Məhkəmə qərarları › İş №2-1(116)-3155/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3155/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3155/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinə qarşı “X1 cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi məqsədilə Azərbaycana gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X3 cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi məqsədilə Azərbaycana gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, iddiaçının oğlu-X2 Federasiyası ərazisində Astarxan şəhərinin Lenin rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum edilmişdir. O, cəzasının 8 il 4 aydan artıq hissəsini qərib ölkədə çəkmişdir. İddiaçı oğlunun cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi üçün həm Rusiya həm Azərbaycan rəsmilərinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də eyni tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 12 avqust 2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı X3 cəzaçəkən qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi məqsədilə ölkəyə gətirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat” Qaydalarında məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edilmişdir. Həmin Qaydalara əsasən : 2.5. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinə (bundan sonra – Baş idarə) ünvanlanır. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. Baş idarə Cəzaların icrasına nəzarət baş idarəsinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. 3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq Baş idarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. 4.1. Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. 4.2. Baş idarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinə qarşı “X3 cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi məqsədilə Azərbaycana gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar