Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-317/2024 07.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A 249151 №-li “Torpaq sahəsinin plan və ölçü sənədi”nin cizgisinə uyğun olaraq 0,2964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə A seriyalı 249151 nömrə ilə Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında adına işlənmiş, ünvan 1ində yerləşən ümumi sahəsi 0,3073 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “İddiaçı Seyidməhəmməd oğlunun adına tərtib edilmiş A seriyalı 249151 nömrə ilə Torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan 0,3073 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgi sərhədlərinə uyğun yeni plan və ölçü sənədinin verilməsi, üçüncü şəxs X6 adına hüquqların dövlət reyestrində qeydə alınmış çıxarış sənədinə əsasən 0,221 ha torpaq sahəsinin 0,3073 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgi sərhədləri ilə üst-üstə düşən hissədə ləğv edilməsi və 0,3073 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-317/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-317/2024 nömrəli qərardadı ilə iddia tələbinin “X6 adına 0,221 ha torpaq sahəsinə dair tərtib edilmiş çıxarışın 0,3073 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və üst-üstə düşən 0,0109 ha torpaq sahəsi üzərində A 249151 №-li “Torpaq sahəsinin plan və ölçü sənədi”nin cizgisinə uyğun olaraq ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 saylı qərarı ilə İddiaçı Zaqatala rayonu Muxax kəndindən ümumi sahəsi 0,3073 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə A seriyalı 249151 nömrə ilə Torpaq sahəsinin planı və ölçüsü sənədi 2160 nömrə ilə uçota alınmışdır. Adına işlənmiş, A seriyalı 249151 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh orqan Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 saylı qərarı əsasında adına işlənmiş, A seriyalı 249151 nömrə ilə Torpaq sahəsinin planı və ölçüsü sənədi olduğu halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinin tələblərini pozaraq, Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi sahəsi 0,3073 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan-ölçüsü sənədi və çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2167/2023 nömrəli imtina məktubunda göstərilir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, Zaqatala rayonu Muxax kəndində yerləşən ümumi sahəsi 0,3073 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi sənəd üzrə sahədən 0,0109 ha azdır. Bu səbəbdən cavabdeh inzibati orqan adıına 0,2964 ha torpaq sahəsini Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Nurayev X1 rayonu, Muxax kəndi ünvanında yerləşən 0,3073 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. Ərizələrin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, torpaq sahəsi sənəd üzrə sahədən 0,0109 ha azdır. Buna görə də onun ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********70 nömrəli və xx.xx.2023cü il tarixli, 3-21-3-47/2-2167/2023 (**********67) məktublar ünvanlanmışdır. Bunda sonra, iddiaçı hazırki iddia tələbində göstərilən eyni iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1 (116)- 896/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının cavabdeh orqana ilkin müraciəti ünvan 1i ünvanında yerləşən 0,3073 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə olmuşdur. - A 249151 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarına əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 3073 kv.metr torpaq sahəsi ilə bağlı İddiaçı Seydəhməd oğlunun adına tərtib edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4108/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən aşağıdakılar qeyd edilmişdir:
1. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.3564 hektardır.
2. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kənarları qapalıdır və mərz nişanları ilə qonşu torpaq sahələrindən ayrılmışdır.
3. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi A 249151 nömrəli plan-ölçü sənədindəki cizgiləri TEKUİS məlumat bazasındakı ölçülərə uyğun gəlmir. Konfiqurasiya fərqləri tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir.
4. A 249151 nömrəli plan-ölçü sənədinin yeni elektron baza məlumatlarına əsasən ölçüsü 0,1390 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir, iddia olunan torpaq sahəsinin faktiki istifadəçisi və mülkiyyətçisi İddiaçıdur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. (Plan-2)
5. iddiaçının faktiki istifadəsində olan 0.3564 ha torpaq sahəsinin A 249151 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən 0,3073 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi, A 246508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən 599.55 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahədir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üs-üstə düşmür.
6. A 249151 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin ölçüsünün 0.0109 ha azalması səbəbi həmən plan-ölçü sənədi naturadakı fiziki sərhədlər daxilində istifadə vəziyyətinə uyğun ölçüdə tərtib edilməməsi olmuşdur. (Plan-3)
7. A 249151 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,3073 ha torpaq sahəsinin azalmasına məruz qalmış 0.0109 hissəsi ilə bağlı bildirilir ki, plan-ölçü sənədi naturadakı fiziki sərhədlər daxilində istifadə vəziyyətinə uyğun ölçüdə tərtib edilmədiyinə görə iddia olunan 0.3073 ha torpaq sahəsinin 0.0109 hissəsinin naturada yerləşmə vəziyyətini müəyyən etmək olmamışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarı ilə təsdiq edilmiş Zaqatala rayonun sabiq “Muxax” kolxozunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə aparılmış hesabatın yekun cədvəlindən görünür ki, İddiaçı adının qarşısında “faktiki həyətyanı torpaq sahəsi” qrafasında 0,37 ha torpaq sahəsi, “qanuni həyətyanı torpaq sahəsi” qrafasında 0,06 ha torpaq sahəsi, “torpaq pay norması” qrafasında-0,22 ha, “cəmi torpaq payı” qrafasında 0,88,”həyətyanı bağ artığı” qrafasında - 0,49 ha ,”əkin sahəsindən veriləcək torpaq sahəsi və işlənmiş əkin sahəsi” qrafasında 0,39 ha (0,18 ha) olması qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarı əsasında tərtib edilmiş A seriyalı 249151 nömrə ilə Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0,3073 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, cavabdeh orqana ilkin müraciətində ünvan 1i ünvanında yerləşən 0,3073 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdehlə iddiaçı arasında mübahisənin yaranmasına səbəb iddiaçının faktiki istifadəsinə olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə (A249151) torpaq sahəsindən 109 kv.m. az olması ilə bağlıdır. Cavabdeh orqan faktik istifadə edilən ölçüyə - yəni 0,2964 ha torpaq sahəsinə münasibətdə müraciət olunacağı halda məsələyə yenidən baxılacağını bildirmişdir. Bununla belə məhkəmə hesab edir ki, cavabdeh orqanın 0,2964 ha torpaq sahəsinə münasibətdə məsələyə yenidən baxılacağı ilə bağlı mövqeyi iddiaçının müraciətinin birmənalı olaraq təmin edilməsinə yönəlməmişdir. Belə ki, cavabdeh orqanın imtinasının başlıca dəlili torpaq sahəsinin faktiki ölçüsünün azalmaya məruz qalması ilə bağlı olsa da, təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, A 249151 nömrəli plan-ölçü sənədinin yeni elektron baza məlumatlarına əsasən ölçüsü 0,1390 ha qeyd edilmişdir. Odur ki, məhkəmə iddia olunan torpaq sahəsi ilə bağlı (0,2964 ha) mübahisənin mövcud olması qənaətinə gələrək mübahisəyə mahiyyəti üzrə baxmışdır. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxsləri sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən etmişdir. Sözügedən Qanun xx.xx.1996-cı ildə qəbul edilmiş, xx.xx.1997-ci ildə dərc olunmuşdur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. Hazırkı işin halları ilə müəyyən edilir ki, Zaqatala rayonu “Muxax” kolxozunda torpaq islahatı aparılan zaman Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə (X7, X2, X5) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi ayrılmış və sözügedən torpaq sahəsinə dair A249151 nömrəli plan-ölçü sənədi tərtib edilmiş və torpaq sahəsinin ölçüsü qeyd edilmişdir. İstinad olunan Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı inzibati akt olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş anlamda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sözügedən plan-ölçü sənədinin yeni elektron uçot məlumatlarında (TEKUİS) hansı səbəbdən 0,1390 qeyd edilməsi cavabdeh orqan tərəfindən əsaslandırılmamışdır. İş materiallarından görünür ki, ərazidə qismən konfiqurasiya fərqləri olsa da, faktiki olaraq iddiaçı, ilkin plan-ölçü sənədində göstərilən torpaq sahəsindən istifadə edir. İddiaçının faktiki istifadəsində olan ümumi torpaq sahəsinin ölçüsü 3564 kv.m-dir. Həmin torpaq sahəsinin 599,55 kv.m hissəsi yaşayış məntəqələri torpaqlarıdır. Odur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar həmin torpaq sahəsi hesabına tamamlana bilməz. Buna görə də məhkəmə hesab edir ki, 599,55 kv.m yaşayış məntəqələri torpaqları nəzərə alınmadan iddiaçının faktiki istifadəsində olan 0,2964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A 249151 №-li “Torpaq sahəsinin plan və ölçü sənədi”nin cizgisinə uyğun olaraq 0,2964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.