində sosial müavinət hesablanaraq ödənilməkdədir. İddiaçının hüquqi marağı əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən cavabdeh tərəfindən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa olunaraq ona ödənilməsi olsa da, Şəmizadə Ramazan Səxavət oğluna təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində fəaliyyət göstərən inzibati orqanın imtinası müvafiq qaydada mübahisələndirilməmişdir (Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-864/2023 nömrəli qərarının 25-30-cu bəndlərinə əsasən). Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Hesab edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirdi ki, mənim tələbim budur ki, uşağımın pensiyasın kəsiblər. Həmin dövrdə mən öz vəziyyətimlə əlaqədar olaraq kağız gətirə bilmədim. Yıxılmışdım, belim ayağım sınmışdı. 9 ay yataqda qaldım. Əvvəəl uşağa Hemofiliya xəstəliyi ilə əlaqədar olaraq pensiya kəsilmişdir. Mən kağız gətirə bilmədim deyə uşağın pensiyası kəsildi. Mən 7 ay dayə pulu ala bilmədim. Göyçayda işləyən Mahmud həkim, Elman həkim mənə bildirdilərki kağız gətirsən pensiyanı yenidən ala bilərsən.O iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçının oğluna 3 illik pensiya təyin edilmişdir. 2020-ci ilin mart ayının 12-də 3 illik olmaqla davam etdirilmişdir. Daha sonra isə müddəti bitmişdir. Ona görə ödəniş dayandırılmışdır. Bizdə də “Əlillərin hüquqları haqqında Arzərbaycan Respublikası Qanunun”da göstərilmişdir ki, əgər yenidən yoxlamadan sonra yenidən əlillik müəyyən olunarsa və 6 ay müddət ötməzsə həmin zaman aradakı aydan hesablanır, həmin dövrdə əlillik sayılır və ödəniş edilir. Lakin 6 ay keçdikdən sonra artıq yenidən əlilliyin bərpası məsələsinə baxılır, əgər yenidən əlillik müəyyən olunursa, artıq həmin dövrdən ödəniş edilir. İddiadan da 6 aydan artıq ötdüyünə görə həmin dövrləri bərpa etmək tərəfimizdən mümkün deyildir. Çünki əlillik mart ayında dayandırılıb,lakin iddiaçı yenidən noyabr ayında yenidən yoxlamadan sonra əlilliyi müəyyən edilib. İddianın təmin edilməməsini xahiş edirik. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

2. Ambulator Kitabçadan çıxarış.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti Əsaslandırma hissə:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. O, 13 mart 2003-cü il tarixdən 09 noyabr 2023-cü il tarixə kimi olan dövr üçün oğlu - Şəmizadə Ramazan Səxavət oğlunun sosial müavinətinin və uşağa qulluq edildiyi üçün Prezident təqaüdünün hesablanıb ödənilməsi tələbi ilə çıxış edir. Bununla bağlı inzibati orqana müraciət edilmiş və yuxarıda qeyd olunan cavab alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmizadə Ramazan Səxavət oğluna xx.xx.2020-ci il tarixdən ilkin olaraq 3 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək İİİ dərəcə əlillik təyin edilmişdir. X1 Sisteminin “Əlillik” altsisteminin xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, Şəmizadə Ramazan Səxavət oğluna əlillik dərəcəsinin təyin edilməsindən göndərişin natamam doldurulması (Əsas xəstəliyin ildə necə dəfə kəskinləşməsi barədə hec bir məlumat yoxdur) səbəbindən həkim komissiyası tərəfindən imtina edilmişdir. X1 sisteminin “Əlillik” altsisteminin xx.xx.2023-cü il tarixli müayinə çıxarışından görünür ki, Şəmizadə Ramazan Səxavət oğluna xx.xx.2023- cü il tarixdən müddətsiz orqanizm funksiyalarının 35 faiz həcmində pozulmasına görə əlillik təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2023cü il tarixdən cavabdeh tərəfindən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa olunaraq ödənilməsindən ibarətdir. Məhkəmə aşağıdakılara normalara əsasən iddianı əsaslı hesab etmir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qeyd olunan normalardan belə müəyyən olunur ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. Hazırkı halda iş üzrə müəyyən edilir ki, iddiaçının övladının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə yenidən baxılmış, ona orqanizm funksiyalarının 35 faiz həcmində pozulması ilə əlillik təyin edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq 150 manat məbləğində sosial müavinət hesablanaraq ödənilməkdədir. Şəmizadə Ramazan Səxavət oğluna təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində fəaliyyət göstərən inzibati orqanın imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Belə olan halda iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Qərara aldı:

İddia təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar