Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3143/2024 04.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı “mənzil verilməsinə köməklik göstərilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən iddiaçı Yevlax şəhərində Orta İnternat məktəbini bitirdikdən sonra hərbi xidmətə getdiyini,tərxis olunduqdan sonra mənzil növbəsində qeydiyyata alındığını bildirmişdir. Lakin,ona indiyə kimi mənzil verilmədiyindən mənzillə təmin olunmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi olaraq müraciət etdiyini,cavabdeh tərəfindən tələbinin icrasından imtina edildiyini bildirmişdir.İddiaçı məsələ ilə bağlı məkhəməyə müraciət etmişdir. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, təqdim edilən ərizədə iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək mənzillə təmin edilməsinə dair köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı gözdən əliliyi olduğu üçün mənzillə təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulub.
1. 2020-ci il yanvar ayının 1-dək imtiyazı yaranmış və 2023-cü il yanvar ayının 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;
2. Uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
3. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;
4. Azərbaycan Respublikasının “X2” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri;
5. 16 avqust 2021-ci il tarixinə kimi Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində uçota alınmış gözdən əlilliyi olan şəxslər, habelə qeyd edilən tarixədək uçota alınmış uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları. Hazırda iddiaçının mənzil uçotunda olması iş materiallarına əsasən təsdiq olunmur.Odur ki,iddiaçı ilkin olaraq müvafiq icra hakimiyyətində mənzil növbəsinə qeydiyyata alınmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; 46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; 46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; 46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; 46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddia ərizəsi yuxarıda qeyd olunan mümkünlük şərtlərinə cavab vermir.İddiaçıya mümkünlük şərtlərinə əməl etməklə hüquqi marağının aydın ifadə olunduğu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1,16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı “mənzil verilməsinə köməklik göstərilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə