Məhkəmə qərarları › İş №2-1(116)-316/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-316/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-316/2021 19.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı “Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayonu, Daşüz Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 09 saylı iclasında 15 il müddətinə İddiaçı2 illik icarə haqqı 94 manat olmaqla 4.62 ha və İddiaçı1 illik icarə haqqı 805 manat olmaqla 40 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Qərarın verilməsi üçün əsas xx.xx.2020 və xx.xx.2020ci il tarixlərdə keçirilən hərraclar olmuşdur. Hərracların qalibləri müvafiq olaraq İddiaçı2 və İddiaçı1 olmuşlar. Daha sonra qanunvericiliyin tələb etdiyi şəkildə həmin şəxslərə torpaq sahələrinin icrayə verilməsi barədə X14 Xidmət Mərkəzinin Notariat Ofisində müqavilələr bağlanaraq notariat qaydasında təsdiqlənmişdir. Həmin müqavilələr İddiaçı1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmışdır. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Daşüz Bələdiyyəsinin sənədləri inzibati nəzarət qaydasında yoxlanılaraq torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi təklif edilmişdir. Şəki rayonu X9 Regional Ədliyyə İdarəsinin təkliflərini müzakirəyə çıxararaq xx.xx.2020-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2020-ci il tarixli 14 saylı iclasında xx.xx.2020-ci il tarixli 03 saylı iclasının gündəliyində olan ikinci məsələ üzrə 40 ha və 4.62 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarlarını ləğv etmişdir. Şəki Regional Ədliyyə İdarəsi eyni zamanda Daşüz Bələdiyyəsinə müraciət edərək keçirilmiş hərracların protokolları üzrə qəbul edilmiş qərarların və şəhadətnamələrin etibarsız hesab edilməsi və icarə müqavilələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi zərurətini bildirmişdir. Lakin Bələdiyyə məhkəməyə müraciət etməkdən imtina etdiyi üçün Şəki Regional Ədliyyə İdarəsi həmin tələblə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki rayonu, Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarları iddiaçılara elan edilməmiş və rəsmi qaydada təqdim edilməmişdir. Şəki Rayon Məhkəməsində iddia tələbinə baxılarkən hazırkı iş üzrə iddiaçılar belə bir qərarların mövcudluğundan xəbərdar olmuşlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şəki rayonu, Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən edilir ki, 1.Daşüz bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarından 40.0 ha örüş torpaq sahəsinin müsabiqəyə çıxarılması; 2.qeyd olunan torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki rayonu Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokolunun surətindən müəyyən edilir ki, İddiaçı2 maldarlıqla məşğul olmaq üçün 15 il müddətinə 4.62 ha, İddiaçı1 isə 40.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışın surətindən müəyyən edilir ki, İddiaçı1 40.0 ha torpaq sahəsi 15 il müddətinə, hər ili üçün 805 manat olmaqla icarəyə verilmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 12 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubların müzakirəsi bələdiyyədə aparılmışdır. İdarə tərəfindən bələdiyyənin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokolunda olan aktlara inzibati nəzarət qaydasında baxılmışdır. Məlum olmuşdur ki, torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəblə də X9 Regional Ədliyyə İdarəsinin məktublarını nəzərə alaraq hazırkı iş üzrə sözügedən torpaq sahələrinin iddiaçılara icarəyə verilməsi ilə bağlı qərarların ləğv edilməsini qərara almışdır. Bundan başqa Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki Regional Ədliyyə İdarəsinin tövsiyyə xarakterli məktubunu nəzərə alaraq bələdiyyə xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolunda olan ikinci məsələ (torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi) ilə əlaqədar vermiş olduğu qərarın ləğv edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 4.62 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 4.62 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 156 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı2 olmuşdur. Bundan sonra ona 4.62 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011593 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı2 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (94.0 manat) bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 40.0 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 40.0 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 186 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı1 olmuşdur. Bundan sonra ona 40 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011701 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı1 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (805.0 manat) bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan həmin iş üzrə iddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, X14 Xidmət Mərkəzinin notariat ofisi, İddiaçı2 və İddiaçı1 qarşı Şəki Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin surətindən görünür ki, bələdiyyənin xx.xx.2020-ci il tarixli, 03 saylı iclasında iştirak etdikləri qeyd edilən 9 nəfər bələdiyyə üzvündən 5-dən izahat alınmışdır. Onlar izahatlarında qeyd olunan iclasda iştirak etmədiklərini bildirmiş və bu barədə məlumatlarının olmadığını qeyd etmişlər. Nəticədə bələdiyyə yetər say olmadan iclas keçirərək qərar qəbul etmişdir. Bu səbəblərə görə İdarə məhkəmədən Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 156 nömrəli və xx.xx.2020-ci il tarixli, 186 nömrəli iclas protokolları üzrə qərarlarının ləğv edilməsini, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 011701 nömrəli və AM seriyalı, 011593 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsini, bələdiyyə ilə İddiaçı2 arasında xx.xx.2020-ci il tarixdə və bələdiyyə ilə İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin bələdiyyə üzvləri X2, X7, X5, X8 və X3 Şəki Regional Ədliyyə İdarəsinə verdikləri izahatlardan müəyyən edilir ki, adları qeyd olunan bələdiyyə üzvləri Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı və xx.xx.2020-ci il tarixli 09 saylı iclaslarında iştirak etməmiş və iclas barədə onların məlumatları olmamışdır. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçılar mübahisələndirilən bələdiyyə qərarları haqqında məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddian mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər. Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. İddiaçıların ləğvini tələb etdiyi bələdiyyə qərarları yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, iddiaçılara torpaq sahələrinin verilməsi barədə olan qərarlar bələdiyyənin beş üzvünün xəbəri olmadan qəbul olunmuş, bələdiyyə yetər say olmadan iclas keçirərək qərar qəbul etmişdir. İnzibati nəzarət orqanı tərəfindən qeyd olunan nöqsan müəyyən olunmuş, bələdiyyəyə torpaq ayrılması barədə qərarların ləğv edilməsi təklif olunmuş, bələdiyyə də müvafiq olaraq mübahisələndirilən qərarları ilə səlahiyyətsiz iclasda verilmiş qərarları ləğv etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılara torpaq sahələrinin icarəyə verilməsi barədə qərarlar səlahiyyətsiz iclasda verildiyi üçün ayrıca olaraq ümumiyyətlə torpaq sahələrinin ayrılması barədə digər məsələlərə qiymət verilməsinə ehtiyac qalmamışdır. Qərarların ləğvi barədə iddia təmin olunmadığı üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi hissəsində də iddia təmin edilə bilməz. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyəsinə qarşı “Şəki rayonu, Daşüz bələdiyyəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli iclas qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar